Türkmənistan prezidenti Rəqsanənin mahnısını oxudu - VİDEO
AzVision.az Oxu.Az-a istinadən məlumat verir ki, dicey pultu arxasında əyləşən Berdımuhəmmədov türkmən dilində bir neçə mahnı ifa edib. Onların arasında isə azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın mahnısı da olub.
Əsas vokalçılar, estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev bu zaman konsert zalında olublar. Prezident isə ayrıca studiyada pult arxasında əyləşib və mahnını oxuyub.
Rəqsanənin “İnanımmı” mahnısı sayca ikinci səslənir.
Qeyd edək ki, video zalda böyük ekran vasitəsilə yayımlanıb və zalda olan tamaşaçılar prezidentdən belə hədiyyəni heyranlıqla qəbul ediblər.
Xəbərdən hali olan müğənni Rəqsanə İsmayılova Trend-ə münasibət bildirib: "Bu, mənim üçün əsl sürpriz oldu. Ötən ilin son günləri açıqlama vermişdim ki, 2014 mənim ilim olacaq. Təqvim başlayan kimi bu özünü göstərdi. Bir dövlətin rəhbərinin mənim mahnımı oxuması mənim üçün şərəfdir. Bu, Azərbaycan şou-biznesində öz dəsti-xəttimin olmağı deməkdir. Ölkə rəhbəri yəqin mənim ifamı eşidib, bəyənib və ifa edib. Bununla ancaq fəxr etmək lazımdır".
Sonda Rəqsanə belə bir misal çəkib: "Nənəm rəhmətlik deyirdi ki, yuxuda dövlət başçısı görmək arzularının çin olması deməkdir. Mən yuxudan əvvəl həqiqəti gördüm. Deməli, bu il bütün uğurlar mənimdir. Məni təbrik edən jurnalistlərə təşəkkürümü bildirirəm".
Həmin videogörüntünü təqdim edirik və 4:28-ci saniyədə Rəqsanənin sözügedən mahnısını dinləyə bilərsiniz: