Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət mexanizmləri – TƏHLİL

   Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət mexanizmləri –    TƏHLİL
  22 May 2020    Oxunub:19765
Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir. Bu sahədə həyata keçirilən tədbirlər sistemli xarakter daşıyır, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bütün mexanizmlər mövcuddur.
Təkmil qanunvericilik bazası, ixtisaslaşmış qurumların səmərəli fəaliyyəti, elektron hökumət infrastrukturu, ASAN Xidmət modeli, əməkhaqlarının artırılması, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq bu sahədə əldə etdiyimiz uğurlardandır. Əlbəttə bütün bu uğurular güclü siyasi iradə ilə bağlıdır.

Korrupsiyanın qarşısının alınmasında ən vacib alətlərdən biri də ictimai nəzarət mexanizmləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa və İmişlinin yeni icra başçılarını qəbul edərkən korrupsiyaya qarşı mübarizəyə geniş ictimaiyyətin də cəlb edilməsi barədə tapşırıq verdi.

Dövlət idarəetməsində şəffaflığın təmin olunmasında ictimai nəzarətin nə qədər mühüm rola malik olması dövlət başçısının çıxışlarında hər zaman vurğulanıb. Bu sahədə dəqiq mexanizmlər, aydın məqsədlər mövcuddur və bütün bunlar çevik idarəetmə modelinin tərkib hissəsidir. Ölkə başçısının birbaşa tapşırıqları var ki, insanları narahat edən bütün məsələlər, nöqsan və problemlər açıq şəkildə deyilməli və qısa zamanda həllini tapmalıdır. Həmin problemlərin araşdırılması və həlli yollarının tapılmasında isə vəzifəli şəxslər proaktiv yanaşma göstərməlidirlər.

Dövlət qurumunun rəhbərinin ən böyük siyasi kapitalı həmin şəxsə ölkə başçısının göstərdiyi etimaddır. Bu siyasi kapitalın məqsədi də məhz vətəndaşlara xidmətdir. Rəhbər şəxs bu siyasi kapital vasitəsi ilə ictimai etimadı qazanmalıdır. Hesab edirəm ki, vətəndaşa xidmət ölkə başçısına olan sədaqətdir. Bəzi hallarda vəzifəli şəxslər bu etimaddan şəxsi maraqlar üçün istifadə edir, nəticəsi də göz qabağındadır. Ölkə başçısının qətiyyətli siyasi iradəsi nəticəsində korrupsioner məmurlar vəzifələrindən uzaqlaşdırılır və cəzalandırılır. Bütün bunlar açıq şəkildə, cəmiyyətin gözü qarşısında baş verir.

İctimai nəzarət necə olmalıdır?

İctimai şuralar ictimai nəzarət mexanizmlərinin ən vacib formalarından biridir. İctimai şuralarının xüsusi əhəmiyyətinin isə bir neçə səbəbi var.

Birincisi, ictimai iştirakçılıq demokratik idarəetmənin tərkib hissəsidir, dövlət qurumu və vətəndaş arasında kommunikasıyanın effektiv modelidir. Bu cür kommunikasiya modeli vətəndaşları narahat edən problemləri dəqiqliklə müəyyən edir, eyni zamanda dövlət qurumlarına etimadı artırır.

İkincisi, vətəndaşların mərkəzi və yerli icra hakimiyyəti orqanları səviyyəsində qərarların qəbulunda və icrasında iştirakını təmin edir. Bu cür idarəetmədə isə qəbul edilmiş qərarların məsuliyyətini təkcə dövlət qurumları deyil, eyni zamanda vətəndaşlar da daşıyır. Bu isə vətəndaşları daha məsuliyyətli edir, idarəetmədə baş verən proseslərə münasibətdə daha anlayışlı edir. Ona görə də dövlət qurumlarının özləri bu cür idarəetmə və kommunikasiya modelinə maraqlı olmalıdır.

İctimai şuralarla bağlı müsbət modelllər mövcuddur, misal üçün Miqrasiya Xidməti, ASAN Xidmət, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Lakin əksər dövlət qurumlarının yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyəti təəssüf ki, formal xarakter daşıyır. Bunun iki səbəbi var: birincisi bəzi dövlət qurumlarının rəhbərlərinin bu sahədə siyasi iradəsi, marağı olmur, ikincisi həmin rəhbərlər ictimai şuralara öz peşəkarlığı və ya ictimai nüfuzu olmayan şəxsləri cəlb edirlər, üçüncüsü isə ictimai şuraların effektiv fəaliyyəti təmin edilmir.

İctimai şuraların fəaliyyəti necə təşkil edilməlidir?

