AzVision-7 I Ultrakrepidarianizm mühitində jurnalistika - VİDEO

      AzVision-7 I    Ultrakrepidarianizm mühitində jurnalistika -    VİDEO
  23 İyul 2020    Oxunub:26504
Real TV-də efirə gedən “AzVision” proqramının yeddinci buraxılışını təqdim edirik. Çərşənbə günləri efirə gedən verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Hər vaxtınız xeyir olsun, jurnalistika günündə hər birinizi xoş gördük, əziz və hörmətli ultrakrepidarianistlər! Bu gün başqa mövzudan danışsam, dilim quruyardı, ona görə də, Azərbaycan jurnalistikasından, onun üzləşdiyi əcaib yeni reallıqlardan danışacağıq.



1. Ultrakrepidarianizm

Mən əslində, belə qəliz istilahlar işlətməyin tərəfdarı deyiləm, amma təəssüf ki, bu gün Azərbaycanda cəmiyyət-jurnalistika münasibətlərindən danışanda “ultrakrepidarianizm” terminini işlətmədən fikrini çatdırmaq mümkün deyil. Bunun nə olduğunu bilmək üçün açırıq Vikipedianı, orada axtarış sətirinə yazırıq: Ultracrepidarianism. Və onlayn ensiklopediyanın bizə verdiyi məlumatı oxuyuruq: Ultracrepidarianism is the habit of giving opinions and advice on matters outside of one's knowledge. Kiminsə bilmədiyi, başının çıxmadığı, bilik dairəsindən qıraqda olan mövzularda fikir bildirməsi və başqalarına məsləhət verməsidir Ultrakrepidarianizm.

Təəssüf ki, bizdə bu, ümumiyyətlə, ənənəvi olaraq, yayğın haldır. Hamı müəyyən qədər ultrakrepidarianistdir; hamı düşünür ki, hər işi onun ustalarından yaxşı bilir. Müharibəni nə vaxt və necə eləmək lazımdır, döyüş vaxtı hansı hədəfləri hansı silahla vurmaq gətrəkdir, diplomatiya necə yürüdülməlidir, iqtisadiyyat necə inkişaf etdirilməlidir, koronovirusa necə qalib gəlmək mümkündür, korrupsiya ilə necə mübaizə aparılmalıdır, lap geniş mənada isə, hətta dövlət necə idarə olunmalıdır... – çıxın küçədə 1000 nəfərdən soruşun, heç biri deməyəcək ki, “Ay başına dönüm, bu, mənim işim deyil axı, qoyun, öz işimlə məşğul olum da”. Yooox. Bərbər baş qırxa-qırxa, sürücü sükanı hərlədə-hərlədə, tələbə müəllimi çərlədə-çərlədə, satıcı sata-sata, atıcı ata-ata, məhbus yata-yata, Ayka “tik-tok” çəkə-çəkə, bağban əkə-əkə, dərzi tikə-tikə, qoca nənə tumanının balağını yamaya-yamaya sizə Sun Tszının “Müharibə sənəti” ilə Makiavellinin “Hökmdar” əsərlərindən götürülmüş seçmə tezisləri Makinderin geopolitik baxışları kontekstində şərh edən bir mühazirə oxuyub, sonda bonus kimi öz platformalarını da açıqlayacaqlar. Söhbət məişət mövzularından getsəydi, yenə “Əşşi, cəhənnəmə, hər yerdə belədir”,- deyib, üstündən keçmək olardı. Bizim camaat Spilberqin filmində, Andrea Boçellinin ifasında da səhv tutar. Yaxşı ki Mikalancelo vaxtında üzüsulu ölüb gedib, yoxsa, onun David heykəlini düzgün yonmadığını sübut edib, kişini urvatdan sala biləcək insanlarıq.

