Müxalifətin “maskası” virus yayır - FOTOFAKT

 Müxalifətin “maskası” virus yayır -  FOTOFAKT
  12 İyun 2020    Oxunub:23346
Böyük liderlər, uzaqgörən siyasətçilər atdıqları addımlarla insanlara nümunə olmağı bacarırlar. Koronavirus pandemiyası bu baxımdan həkimlərlə yanaşı, həm də siyasətçilər üçün bir növ sınaqdır. Zamanında düzgün addım atan dövlətlər COVID-19-la mübarizədən uğurla çıxır, daha az itki verir, məsələnin ciddiliyini dərk etməyənlər isə milyonlarla insanı fəlakətə sürükləyirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlər ilk gündən müsbət nəticələr verməyə başladı və hazırda Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkələrdən hesab olunur. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu təşkilatları və dövlətlər Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəklədilər, hətta ölkəmizin təcrübəsindən istifadə edənlər də oldu.

Koronavirusla mübarizənin ilkin mərhələsi göstərdi ki, ölkə rəhbərliyi iqtisadi itkilərə baxmayaraq, vətəndaşların sağlamlığını hər şeydən üstün tutur, bütün addımlar insanları qorumaq məqsədi daşıyır.



Doğrudur, dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus yox olmayıb, təhlükə davam edir. Gün ərzində onlarla insanın virusa yoluxması və ölüm xəbərlərini alırıq. Buna baxmayaraq, digər ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyəti qənaətbəxş hesab etmək olar.

Gözəgörünməz bəla ilə mübarizə getdikcə sürətlənir. Dövlət başçısı xalqın sağlamlığının qorunması, maddi durumun yaxşılaşdırılması üçün ardıcıl və prinsipial addımlar atır, heç bir məsrəfdən çəkinmir, nə lazımdırsa, onu edir. Yetər ki, insanlar sağlam olsun, virusun cəngində can çəkişməsinlər.

Bundan əlavə, Prezident hər bir çıxışında insanları tətbiq olunan qaydalara əməl etməyə, özlərini qorumağa, məsuliyyətli davranmağa səsləyir. Bu istiqamətdə ilk nümunəvi addımlar da məhz dövlət başçısı tərəfindən atılır. Prezident bütün qaydalara dəqiqliklə əməl etməklə bərabər, özü şəxsən rəsmi açılış mərasimlərində tibbi maskadan istifadə edir və bununla əsl vətəndaşlıq nümunəsi göstərir. Bir sözlə, ölkə rəhbərliyi cəmiyyəti düşmənə qarşı vahid cəbhədə birməşdirmə missiyasını mümkün olan bütün vasitələrlə həyata keçirir.

Lakin biz bunu özünü müxalifət liderləri kimi təqdim edənlərin timsalında görə bilmirik. Pandemiya ilə mübarizədə onların da üzərinə böyük məsuliyyət düşdüyü halda, narazı sosial şəbəkə "qəhrəmanları" çaşdırıcı fikirlərlə cəmiyyəti qaydaları pozmağa təhrik edirlər. Ölkənin ən çətin məqamında məsuliyyətsiz davranışlara yol verən müxalifət təmsilçiləri hökumətin pandemiya ilə mübarizə siyasətinə tənqidi yanaşır, müxtəlif çirkin oyunlarla özlərinə siyasi xallar qazanmağa cəhdlər edirlər.

Bəlli olduğu kimi biz hələ uzun müddət pandemiya şəraitində yaşamağa məhkumuq. Hazırkda ən vacib məsələ qaydalara əməl etmək, tibbi maskalardan istifadə və sosial məsafənin saxlanılmasıdır. Ona görə hər bir şəxs üzərinə düşən mənəvi borcu yerinə yetirməklə yanaşı, digərlərindən də bunu tələb etməlidir. Bu mənada siyasətlə məşğul olanlar böyük məsuliyyət daşıyırlar. Onlar özləri karantin qaydalarını gözləməklə, insanlara müsbət mənada nümunə olmalıdırlar.

Bəs, bizim müxalifətdən belə nümunəvi addımları, çağırışları görürükmü? Gəlin, qısa araşdırma aparaq.



Sosial şəbəkədə müxalif düşərgədən olan şəxslərin paylaşımlarına diqqət edək. “Ağıllı” iqtisadi təhlillərin müəllifi kimi ad çıxaran Qubad İbadoğlundan başlayaq. Təzadlı fikirləri ilə cəmiyyətdə çaşqınlıq yaradan İbadoğlu "Facebook" hesabında paylaşdığı fotodan göründüyü kimi tibbi maska taxsa da, sosial məsafəyə qətiyyən əməl etmir.



Digər bir nümunə. ReAl-ın icra katibi Natiq Cəfərlinin realçılarla görüşündə karantin qaydaları kobud şəkildə pozulub. Karantin qaydalarına əsasən, 10-dan çox insanın bir yerə toplaşmasına icazə verilmədiyi halda, fotoda maskasız və sosial məsafə gözlənilmədən 12 nəfər cəm olub. Vaxtilə deputat olmaq eşqinə düşən N.Cəfərli bu paylaşımı ilə seçicilərinə bir siyasətçinin necə məsuliyyətsiz ola biləcəyi mesajını verir.



Müsavatın keçmiş başqanı İsa Qəmbərin mayın 28-də Novxanıda çəkdirdiyi fotoda nə az, nə çox 20-yə yaxın şəxs var. Bu isə onu göstərir ki, müxalifətdə saç ağardan İsa Qəmbər də pandemiyanın qızğın çağında karantin qaydalarını pozanlar sırasındadır.



Əli Kərimlinin əmrə müntəzir adamı Fuad Qəhrəmanlı. Əslində evdə həyat yoldaşını vəhşicəsində döyən, təhqir edən, qızının qolunu sındıran birindən nümunəvi hərəkət gözləmək yersiz olardı. Bəli. O, bu dəfə də deyilənləri təsdiqlədi.


(Müsavatın Novxanı səfəri)

Sosial şəbəkə hesablarına göz gəzdirdiyimiz digər müxalifət nümayəndələrində də vəziyyət təxminən eynidir - karantin qaydalarını pozur, maskadan istifadə etmir, ara məsafəsi gözləmirlər. Bunu təsdiqləyən onlarla faktı ortaya qoymaq olar.

Apardığımız qısa araşdırma müxalifətin gerçək mahiyyətini üzə çıxardı. Bir daha şahidi olduq ki, müxalifət çətiri altında toplaşanlar cəmiyyətə itaətsizlik, qaydalara əməl etməmə mesajı verməklə insanları bilərəkdən koronavirus bəlası ilə üz-üzə qoymağa çalışırlar. Bunun başqa izahı yoxdur. Onlar COVID-19-dan daha təhlükəli virusdurlar.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Müxalifət   Koronavirus  





Xəbər lenti