Hesab edirəm ki, ilkin olaraq ictimai nüfuzu olan, vətəndaşların problemlərini bilən və peşəkarlığı ilə seçilən şəxslər ictimai şuraların fəaliyyətinə obyektiv meyarlar əsasında cəlb edilməlidir. Daha sonra dövlət qurumlarının rəhbərləri proaktiv yanaşma göstərməlidir. İctimai şuraların fəaliyyəti üçün zəruri olan texniki və təşkilatı resurslar təmin edilməldir. İctima şuraların üzvləri dövlət qurumlarının fəaliyyəti ilə bağlı məlumatlara malik olmalı və dövlət qurumlarının inzibati binalarına birbaşa çıxışı olmalıdır.

İctimai şuraların iclasları mütəmadi olmalı, iclaslarda problemlər açıq-aydın səsləndirilməlidir. Problemlərin həlli istiqamətdində vahid niyyət olmalı və bütün səylər birlkəşdirilməlidir.

Digər vacib element isə budur ki, bütün dövlət qurumları ildə 2 dəfə ictimai hesabat verməlidir. Xüsusilə regionalarda yerli icra başçıları, böyük zallarda, yüzlərlə vətəndaşın və ictimai şuraların üzvlərinin iştirakı ilə hesabat xarakterli tədbirlər keçirməlidir. Dövlət qurumlarının fəaliyyətini isə vəzifəli şəxslər deyil, ictimai şuraların üzvləri müdafiə etməlidir.

Könüllülər ictimai nəzarəti necə təşkil edə bilər?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb. Hazırda Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. Təxminən 30 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir.

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə qeyd edib ki, könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Cənab Prezident tövsiyə edib ki, dövlət qurumları, o cümlədən özəl sektor da fəaliyyətinə könüllüləri cəlb etsin. Birincisi, bu siyasət gənclərin şəxsi bilik və bacarıqlarının inkişafına töhfə verir.

Hesab edirəm ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Müasir düşüncəli, dövlətinə, xalqına bağlı, yüksək təhsil görmüş gənclərin isə ölkəmizin hərtərəfli inkişafında çox böyük rolu var. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclər olub. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur, idmanda böyük qələbələr qazanırlar.

Gənclərin inkişafına dövlət qurumları da öz töhfəsini verməlidir. Onların peşəkarlığını və fəaliyyətini nəzərə alaraq önə çəkməlidir.

Gənclərin önə çəkilməsinə ən böyük nümunəni cənab Prezident göstərir.

Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifələrinə sonuncu təyinatlar, Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən gənc deputatlar, bütün bunlar ölkə başçısı tərəfindən gənclərə olan diqqətin, eyni zamanda etimadın ən böyük təzahürüdür. Bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər, onun siyasi kursunu tam dəstəkləyirlər. Gənclərin ölkə başçısına böyük rəğbəti var. Onun hər bir çıxışı gənclərdə ruh yüksəkliyi yaradır. Dövlət qurumları da ölkə başçısının göstərdiyi nümunədən nəticə çıxarılmalıdır.

Hesab edirəm ki, könüllülərin dövlət qurumlarının fəaliyyətinə cəlb edilməsi, ictimai nəzarət imkanlarını da genişləndirir. Həm də könüllülər həmin dövlət qurumunun xoşməramlı səfirinə çevrilir. Fəaliyyətinə könüllü və gəncləri cəlb etmiş dövlət qurumlarının müsbət imici var. Misal üçün ASAN Xidmətdə işləyənlərin böyük əksəriyyəti gənclərdir, könüllülərdir. Təsadüfi deyil ki, ASAN Xidmətin cəmiyyətdə belə yüksək imicinin səbəblərindən biri də məhz elə həmin könüllülərdir.

Yekun olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizədə siyasi iradəsi qətiyyətlidir və vəzifəli şəxslər qarşısında qoyduğu tələblər də aydındır. Hər bir vəzifəli şəxs siyasi idarəetməni təmsil edir. Həmin rəhbər şəxslərə siyasi etimadla yanaşı, böyük resurslar da həvalə edilir. Ona görə vəzifəli şəxs fəaliyyətində həmişə dövlət maraqlarını şəxsi maraqlarından üstün tutmalı, vətəndaşlarla düzgün kommunikasiya modeli seçməli, onları narahat edən problemlərin həllinə nail olmalı, dövlət qurumuna, siyasi idarəetməyə olan ictimai etimadı daha da gücləndirməlidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
deputat Kamal Cəfərov

Azvision.az üçün


Teqlər: Deputat   Kamal-Cəfərov   Korrupsiya   Mübarizə  





Xəbər lenti