Sığorta fəaliyyəti niyə bankların yedəyində gedir? – TƏHLİL

   Sığorta fəaliyyəti niyə bankların yedəyində gedir? –    TƏHLİL
  17 İyul 2020    Oxunub:20345
Sığorta bütövlükdə maliyyə sektorunun bir hissəsidir, başqa sözlə desəm, onun seqmentidir və sığortanın inkişaf səviyyəsi həm də məhz həmin sektorun özünün nə dərəcədə tərəqqi etməsindən asılıdır. Çünki sığorta bazarı pul münasibətlərinin xüsusi sferasını təşkil edir. Və bu bazar pul münasibətlərinə aid digər bütün bazarlar ilə istər-istəməz sıx əlaqədə çalışır.
Odur ki, bütövlükdə maliyyə bazarı mövcud iqtisadi sistemin tələblərinə tam cavab vermədikdə sığorta sahəsi də qeyri-qənaətbəxş vəziyyətdə olur və hansısa digər seqmentin kölgəsində qalmaqla, yedəyində gedir. Necə ki, ölkəmizdə sığorta fəaliyyəti ilk gündən bank sektorunun kölgəsində qalıb, yedəyində getdiyi kimi... Söhbət nədən gedir?

Sığorta 2 formada həyata keçirilir: könüllü və icbari formalarda... Məsələ bundadır ki, bizdə sığortanın könüllü forması da əksər hallarda faktiki olaraq məhz icbari qaydada həyata keçirilməkdədir. Məsələn, kreditlə avtomobil və yaxud mənzil alınarkən olduğu kimi... Sığorta münasibətlərinə girmək alıcının öz şəxsi istəyinə və qərarına bağlı məsələ olsa da, müvafiq kredit müqaviləsi bağlanarkən bu məsələ də bir növ məcburən, yəni icbarı şəkildə həyata keçirilir. Yəni, müxtəlif izahatlar və təbliğat aparılması yolu ilə. Sonra da qeyd edilir ki, könüllü sığorta müqaviləsi bağlandı.

Məsələn, kasko sığortada olduğu kimi: vətəndaş bu və ya digər şirkətdən avtomobil alarkən həmin anda kredit müqaviləsi ilə birgə onunla bağlanılan kasko razılaşmasının müvafiq kredit müqaviləsi bitəndən və həmçinin avtomobilin istismar üzrə zəmanət müddəti də başa çatdıqdan sonra nədən yenidən təklif olunmaması heç kimdə sual doğurmur. Bunun bir səbəbi var. O da bundan ibarətdir ki, bizdə malı təklif edən də, krediti verən bank da və üstəlik, sığorta təklifini irəli sürən də eyni "əl"dir. Yəni, faktiki olaraq, eyni sahibkarlıq strukturudur. Və odur ki, həmin malın satışı zəifləyəndə, bankı batanda, yəni Mərkəzi Bank tərəfindən müflis elan edilərək lisenziyası əlindən alınanda sığorta təklifi və fəaliyyəti də avtomatik olaraq iflasa uğrayır. Bu, normaldırmı?! Sözsüz ki, xeyr!..

Bunun özü də bir daha, Azərbaycanda sığorta sahəsinin yaxşı inkişaf etmədiyi, bu sahədə fəaliyyət və o cümlədən, maraq amilinin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə təmin olunmadığı, formalaşmadığı göstəricisidir. Bəli, ölkədə ümumən sığorta sahəsində nə əldə etmişiksə, 2000-ci illərdən sonrakı dövrə düşür. Niyə? Çünki, ölkə iqtisadiyyatının gəlir gətirmək qabiliyyəti məhz qeyd olunan dövrdən özünü göstərməyə başlayıb. Halbuki, sığorta özü bir biznes sahəsidir. Yəni, gəlir gətirən fəaliyyət növüdür. Ancaq bunun üçün müvafiq şərait, bazar mövcud olmalıdır. Bizdə isə bunlar yoxdur.

Əvvəla, sığorta barədə anlayış zəifdir, maraq sıfır dərəcəsindədir - gəlirlər sığorta xidmətindən istifadəyə bir çox hallarda imkan açmır. İmkan olduqda isə keyfiyyətli sığorta xidmətinə rast gəlinmir.
İkincisi də, bəli, sahibkar da, fiziki şəxs də əmlakını - malını sığortalamalıdır. Ancaq sahibkar və fiziki şəxs fəaliyyətini, mülkiyyətində olan mal və obyektləri o zaman sığortalayır ki, qazanclarında və yaxud əldə etdikləri gəlirlərdə gündəlik deyil, uzaq maraqları və məqsədləri olsun.

Bizdə isə məsələn, bilavasitə sahibkarları götürsək, ticarətlə məşğul olanların 99,9 faizi ancaq gündəlik qazanc barədə düşünür və bunun üçün çalışırlar. Başqa sözlə desəm, həyata keçirdikləri bütün fəaliyyət ancaq bu məqsədə xidmət edir. Çünki xırda-xuruş alverlə məşğul olurlar, bu adamlar sahibkar deyillər, alverçidirlər, sovet hökuməti vaxtı qeyd etdiyimiz alverçilərdən. Sadəcə olaraq, onların müasir variantı...

Belələri sığorta haqda nə düşünə və necə maraqlı ola bilərlər? Əslində, bu, ölkəmizdə fəaliyyət göstərən bütün kiçik və orta sahibkarlara aid məsələdir. Onların heç birinin strateji baxımdan planları və məqsədləri yoxdur. Ona görə də, fövqəladə bir hadisə, itki və zərər baş verən kimi dərhal hər şeylərini itirirlər və başlayırlar ki, dövlət kompensasiya ödəsin. Halbuki, çoxunun dövlətə vergini düzgün verib-vermədiyi bəlli deyil. Ancaq sağlam və şəffav biznes olarsa, sığortaya da meydan açılar, sığorta haqları barədə də düşünülər...

Yuxarıda qeyd etdim ki, sığorta özü ayrıca biznes sahəsidir. Bu və ya digər sahibkarın ticarəti zəifləyəndə, bankı batanda, onun məşğul olduğu sığorta təklifi və fəaliyyətinin də, yəni sığorta biznesinin də avtomatik olaraq iflasa uğramaması üçün isə ilk növbədə bütövlükdə maliyyə bazarı mövcud iqtisadi sistemin tələblərinə cavab verməli, inkişaf etməlidir, ikincisi isə sığorta bazarının özünün də tam təşəkkül tapması üçün iqtisadiyyat tələb olunan səviyyəyə çatmalıdır.

Belə ki, kölgə iqtisadiyyatının çəkisi azalmalı, sığortaya inam və maraq yaranmalı, gəlirlər artmalı, sığorta xidmətləri maksimum səviyyədə stimullaşdırıcı - cəlbedici xarakter daşımaqla, sığorta anlayışı və onun səmərəsi cəmiyyətdə hər kəs üçün eyni dərəcədə aydın əhəmiyyət daşımalıdır. Ölkədə sırf, yəni təpədən-dırnağa sığorta biznesi formalaşmalı, ancaq bu işlə məşğul olan sahibkarlar sinfi yaranmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sığorta  





Xəbər lenti