Təbii ki, mən də bu xalqın övladıyam və elə məhz buna görə onu əla tanıyıram – çünki özüm də eləyəm. Nə gizlədim, hərdən İlon Maskın kosmosla bağlı biznes-planlarında səhv tutmaq kimi axmaq xasiyyətim var. Halbuki, kosmosla bağlı biliklərin Stiven Houkinqin kitablarından çox da o tərəfə keçmir. Yəni elə mən də daxil olmaqla, bizdə hamı həkimdən yaxşı həkimdir, vəkildən yaxşı vəkil, jurnalistdən yaxşı jurnalist...
Həəə... Madam ki, jurnalistika günündəyik, gəlin, bu axırıncının üstündə xüsusi dayanaq.

2. Haqsız vurulan damğalar

Nə gizlədək, yaxud, köhnə kişilər demişkən, Allahdan gizli deyil, sizdən niyə gizli olsun, son illərdə sosial şəbəkədə ən çox diskreditasiya olunan, gözdən salınan, mənəvi təzyiqlərə, çox vaxt hətta təhqirlərə məruz qoyulan zümrələrdən biri də jurnalistlərdir. Bu, təsadüfi deyil: sosial media platformasında Azərbaycan dövlətçiliyinə qarşı ideoloji cəbhə açan qüvvələr ilk növbədə dövlətçilik mövqeyindən çıxış edən peşəkar mediaya zərbə endirməli idilər. Təəssüf ki, bu zərbələr hədəfə dəyib. Nəticədə, bu gün sosial şəbəkə kütləsi peşəkar jurnalistləri az qala ilan-qurbağa-kərtənkələ-əqrəb gözündə görür. Onlar real jurnalistikanın nə olduğunu, necə işlədiyini, dövlətlə əlaqələrinin necə tənzimləndiyini heç təsəvvür belə etmədikləri halda, jurnalistləri “niyə ondan yazmırsan, niyə bundan yazmırsan, niyə filan şeyi demirsən” kimi yersiz, absurd ittihamlarla aşağılayır, “qorxaq”, “satqın”, “qələmini pula satan” kimi haqsız, haqsız olduğu qədər də iyrənc epitetlər yapışdırırlar.

Əgər Füzuli indiki dövrdə yaşasaydı və jurnalist olsaydı, yəqin ki, məşhur qəzəlini “pənbeyi-daği-yaltaq içrə nihandır bədənim” şəklində yazacaqdı. Kütlə hesab edir ki, jurnalistika məhz onun təsəvvür etdiyi kimi olmalıdır, əgər belə deyilsə, deməli, jurnalistlər satılıblar.

Bütün bunların ən dəhşətli tərəfi ondadır ki, dövlətin mövqeyindən çıxış edən hər bir jurnalist bunu xalqı üçün, ölkəsinin gələcəyi üçün etdiyinə səmimi-qəlbdən inanır. Burada heç bir yaltaqlıq, qorxaqlıq, satqınlıq görmür, buna görə əslində niyə söyüldüyünü də başa düşmür. Başa düşmürsə, demək, bütün o təhqirlərin faydası da olmayacaq, ortada boş yerə korlanan münasibətlər, gərginləşən atmosfer, insanlarımızın arasında artan aqressiya, qırılan qəlblər qalacaq. Boş yerə.
Deyilənə görə, Hüseyn Ərəblinskini öldürənlər ona bıçağı saplayarkən “Sən oyunbazlıq edib, boyumuzu yerə soxursan!” söyləyəndə, o, son nəfəsini toplayıb, “Ay cahillər, axı bu oyunlar sizin üçün idi!” demişdi. Azərbaycanın peşəkar mediasında çalışanlar da inanırlar ki, dövlətin mövqeyini dəstəkləmək xalqın və ölkənin gələcəyi üçün lazımdır. Dolayısı ilə, bu mövqe həm də elə onları söyənlər üçündür!

