Fransa qəzeti Nizami Gəncəvidən yazdı

Fransa qəzeti Nizami Gəncəvidən yazdı
  09 Yanvar 2014    Oxunub:1542
Elzas regionunun ən nüfuzlu mətbuat orqanlarından biri olan «Elzasın Son Xəbərləri» qəzetində jurnalist Jürgen Thone tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş və Strasburqun tarixi Reyn sarayında («Palais du Rhin») təqdim olunan sərgiyə dair « Dahi Nizami Gəncəvi » başlıqlı məqalə çap olunub. Bu barədə Azvision.az saytına çərşənbə günü Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyindən məlumat verilib.

Yazının orijinalı ilə BURADA tanış olmaq olar.

Jurnalist məqalədə «XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209) adlı sərginin Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunduğunu qeyd edir, sərgi zalında şairin «Xəmsə»sinin motivləri əsasında çəkilmiş illüstrasiyaları əks etdirən xalçaların, habelə o dövrün gündəlik məişət əşyalarının, gümüş məmulatların və fiqurların, şairin yaşadığı Gəncə şəhərinin qədim görüntülərinin və müasir fotolarının nümayiş etdirildiyini diqqətə çatdırır.

N.Gəncəvinin yaradıcılığının heyrətamiz müasirliyini qeyd edən məqalə müəllifi hələ XII əsrdə azadlıq, bərabərlik, qardaşlıq, dini azadlıq və.s. kimi dəyərlərin onun əsərlərinin əsas mövzularından biri olduğunu vurğulayır.

«N.Gəncəvinin əsərlərində ifadə olunan mənəvi dəyərlər Azərbaycan xalqının milli kimliyinin tərkib hissəsini təşkil edir. Onun yaradıcılığı bizim düşüncə tərzi və mənəvi konseptlərimizi çox yaxşı ehtiva edir», - deyə məqalədə Daimi nümayəndəliyinin mədəniyyət işləri üzrə əməkdaşı Azər Məhərrəmliyə istinadən qeyd edilir.

Məqalədə habelə qeyd edilir ki, əsrlərdən süzülüb gələn bu düşüncə tərzinin nəticəsi olaraq, Azərbaycanda gender bərabərliyi Konstitusiyada təsbit olunmuşdu və Azərbaycan müsəlman Şərqinin ilk ölkəsi idi ki, qadınlara seçki hüququ vermişdi.

Bundan əlavə, müəllif N. Gəncəvi yaradıcılığının Azərbaycanın istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunduğunu diqqətə çatdırır, onun əlyazmasının bir nüsxəsinin Strasburq Mərkəzi kitabxanasında saxlandığı və əsərlərinin bir çox xarici dillərə, o cümlədən fransız dilinə tərcümə olunduğu haqqında məlumat verir.

«Sərgiyə gələn insanları heyrətləndirən əsas məqam N.Gəncəvi yaradıcılığının müasirliyidir. Bu, Azərbaycanın qədim İpək yolunun üzrəində yerləşməsi ilə də bağlıdır. Çünki həmin yolla Şərqlə Qərb arasında müsiqi, fəlsəfi ideyalar və ədəbi əsərlər mübadilə olunmuşdur»,- deyə məqalədə vurğulanır.

«Bir çox dahi Avropa şair və yazıçıları N.Gəncəvinin ölümündən sonra onun əsrlərindən bəhrələniblər. Onun tək bircə ifadəsi İpək yolunun ruhunu tam mənası ilə ifadə edir: «Bizim qapımız bütün insanlara və mədəniyyətlərə okean kimi açıqdır». Müxtəlif mədəniyyətlərə mənsub olan insanların təmaslarına imkan verən hazırkı qloballaşma dövründə bu sözlər dərin müasirliyi və aktuallığı ilə seçilir.

Daha sonra məqalədə deyilir ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədi ölkəmizi dünyada tanıtdırmaqla yanaşı, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfəni də diqqətə çatdırmaqdır».

AzVision.az



Teqlər:  





Xəbər lenti