Hakimiyyət NDI-a qiymət verəcək
Bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Mətbuatda bəzi QHT-lərin, o cümlədən ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı yazılar gedib, faktlar mövcuddur. Bu faktların real, həqiqətəuyğun olub-olmadığı Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaq. Yəni biz mətbuatda gedən hər bir məlumata diqqətlə yanaşırıq, istər hakimiyyətlə, istər cəmiyyətlə, istər Azərbaycan dövləti ilə bağlı olsun, istərsə də Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, QHT-lərin fəaliyyəti ilə bağlı olsun. Mətbuatda məlumat gedibsə, o araşdırılmalıdır", - Həsənov bildirib.
PA rəsmisi deyib ki, heç bir beynəlxalq qurum, QHT Azərbaycana təzyiq göstərə bilməz.
"Əlbəttə, cəhdlər olur, hakimiyyətin bu və ya digər qərarlarına, Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasətə, onun Cənubi Qafqazda reallaşdırdığı transmilli layihələrə, onun təhlükəsizlik siyasətinə, enerji siyasətinə, xarici partnyorlarla ikitərəfli və çoxtərəfli münasibətlərinə qarşı müxalif mövqe nümayiş etdirən dövlətlər, QHT-lər və hökumətlərarası təşkilatlar olur. Əlbəttə, biz bütün bu təşkilatların Azərbaycana ünvanladığı tövsiyə, təzyiq və təsirlərə Azərbaycan xalqının, dövlətinin milli maraqları çərçivəsində yanaşırıq, bizim maraqlarla üst-üstə düşənlərə "hə" deyirik, bizim maraqlara uyğun olanlarla əməkdaşlıq edirik, uyğun gəlməyənləri sadəcə olaraq qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur", - Əli Həsənov qeyd edib.
Qeyd edək ki, bəzi KİV-də ABŞ Milli Demokratiya İnstitutu tərəfindən Azərbaycanda "Facebook" sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar ayrıldığı barədə məlumat yayılıb.
Teqlər: