Sosial şəbəkələrin hüquqi tənzimlənməsində Almaniya təcrübəsi - TƏHLİL

   Sosial şəbəkələrin hüquqi tənzimlənməsində Almaniya təcrübəsi -    TƏHLİL
  03 İyun 2020    Oxunub:19728
Almaniyada sosial şəbəkələrlə bağlı müzakirələr, sosial şəbəkə operatorları qarşısında öhdəlik qoyulması məsələsi hələ 2017-ci ildə başlamışdı və "Sosial şəbəkənin mühafizəsi haqqında qanun” qəbul edilmişdi. Bu "Facebook"la Almaniya hökuməti arasında 14 ay davam edən uzun müzakirələrdən, danışıqlardan sonra mümkün oldu. Almaniya hələ o vaxt anlayırdı ki, sosial şəbəkələrdə hüquq və qanunun mövcudluğu, cinayətkarın identifikləşdirilməsi, effektiv cinayət təqibi sosial şəbəkə operatorları qarşısında öhdəliklər qoymadan, onların iştirakı olmadan mümkün deyil.
Bu proses sadəcə qanun qəbul etməkdən ibarət deyil, qanunu işləyib, yazmaq asandır. Qanun qədər vacib olan onun işləkliyidir. Bizdə isə hələ də bəzi şəxslər məsələni bilmədən, araşdırmadan iddia edirdilər ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi mövcuddur və bu məsələlər bütövlükdə qanunvericilikdə tənzimlənir, əlavə nəyəsə ehtiyac yoxdur. Xeyr, qətiyyən elə deyil! Baxın, bizim Cinayət Məcəlləsinin 148-1-ci maddəsi işləmə mexanizmi olmayan, deyərdim ki, ölü bir maddədir! Çünki sual olunmalıdır ki, sosial şəbəkədə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edən şəxsi necə identifikləşdirəcəyik? Kifayət qədər çətindir bu. Biz bunu düşünməliyik. Almaniya artıq bu məsələlərin real həllinə yönəlib.

Mən 2017-ci ildən "Sosial şəbəkənin mühafizəsi haqqında” Almaniya Parlamentində gedən müzakirələri dinləyirəm. Bu gündə mövzu üzrə müzakirələr davam edir, çünki sosial şəbəkələr qarşısında daha ciddi öhdəliklər nəzərdə tutan yeni qanun layihələri Parlamentin müzakirəsinə qısa müddət öncə təqdim olunub. Bir çox pro və kontra arqumentlər var.
2017-ci ildə qəbul edilmiş qanun 2 milyondan artıq istifadəçi qeydiyyatdan keçmiş bütün sosial şəbəkə operatorları üçün nəzərdə tutulub. 6 maddədən ibarət qanunda əsas 3 məsələ öz əksini tapır:

1. Hesabat təqdim etmə öhdəliyi

Qanunun 2-ci maddəsinə əsasən, il ərzində 100-ə qədər hüquqazidd tərkibli paylaşımlar barədə şikayət qəbul edən hər bir sosial şəbəkə operatoru alman dilində ildə iki dəfə olmaqla hesabat təqdim etməlidir. Hesabatın təqdim edilməməsinə, vaxtında və ya düzgün olmayan şəkildə, natamam təqdim olunması və ya internet platformasında vaxtında yerləşdirilməməsinə görə 500.000 avro məbləğində cərimə tətbiq edilir. Hesabatda ümumi görülən işlər, sosial şəbəkə operatorunun cinayət tərkibli əməl barədə öz platformasında gördüyü tədbirlər, şikayət etmə mexanizmləri, şikayətlərin araşdırılması üçün mövcud olan kadr potensialı, kadrların dil bilmə bacarığı, şikayətlərin sayı, qanunazidd məzmunlu paylaşımın şikayət əsasında silinmə / bloklanma sayı, şikayətin daxil olma vaxtı ilə və s. kimi məlumatlar yer alır.

2. Hüquqazidd məzmunlu paylaşımlar barədə şikayətlərin idarə olunması

Sosial şəbəkə operatoru istifadəçilər üçün rahatlıqla tapıla bilən, görülə bilən yerdə yerləşdirilmiş və daim mövcud olan hüquqazidd məzmunlu paylaşımlar barədə şikayət etmək imkanı yaratmalıdır. Şikayət daxil olduqdan sonra açıq şəkildə qanunazidd məzmunlu paylaşım 24 saat ərzində silinməlidir, ümumilikdə isə 7 gün ərzində silinməlidir. Bəzi hallarda bu müddət uzadıla bilər.

