Gey qurşağının altında ölüm: LGBT sevdası Milli Şuranı bitirdi – TƏHLİL

      Gey qurşağının altında ölüm:    LGBT sevdası Milli Şuranı bitirdi –    TƏHLİL
  12 İyun 2020    Oxunub:19510
Milli Şurada başlayan "yarpaq tökümü" davam edir. Bir qədər öncə kinodramaturq Eldəniz Quliyev, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı və hüquqşünas, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov Milli Şuradan istefa vermişdilər. Lakin bu, son olmadı. Dünən Milli Şuranın sıralarının daraldığına dair yeni xəbərlər yayıldı.
Əvvəlcə Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Rövşən Əhmədlinin Milli Şuranı tərk etdiyi xəbəri yayıldı. Bundan bir neçə saat sonra isə Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verdiyinə dair bəyanat yaydı.

Nə baş verir? İllərdir Əli Kərimlinin başına toplanan, onunla birgə xeyli yol qət edən bu adamlar nədən biri-birinin ardınca bu qurumu tərk etməyə qərar verdilər? Bu istefa dalğasının səbəbləri nədən ibarətdir?

Yəqin ki, bu suallara cavab vermək üçün çox baş sındırmağa ehtiyac yoxdur. Hər şey çılpaqlığı ilə ortadadır. Siyasətlə az-çox maraqlanan hər kəsə bəllidir ki, bu istefa dalğası Milli Şuranın LGBT ilə bağlı məlum və rüsvayçı toplantısından sonra başladı. Mayın ortalarına təsadüf edən həmin onlayn toplantıda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli LGBT hüquqlarının qorunmasından danışaraq, bildirdi ki, “Qərb üçün bir nömrəli prioritet cinsi azlıqların, üzdəniraqların hüquqlarıdır”. Daha sonra söhbət cinsi azlığın nümayəndəsi olan azərbaycanlı jurnalist və Gültəkin Hacıbəylini tənqid etmiş İsmayıl Cəlilovdan düşdü. VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflı isə İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırdı və əlavə etdi ki, “Hitlerin zamanında bütün geyləri məhv etməməsi təəssüf doğurur”.

LGBT məsələsi Milli Şuranı barıt çəlləyinə döndərdi

Beləliklə, məlum oldu ki, Milli Şura üçün də hazırda prioritet məsələ cinsi azlıqların dəstəklənməsidir. Təbii ki, bunun səbəbi də aydındır. Elə Gültəkin Hacıbəylinin dediyi sözlərdən: "Qərb belə istəyir". Bir daha təsdiqləndi ki, Milli Şura xarici qüvvələrin əlində alət olmaq ampluasına sadiqdir. Gah Rusiyanın, gah İranın maraqlarına uyğun addımlar atan bu qurum hazırda da utanıb-çəkinmədən Qərbin LGBT ilə bağlı proqramlarının Azərbaycanda icrası missiyasını öz üzərinə götürüb. Əlbəttə ki, bu xidmət üçün umacaqları da var. Ən əsas umacaqları da Qərbin bu məqsəd üçün ayırdığı paralara sahiblənməkdir. Həmin toplantıda da Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli triosunun başlıca məqsədi qurum üzvlərini yeni "missiya" barədə məlmatlandırmaq, bu ideyanı hamıya "həzm etdirmək", onları yekdilliklə Qərbin növbəti sifarişini yerinə yetirməyə sövq və səfərbər etmək idi. Lakin LGBT məsələsi Milli Şuranı qığılcım düşən barıt çəlləyinə döndərdi.
Gəlin, bu istefaların səbəblərini bir də Milli Şuranı tərk edənlərin öz dilindən eşidək.

"Milli Şura rəhbəri fərmayiş yerinə yetirir"

Milli Şura üzvü Eldəniz Quliyev qurumdan istefa verməsinin səbəblərini belə izah etdi: “Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim: Mərdi qova-qova... namərd oldular!

Acı təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi. Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi (?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cür qəbul edə bilməzdim. Xalqın mental dəyərlərinin ayaqlar altına atılması Milli Şura üçün intihara bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah MŞ-ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk?!

Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim. Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol birbaşa məğlubiyyətə aparır və s. və i.a.

Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi beynəlxalq təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli-dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi.

Mən bu sayaq mövqe sərgiləyən, ən başlıcası,siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi) birlikdə qala bilərdimmi? Əsla!
Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum demokratiya, eləcə də hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz – kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir”.

İkinci istefa

Bəli, Eldəniz Quliyev Milli Şuranın yeni oyununu açıq-aşkar ifşa etdi, qapını çırpıb getdi. Onun ardınca Milli Şuranı tərk edən Rafiq Manaflı geniş açıqlama vermədi. Lakin cinsi azlıqlar barədə müşavirədə dediyi sərt sözlərdən onun da Milli Şuranı eyni səbəbdən tərk etdiyi gün kimi aydın oldu. İstefa qərarını açıqlayarkən isə o, qısaca olaraq, bunları dedi: "Son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissi ilə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm".

