Hüquqi məğlubiyyət: Erməni təbliğatı Avropa Məhkəməsində keçmədi – TƏHLİL

      Hüquqi məğlubiyyət:    Erməni təbliğatı Avropa Məhkəməsində keçmədi –    TƏHLİL
  27 May 2020    Oxunub:25017
Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə mayın 26-da qəbul etdiyi qərar əslində Ermənistanın xeyli müddətdir bu istiqamətdə göstərdiyi səylərin iflası sayıla bilər.
Bu iş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürülməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar onların qohumları tərəfindən Avropa Məhkəməsinə verilmiş şikayətə əsaslanırdı. Avropa Məhkəməsinin qərarında göstərilir ki, İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələri pozulub.

Amma ermənilərin əsas iddia və tələblərindən biri bu idi ki, Ramil Səfərovun əməli Azərbaycan dövlətinə aiddir (attributable) və buna görə beynəlxalq səviyyədə hüquq pozuntusuna görə məsuliyyəti Azərbaycan hökuməti daşımalıdır. Avropa Məhkəməsi bu iddianı rədd edib; Onun gəldiyi nəticəyə görə, Ramil Səfərov əməlini törədərkən fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Azərbaycan Hökuməti Ramil Səfərova qeyd edilən əməlləri törətmək əmrini verməyib və buna görə də, Konvensiyanın 2-ci maddəsini pozmayıb, demək, beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

Qərarda göstərilir ki, Azərbaycan hökuməti 2004-cu ildə baş vermiş əməli qəbul etmir və ona hər hansı şəkildə bəraət qazandırmağa çalışmır. Bu işə vaxtilə Macarıstan məhkəməsi tərəfindən baxılıb və məhkum edilmiş şəxs də əməlinə görə kifayət qədər uzun müddət ərzində cəzasını çəkib.

Halbuki, indiyə qədər Ermənistanın bütün siyasi-ictimai dairələri və mediası həmin hadisənin məsuliyyətinin məhz Azərbaycan hökumətinin üzərinə qoyulmasına çalışrdı. Avropa Məhkəməsi onların bu cəhdlərini puça çıxarmaqla göstərdi ki, erməni təbliğatının Azərbaycan hökumətinə ünvanlandığı qarayaxmaların heç bir əsası yoxdur.

Digər vacib məqam odur ki, qərarda məhkəmə xərclərinə görə Böyük Britaniyalı vəkillərə kompensasiya istisna edilməklə, hər hansı maddi və ya mənəvi ziyana görə təzminat da nəzərdə tutulmayıb.

Məhkəmə Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyinin qoyulmasını məqsədəuyğun saymayıb, cavabdeh dövlətin Nazirlər Komitəsinin nəzarəti altında tədbirlərin görülməsi öhdəliyini və Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq, məhkəmə qərarının icrası üçün vasitələri seçmək azadlığına və səlahiyyətinə malik olduğunu qeyd edib.

Beləliklə, nəzərə alsaq ki, Ermənistanın əsas niyyəti məsuliyyətin Azərbaycan Hökumətinin üzərinə qoyulması, Ramil Səfərovla bağlı əfv fərmanının ləğvi və işin yenidən açılması idi, göründüyü kimi, Avropa Məhkəməsinin qərarı onların məğlubiyyətidir.

Ermənistan bu hadisəni təhrif etmək və fərqli istiqamətdə yozmaqla, beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızın davam edən qanunsuz işğalı və dinc əhalimizin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Bu gün regionun həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının əsasında məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində köklənmiş ifrat düşmənçilik siyasəti dayanır.

Ermənistan əgər həqiqətən insan hüquq və azadlıqlarına bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Bu mənada, Avropa Məhkəməsinin hələ 2015-ci ildə çıxardığı və Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit etdiyi “Çıraqov işi” üzrə qərarın icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nəsə tələblər etməyə heç bir mənəvi haqqı yoxdur.

Azvision.az


Teqlər: Ramil-Səfərov   Avropa-Məhkəməsi  





Xəbər lenti