“Jurnalistin siyasi mövqeyi olmamalıdır” – Bu, tamamilə mənasız bir mifdir. Bütün dünyada jurnalistlərin siyasi mövqeləri var, açıq şəkildə müdafiə də edirlər. Və heç kim buna görə onları söyumür. Siyasi mövqeyi olmaq nə vaxtdan “yaltaqlıq” sayılır? Necə olur ki, məsələn, Fox TV-nin jurnalisti hakimiyyətdə olan Republikaçılar partiyasını və Donald Trampı səsi çıxdığı qədər müdafiə edəndə bu, “siyasi mövqe” olur, amma azərbaycanlı jurnalist öz dövlətini dəstəkləyəndə “yaltaqlıq”? Bu, lap “varlı yeyi-içir, amma kasıb əyyaşlıq eləyir”, “varlı gəzintiyə çıxır, amma kasıb sülənir”, “varlı xəyallar qurur, kasıb ağzının suyunu axıdır” qəbilindən olan söhbətlərə oxşadı. Əgə sənin siyasi mövqeyin dövləti dəstəkləməkdən ibarətdirsə, bu, niyə “azad olmamaq” kimi yozulmalıdır? Bəyəm azad şəkildə dövləti dəstəkləmək mümkün deyil ki?!
Kütlənin belə düşünməsinin səbəbləri var və indi biz onlardan bəzilərinə toxunmağa çalışacağıq.

3. Hollivud effekti

Bizim köhnə dostumuz Bryus Uillisin çox gözəl bir sözü var. Deyir ki, əvvəllər kino real həyatı yamsılayırdı, indi isə real həyat kinonu yamsılayır. Diqqətlə yanaşsaq, bu, çox böyük və vacib sözdür. Bizə elə gəlir ki, kinoda gördüyümüz həyat realdır və o cür yaşamaq olar. Məsələn, bir azərbaycanlı qız istəyir ki, sevgilisi isə türk seriallarındakı sayaq dalaşsın, küçənin ortasında “burax, qolumu acıtıyorsun”, deyib, onun üstünə qışqırsın, camaat tökülüşüb, onları dövrəyə alsın, hamının yanında qız bir az da coşub-daşıb, oğlana bir Həzrəti Abbas şapalağı çəksin, oğlan da üzünü ovuşdura-ovuçdura desin ki, “Aşkım, hər şeyi anlata bilirim”.
Real həyatda heç vaxt belə olmur.

Eyni qaydada, Azərbaycanda həyatı kinodan ayıran bilməyən kütləvi tamaşaçı və oxucu istəyir ki, jurnalist mübarizə aparsın, ora-bura qaçsın, Denzel Vaşinqtonun, Klayv Ouenin, Vin Dizelin ekranda etdiyi kimi, içində informasiya olan fləşkanı götürüb, təhlükəsizlik əməkdaşları ilə atışa-atışa, qaçıb Hövsan kəndində gizlənsin və oradan gizli məlumatları yayımlasın.

Kütləvi oxucu istəyir ki, azərbaycanlı jurnalist eyni vaxtda həm Pulitser, həm Vudvord, həm Bernştayn olsun və ən dəhşətlisi odur ki, belə bir şeyin mümkünlüyünə həqiqətən inanır. Kütləvi oxucu elə bilir ki, jurnalist səhər redaksiyaya gəlib, bir çırtma ilə beş məmuru ifşa etməli, üçünü istefaya göndərməli, ikisinin bağrını çatlatmalıdır.
Kütləvi oxucu elə düşünür ki, jurnalist bir flakonun içinə doldurulmuş eyni vaxtda həm hüquq müdafiəçisi, həm siyasi fəal, həm aktiv dissident olmalıdır. Onu narahat eləyən bütün məsələləri onun yerinə deməli, onun yerinə ortaya düşməli, onun yerinə dalaşmalı, onun yerinə kimlərləsə üz-göz olmalıdır. Nə gizlədim, özümüzdən belə qəhrəman obrazı düzəltmək xoş və maraqlı olardı, hətta adamın qoltuqlarının qarpızlanmağı da gəlir, amma nə yazıq ki, həqiqət xeyli prozaikdir. Reallıqda jurnalistin ancaq iki missiyası var: məlumatlandırmaq və maarifləndirmək. Vəssalam. Bundan kənara çıxanda jurnalist artıq jurnalst olmur və üzərinə başqa funksiyalar götürür.

4. Niyə o əjdahadan bizdə yoxdur?!

Dünyada jurnalist araşdırması ilə bağlı ən məşhur siyasi qalmaqal Riçard Nikson hökumətinin istefası ilə nəticələnən “Uoterqeyt”dir. O vaxt bu hadisə jurnalist araşdırması kimi görünürdü. Amma Vudvord və Bernştayn adlı jurnalistlər Nikson adminstrasiyasının rəqib partiyanın qərargahında dinləmə qurğuları yerləşdirməsi haqqında informasiyanı haradan, necə əldə etmişdilər? O vaxt özləri belə deyirdilər ki, məxfi məlumatı onlara “deepthroat” ləqəbli bir mənbə verib. “Deepthroat” – həmin illərdə məşhur olan, ən gəlirli film kimi kino tarixinə düşən bir pornoqrafik filmin adıdır.
Həmin o “deepthroat” ləqəbinin arxasında gizlənən şəxs FBI-ın o vaxtkı rəhbəri Mark Felt olub. O, Ağ Evin və prezident Niksonun xəttilə razılaşmadığı üçün başçılıq etdiyi kəşfiyyat orqanında olan məlumatı mediaya ötürüb. Bir neçə il əvvəl bu haqda hətta baş rolda bizim köhnə dostumuz Layam Nisonun oynadığı “Mark Felt: Ağ Evi çökdürən adam” adlı film də çəkilib. Bir az darıxdırıcı alınıb, amma onsuz da karantindir də, türkiyə seriallarının əvəzinə baxa bilərsiniz.
Beləliklə, nə alınır? Bizim “jurnalist araşdırması” kimi qəbul etdiyimiz hadisə əslində hökumətdaxili çəkişmənin mediada əks olunmasından başqa heç bir şey deyilmiş! Vəssalam, bu qədər banal.
İnanın, mən, pis çıxmasın, saqqalını bu mövzuları öyrənməkdə ağartmış adam kimi deyirəm, dünyada “jurnalist araşdırması” adı ilə bəh-bəhlə təqdim olunan yazıların 99.9 faizi ya hökumətdaxili, ya da dövlətlərarası siyasi çəkişmələrin media müstəvisində davamından başqa bir şey deyil. Məxfi informasiyalar jurnalistlərdə yox, xüsusi xidmətlərdə, yaxud siyasi kuluar sakinlərində olur. Və onlar lazım biləndə, kimisə vurmaq üçün jurnalistlərdən istifadə edib, həmin məlumatları cəmiyyətə ötürürlər. Mərəkə qopur. Yazını yazan jurnalist qəhrəmana çevrilir. Əsl mahiyyət və kuklaoynadanların kimliyi isə pərdənin arxasında qalır.
Azərbaycan hakimiyyəti monolitdir. Daxildə çəkişmələr olmur; əlbəttə, heç yerdə istisna deyil ki, hansısa gərgin iş epizodları meydana çıxa bilər, amma bunlar da elə işçi qaydada həll edilir. Mediaya çıxarılmadan. Nəticədə azərbaycanlı kütləvi oxucu başqa ölkələrdəki kimi gurultulu jurnalist “araşdırmaları”, əslində isə xəbər sızıdırılmaları görmədiyindən, elə bilir ki, bizim jurnalustlər öz işlərində pisdirlər. Halbuki əslində bizim hökumət öz işində yaxşı, jurnalistləri alət etməyəcək qədər peşəkar və mahirdir.