Namizəd Səfərovdan ilk etiraflar

Milli Şuradan üçüncü istefa verən şəxs isə hüquqşünas Namizəd Səfərov oldu. O, da məlum toplantının və orada səslənən fikirlərin Milli Şuranın, orada təmsil olunanların nüfuzuna böyük zərbə olduğunu etiraf etdi:
“Milli Şuranın keçirdiyi qapalı onlayn konfranslarının ələ keçirilərək sosial şəbəkələrdə yayılması ilə Milli Şura ətrafında yayılan söz-söhbətlərin, nüfuzumuza yetirdiyi ciddi zərbəni danmaq mümkün deyildir. Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şura Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldular. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün fərqindəyəm.
Milli Şura üzvlərinin milli-mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı, ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq o qədər də asan deyil. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri- mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verirəm”.

Rövşən Əhmədlinin istefasının səbəbləri

İndisə ən son istefalar barədə. Bu gün Milli Şuranı tərk edən Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli də geniş açıqlama ilə çıxış edib. O, bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu da dərindən narahat edib və təəssüfləndirdib: "Müxtəlif məsələlərdə fərqli baxışlar nümayiş etdirmək normal haldır və bu demokratiyanın bir göstəricisidir. Lakin bununla yanaşı, Azərbaycan xalqının elə dəyişilməz və dəyişilməsi mümkün olmayan milli-mənəvi, dini dəyərləri var ki, heç bir halda onlardan vaz keçilməsi və aşağılanmasına yol vermək olmaz".

2013-cü ildən bəri Milli Şurada olduğunu xatırladan Rövşən Əhmədli daha sonra qeyd edir: "Mən Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm.Bu birliyin qorunması və xalqın ümüdlərini doğrultmaq üçün illərlə etdiyim bütün səylərə baxmayaraq ,yaranmış vəziyyətdə Milli Şurada qalmağı mümkünsüz, faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm".

Kərimli-Həsənli-Hacıbəyli triosunun LGBT sevgisinin əsl səbəbi

Göründüyü kimi, bu istefa bəyanatlarının hamısında bir məsələ qırmızı xətt kimi keçir: Milli Şuradakı Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli triosu milli-mənəvi dəyərləri ayaqlar altına ataraq, homoseksualların himayəçisi kimi çıxış edirlər. Onlar xalqın dininə, əxlaqına və mental dəyərlərinə sayğısız münasibət bəsləyirlər. Daim yüksək mənəvi dəyərlərdən dəm vuran bu şəxslər Milli Şuranın özündə və onun elektoratı arasında böyük qəzəb yaradan bu addımı nəyin naminə atırlar? Qərbin dəstəyini qazanmaq, Qərbdəki "boss"larının xoşuna gəlmək və bütün bunların müqabilində Qərbdən qrantlar əldə etmək üçün.

Bu, heç də yeni hadisə deyil. Bu tanış ssenarini Əli Kərimli illər uzunu AXCP-də də həyata keçirirdi. O zaman onun partiyasından ardıcıl istefaların səbəbi də bu gün Milli Şurada baş verən istefaların səbəbindən çox da fərqli deyil. Xatırlayırsınızsa, bir müddət əvvəl feministlər Bakıda rüsvayçı aksiya keçirdilər, olduqca qeyri-etik şüarlar səsləndirdilər. İndi LGBT məsələsində olduğu kimi, o zaman da Əli Kərimli Azərbaycan xalqının mental dəyərləri ilə bir araya sığmayan şüarlar səsləndirən feministləri dəstklədi. Lakin buna elə onun öz tərəfdarları o qədəer sərt təpki verdililər ki, Əli Kərimli öz sözlərinə düzəliş etmək məcburiyyətində qaldı. Ancaq onda da necə deyərlər, "üzürü günahından betər oldu".

Beləliklə, Milli Şuradakı son istefalar bir daha göstərir ki, Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli triosu üçün demokratiya, xalq, milli-mənəvi deyərlər heç bir əhəmiyyət kəsb etmir. Onlar sadəcə, bu dəyərlərlə pərdələnib Azərbaycanda xarici dairələrin ssenarilərini həyata keçirmək, dəyəri milyonlarla ölçülən qrant layihələrini ələ keçirmək istəyirlər. Onlar hətta xalqın mənəviyyatını, mental dəyərlərini ayaqlamaq hesabına olsa belə bu ehtiraslarını təmin etməkdən vaz keçə bilmirlər.

Nahid Nuriyev


Teqlər: Milli-Şura  





Xəbər lenti