"Biz bu status-kvonun dəyişməsinin tərəfdarıyıq"
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O deyib ki, Azərbaycan terror əziyyət çəkən ölkələrdən biridir və bu günə qədər 2 mindən çox insan bu terrorun qurbanı olub: "Terrorizmə stimul verən amillərdən biri separatizmdir və Azərbaycan 20 ildən çoxdur separatizmdən əziyyət çəkir və bunun nəticəsində 20% torpaqlarını itirib, bir milyona yaxın qaçqın və məcburi köçkün yaranıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT TŞ 4 qətnamə qəbul etsə də, onların heç biri indiyədək icra olunmayıb."
Dövlət başçısı münaqişənin həllində yaranmış status-kvonun Azərbaycan üçün qəbul edilməz olduğunu və maraqlarını əks etdirmədiyini bildirib: "Biz bu status-kvonun dəyişməsinin tərəfdarıyıq və münaqişənin həllinin sülh yoluna üstünlük veririk. Ancaq digər variantlar da istisna deyil."
O, Azərbaycanın terrora qarşı aktiv mübarizə apardığını söyləyərək vurğulayıb ki, bu sahədə birgə beynəlxalq əməkdaşlıq lazımdır. Ən güclü və ən inkişaf ölkə belə buna qarşı tək başına mübarizə apara bilməz. Azərbaycan BMT TŞ-ə sədrliyi zamanı da hər zamanı bu məsələni önə çəkərək həllinə nail olmağa çalışıb. Terroru yaradan amillərdən biri də həmin ölkələrdə olan təhsilin səviyyəsi və sosial durumdur. Ancaq bu gün Azərbaycanda 100%-lik təhsil səviyyəsi mövcuddur. Buna görə də terrorizmə qarşı mübarizədə təhsilin və sosial problemlərin həllinin müstəsna rolu var.
Dövlət başçısı diqqətə çatdırıb ki, dünyanın bir sıra KİV-lərində terrorizmi İslam dini ilə bağlamaq adı altında yazılar gedir: "Bu, həqiqətə uyğun olmayan və yanlış yanaşmadır. Bu məsələ xüsusi yanaşma tələb edir. Terrorizmə qarşı səmərəli mübarizədə təhsilin səviyyəsinin artırılması, yoxsulluğun azaldılması, sosial problemlərin həlli müstəsna rol oynayır. Azərbaycan bundan sonra da terrorizmə qarşı mübarizədə fəal rol oynayacaq."(salamnews)
Teqlər: