Beyinlərə açılan atəş: “Kasıbın balası niyə ölür”?!

      Beyinlərə açılan atəş: “Kasıbın balası niyə ölür”?!
  13 İyul 2020    Oxunub:43523
Təsəvvür edə bilərsinizmi, bir gənc atasına belə desin: “Ata, sən kasıbsan, ona görə də, mən səni qorumayacağam! Qoy, düşmən gəlib, səni evimiz qarışıq yandırsın!”
...Dəhşət içində fərq etdim ki, bu dəfə cəbhədən gələn atəş səsləri bizim cəmiyyətdəki fikir ayrılıqlarını indiyə qədərki oxşar hadisələr zamanı olduğundan daha çox dərinləşdirdi. Bu dəfə düşmən cismimizə güllə atan kimi, onun daxilimizdəki uzantıları da ictimai şüurumuzu çarpaz yaylım atəşinə tutmağa başladılar. Patriotizm hisslərimiz daha güclü həmləyə məruz qaldı bu dəfə. Aydın məsələdir ki, bu, qətiyyən təsadüf deyil.

Qarşıda bu haqda ciddi düşünmək, səbəblərini analiz etmək və nəticələr çıxarmaq mərhələsi gəlməlidir. Aydındır ki, eyni vaxtda müxtəlif həm ictimai, həm də coğrafi nöqtələrdən başlayan bu hərəkətlənmənin sinxronluğunu təmin edənlər var. Onları və onlarla işləyənləri aşkarlayıb, heç vaxt əfv etməmək son dərəcə vacibdir. Amma indilik onların əlindəki ən güclü “sursatı” zərərsizləşdirmək lazımdır: “Niyə ancaq kasıbın balaları ölür?!” patetikasını nəzərdə tuturam. Çünki biz bu emosional, kövrək, ağrılı məsələnin qabağında “həssas mövzudur”,- deyib, susduqca, onların murdar xəyanət ritorikası daha da qızışır və getdikcə təhlükəli miqyas alır.

Hər şeydən əvvəl, bir sadə həqiqəti məntiq yumruğunda sıxaraq, bu xainlərin sifətinə vurmaq lazımdır ki, sizin bu fikriniz ancaq təcavüzkar ölkə üçün doğru ola bilər. Başqasının üzərinə hücuma keçən ölkənin insanları öz hökumətlərinə sual edə bilərlər ki, “Sən hansısa səbəbdən torpaq tutmaq istəyirsənsə, bizim balalarımızı niyə qırğına verməlisən ki?!” Məsələn, bunu ermənilər deyə bilər və haqlı da olarlar. Amma təcavüzə uğrayan ölkə üçün bu məntiq nəinki yanlış, hətta qorxuludur.

Təcavüzə uğrayan ölkənin əsgərinin arxasında öz evi var. O, başqasının yox, özünün ailəsini, evini qoruyur. Bunu ya sərhəddə etməlidir, ya da evinin kandarında. Ancaq haradasa mütləq etməlidir, özü də sosial vəziyyətindən asılı olmadan. Sərhəddə etsə, arxasında dövləti, əsgər yoldaşları, əlində silahı, çiynində paqonu olacaq; evinin qapısında etsə, arxasında anası, həyat yoldaşı, uşaqları, əlində yabası, çiynində dünya qədər dərdi və qorxusu. Hansı yaxşıdır? Tutaq ki, erməni ordusu cəbhə xəttini aşıb, yaxınlıqdakı kəndlərin birinə girsə, orada yaşayanların kasıb, yoxsa varlı olduğunumu soruşacaq?!

Bir də bu tərəfdən fikirləşin: Erməni sənin balanı öldürməyə gəlir, sən isə “mən kasıbam”,- deyib, döyüşməkdən imtina edirsən. Yaxud, erməni sənin evini yandırmağa, atanın qəbrini dağıtmağa gəlir, sən əlini yelləyib, “Əşşi, mən onsuz da kasıbam, cəhənnəmə ki!”,- deyib dabanına tüpürüb, qaçıb gizlənirsən. Absurddurmu? Bəli! Eynilə, “Niyə kasıbın balası ölməlidir” sualı da bu qədər, hətta daha artıq absurddur. Amma o, sosial şəbəkədə kütlə patetikası və emosiyaları ilə birlikdə yoğrulub, kökə kimi kütləyə uzadılanda, təəssüf ki, absurd görünmür, buna görə də çox şeytani xarakterə malikdir.

Bir anlıq tarixdən böyüklü-kiçikli istənilən müharibədən oxuduğunuz, şəkillərdə gördüyünüz, filmlərdə baxdığınız lövhələri gözünüzün qabağına gətirin. Yaba ilə öz torpağını qorumağa çıxan insanlar kimlər idi? Onların alternativləri nə idi: “Biz kasıbıq” deyə, təslim olub, öz kəndlərini, ailələrini düşmən əsgərinin ayağının altına sərmək?

“Niyə kasıbın balası ölməlidir” deyənlərin təklifi nədir: Gəncləri orduya çağıranda onların ailəsinin gəlirlərinə baxmaq, hansısa məbləğdən az olsa, əsgər aparmamaq? Məsələ ondadır ki, “kasıb” anlayışının özü də mübahisəlidir axı: Kimi kasıb sayacağıq? Bunun üçün hansı meyarlar olmalıdır? Tutaq ki, bir gəncin atasının gündəlik gəliri 10 manatdan azdırsa, onu əsgər çağırmayaq? Onda, atasının gündəlik qazancı 11 manat olanın günahı nədir?!
Belə yanaşmanın necə bir axmaqlıq olduğunu izah etməyə ehtiyac varmı?

Təsəvvür edə bilərsinizmi, bir gənc atasına belə desin: “Ata, sən kasıbsan, ona görə də, mən səni qorumayacağam! Qoy, düşmən gəlib, səni evimiz qarışıq yandırsın!”


Üstümüzə yağı gələndə korrupsiya, varlı-kasıb kimi söhbətləri ortaya atıb, cəmiyyətdə sosial nifrəti körükləmək düşmənin hərbi hücumuna daxildən ideoloji dəstək verməkdən başqa heç nə deyil. Bəli, bu məsələlər müzakirə edilməlidir ki, korrupsiyanın kökünü necə kəsək, sosial bərabərsizliyi necə azaldaq? Amma o tərəfdən düşmən atəş açanda hamını ancaq bir məsələ düşündürməlidir: Onun qabağını kəsən dövlətimizə necə dəstək verək?

Çünki üstümüzə düşmən gələndə “sərhəd” və “qapı” anlayışları arasındakı fərqlər silinir: Bu zaman ölkənin sərhədi hər birimizin evinin qapısı deməkdir. Sosial vəziyyətindən asılı olmayaraq, hər kəs öz qapısını düşməndən qorumalıdır. Təbii, əgər özü düşmən deyilsə.

Vüsal Məmmədov

Azvision.az



Teqlər: Vətənpərvərlik   Ordu   Xəyanət  





Xəbər lenti