3. Qanunun tələblərinin pozulmasına görə cərimə

Məsələn, hesabatın vaxtında və ya düzgün olmayan şəkildə və ya natamam təqdim olunması, internet platformasında vaxtında yerləşdirilməməsinə görə 500.000 avro məbləğində cərimə tətbiq edilir. Şikayət etmə imkanının lazımınca tanınmamasına görə 5 milyon avroyadək cərimə nəzərdə tutulur.

Qeyd edim ki, "Facebook"dan 2019-cu ilin birinci yarısı üçün təqdim edilən hesabata əsasən, istifadəçilər tərəfindən 1050 nifrət oyadan rəy şikayət kimi bildirilmiş, bunlardan yalnız 349-u silinmişdir. Hesabat dövrü ərzində "Facebook" tərəfindən 160.000 hüquqazidd məzmunlu paylaşım bloklanıb silinmişdir.

Almaniya Ədliyyə Nazirliyi "Facebook"un hesabatını təhlil etdikdə, təqdim edilən rəqəmlərdə uyğunsuzluq olduğunu aşkar etmiş, silinən paylaşımların həqiqətən nifrət oyadıcı paylaşım sayı ilə uyğun gəlmədiyini əsaslandırmış və 2019-cu il iyul ayında "Facebook"u 2 milyon avro cərimələmişdir.

Bundan başqa, 2017-ci ilə aid qanunun tətbiqi təcrübəsi göstərmişdir ki, sosial şəbəkə operatorları tərəfindən qanunazidd paylaşımların sadəcə silinməsi / bloklanması, HMO-nın bu növ məlumatlara çıxışının olmaması və cinayət tərkibli paylaşımlar edən sosial şəbəkə istifadəçiləri barədə məlumatsız olması, tədbir görə bilməməsi və sonda bu cinayətlərin cəzasız qalması nəticəsində sosial mediada elə bir təəsürat yaranıb ki, internet mühitində heç bir qanun işləmir. Nəticədə qısa müddət sonra “Sağ ekstremizmlə və nifrət cinayətlərinə qarşı mübarizə haqqında” (19 fevral 2020) və 2020-ci ilin mart ayında “Sosial Şəbəkənin mühafizəsi haqqında qanuna dəyişikliklər haqqında” (31 mart 2020) yeni qanun layihələri, hansı ki, sosial şəbəkə operatorları qarşısında daha tutarlı öhdəliklər, daha sərt tələblər qoyur, Almaniya hökuməti tərəfindən Bundetaga təqdim edilmişdir.

Yeni qanun layihələri ilə Almaniyada Sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən sosial şəbəkə istifadəçisinə məxsus şifrələr xüsusi ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında Federal Kriminal İdarəyə bildirilməli olacaq. Federal Kriminal İdarə isə aidiyyəti üzrə müvafiq yerli hüquq mühafizə orqanlarına bu məlumatları ötürə biləcək. Bu, o deməkdir ki, yaxın gələcəkdə sosial şəbəkə operatorları cinayət məsuliyyətinə səbəb olan hərəkətlər barədə məlumatları HMO-na ötürən yeni və süni zəkaya əsaslanan sistemlər (cinayət tərkibli paylaşımı ortaya çıxaran) inkişaf etdirməlidirlər. Məsələn, indiyədək üsyana çağırış (almanca: Volksverhetzung) cinayət tərkibi olan paylaşımlarla bağlı HMO əvvəllər MLAT (qarşılıqlı hüquqi yardım müqaviləsi - mutual legal assistance treaty) əsasında uzun davam edən prosedurdan keçməli və daha sonra qanunazidd paylaşım edən istifadəçinin İP-adresini, elektron poçt ünvanını əldə edə bilirdi.

Sual oluna bilər ki, hansı hallarda sosial şəbəkə operatorları Federal Kriminal idarəyə məlumat verməlidir. “Sağ ekstremizmlə və nifrət cinayətlərinə qarşı mübarizə” adlı yeni qanun layihəsinin 6-cı maddəsi "Sosial şəbəkənin mühafizəsi haqqında" qanuna 3A maddəsinin əlavəsini nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki:

1. Sosial şəbəkə operatoruna şikayət olunan cinayət tərkibli paylaşım
2. Sosial şəbəkə operatorunun özünün sildiyi və blokladığı qanunazidd paylaşım
3. Aşağıdakı qeyd edilən cinayət tərkibli paylaşımlar

- Almaniya CM 86-cı maddə – konstitusiyaya zidd olan təşkilatların propaqanda vasitələrini yaymaq
- Almaniya CM 86a maddə – konstitusiyaya zidd olan təşkilatların emblemlərindən, işarələrindən istifadə etmək
- Almaniya CM 89a maddə – Dövlət təhlükəsizliyinə yönəlmiş ağır cinayətə hazırlıq
- Almaniya CM 91-cı maddə – Dövlətin təhlükəsizliyinə yönəlmiş ağır cinayətə dair təlimatlandırma
- Almaniya CM 126-cı maddə – cinayət təhdidi ilə ictimai asayişi pozmaq
- Almaniya CM 129-cı maddə – cinayətkar qruplaşma yaratmaq
- Almaniya CM 129b maddə – terror qruplaşması yaratmaq
- Almaniya CM 130-cı maddə – xalq arasında fitnə / üsyana təşviq
- Almaniya CM 131-cı maddə – zorakılıq
- Almaniya CM 140-cı maddə – cinayət əməlini mükafatlandırma/ həvəsləndirmə və təşviq
- Almaniya CM 184b və 184d maddələri – uşaq pornografiyası saxlamaq, yaymaq və ya əldə etmək. İnformasiya vasitələrindən, sosial şəbəkələrdən istifadə etməklə uşaq pornografiyası materiallarını yaymaq və ya ona baxmaq.
- Almaniya CM 241-ci maddə – ölümlə təhdit etmə, seksual müqəddəratı təyin etmək, fiziki toxunulmazlıq və şəxsin azadlığını təhdit etmə

Qeyd edilən cinayət tərkiblərindən hər hansı birini özündə ehtiva edən paylaşım sosial şəbəkə operatoru tərəfindən HMO-na bildirilməlidir.

Əlbəttə ki, bu kifayət qədər çətin, eləcə də uzun prosesdir və sadəcə qanun qəbul etməklə bu növ münasibətlərin hüquqi tənzimlənməsi, ən əsası isə cinayətkarın məsuliyyətə cəlb edilməsi mümkün deyil. Onu anlamalıyıq ki, sadəcə qanun qəbul etməklə həll olunmur və müvafiq sosial şəbəkə operatorları ilə bu sahədə əməkdaşlıq əsas şərtlərdən biridir.

Necə ki, yerli jurnalistlər, qəzetlər və ya digər media qurumları qanunlara, cinayət hüquq normalarına əməl etməlidirsə və hər kəs qanun qarşısında bərabərdirsə, eyni zamanda nəhəng konsernlər "Facebook" və digərləri də bu tələblərə əməl etməlidir. Bu, artıq beynəlxalq təcrübədə var, məsələn Almaniya. Dünyada tamamilə yeni təcrübədir. Cinayət törədənin mütləq məsuliyyətə cəlb edilməli olması prinsipi, nifrət oyadan paylaşımların fikir azadlığını məhdudlaşdırması, insanların müzakirədən çəkinməsi, nəticədə internet dünyasının hüquqi və qanuni tənzimləmədən kənarda qalmamalı olması əsas arqumentlər kimi irəli sürülərək prosesdə uğur qazanılıb. Eyni zamanda, bu uğur Almaniyada "Facebook"un gəlirləri, istifadəçi sayı və digər ciddi təzyiqlər nəticəsində əldə edilə bilib.
2017-ci ildə Almaniya Parlamentində qanun layihəsi müzakirə olunarkən, Almaniyanın ovaxtkı ədliyyə naziri, indi xarici işlər naziri olan Heiko Maas çox maraqlı bir ifadə işlətmişdi: “bu sahədə edəcəyəmiz ən pis şey, heç bir şey etməməkdən daha yaxşıdır”.

Bu barədə düşünməyə dəyər!

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
deputat Nurlan Həsənov

Azvision.az üçün


Teqlər: Sosial-Şəbəkə  





Xəbər lenti