Məsələ nədədir: Başqa ölkələrdə hakimiyyətdə monolitlik və iqtidar-xalq birliyi olmadığına görə, hansısa məmuru işdən çıxarmaq üçün bir müddət əvvəlcədən ona qarşı kompromat həmlələri başladılır ki, cəmiyyət bu addıma hazırlaşdırılsın. Onunla bağlı mediaya çoxlu ifşaedici məlumatlar ötürülür. Qıraqdan baxana elə gəlir ki, jurnalistlər qəhrəmanlıq göstərib, hansısa məmuru ifşa edirlər. Mahiyyət isə tamam başqa olur.
Bizdə bəri başqan, apriori aydındır ki, bütün kadr islahatlarını cəiyyət tam şəkildə dəstəkləyəcək, ona görə əvvəlcədən başladılan kompromat müşayiəti kimi siyasi şoulara və jurnalistləri vasitəyə çevirməyə də ehtiyac qalmır. Dövlət jurnalistlərdən bu məqsədlə istifadə etmir. Amma çox təəssüf ki, başqaları etməyə çalışırlar.

5. Səhv düşəndə yerimiz

Məsələnin qəlizliyi ondadır ki, bu istiqamətdə hər şey baş-ayaqdır. Tamamilə. Belə ki, əslində jurnalistin başqasının əlində maşaya, kompromat savaşında vasitəyə çevrilməməyi, bu tip oyunlardan kənarda qalmağı onun üstünlüyü sayılmalıdır. Amma bizdə sosial şəbəkə kütləsi bunu yox, tam əksinə, kiminsə əlində maşaya çevrilməyi jurnalist üçün hünər hesab edir. Özü də başqalarının, Azərbaycan dövlətinin bədxahlarının. “Azadlıq”, “Amerikanın səsi”, “Meydan tv”, “Azad söz”,“Osmanqızı tv”... və “tv” hecasını hörmətdən salan daha nə qədər metamedia aktivlərinin hamısı Azərbaycana qarşı yürüdülən informasiya savaşında vasitədən başqa heç nə olmadıqları halda, sosial şəbəkə kütləsi aldanıb, onların gördüyü işi jurnalistika hesab edir. Nəticədə elə bir vəziyyət yaranır ki, adamın Azərbaycan jurnalistikası üçün lap elegiya oxumağı gəlir.
Bir normal jurnalistin yetişməsi üçün azı 10 il vaxt və yaxşı baza təhsili, əlavə olaraq, güclü mütaliə baqajı lazımdır. Dildə bunu demək asandır, amma reallıqda yaxşı jurnalistin yetişməsi çoxlu vaxt, enerji, resurs aparan bir prosesdir. Jurnalistika falkültəsində keçilən fənnlərin tam siyahısına baxanda adamın gözü qaralır. Üslubdan tutmuş, fəlsəfəyə qədər nələr tədris olunur, nələr. Bir tərəfdən, bu çətin yollardan keçərək, peşəkarlığa namizəd jurnalistlər yetişir. Digər tərəfdən isə savadsız, bir cümlədə 5 səhv buraxan biri gəlib sadəcə, telefonu ştativin üstünə qoyub, “live” düyməsini basır. Vəssalam, olur cəsur, başqasının deməyə və göstərməyə qorxduqlarını deməkdən və göstərməkdən qorxmadan igid jurnalist. Çünki onun yayımladığı kontenti peşəkar jurnalistlər yayımlamırlar və kütlə bunu ikincilərin satqınlığı, qorxaqlığı kimi qəbul edir. Halbuki, məsələ sadəcə, həmin kontentin dövlətçilik nöqteyi-nəzərindən lazımsız və ziyanlı olmasındadır.
İndi cəmiyyət olaraq, papağımızı qabağımıza qoyub, fikirləşməliyik: Bizə bunlardan hansı lazımdır? Öz vaxtımızı, etimadığımız, hörmətimizi bunlardan hansına ictimai yatırım kimi qoymalıyıq? Savadlı, mədəni, peşəkar jurnalistlərə, yoxsa, telefonda live düyməsini basmaqdan və yeri gəldi-gəlmədi, dava-dalaş, qara-qışqırıq salmaqdan başqa heç nəyə qabiliyyəti çatmayan informasiya avantüristlərinə?

Təəssüf ki, bütün dünya blogerliklə jurnalistliyin arasında çoxdan dəqiq və aydın bir suayırıcı xətt çəkdiyi halda, bizdə hansının harada başlayıb, harada qurtardığı hələ də aydın bilinmir. Halbuki, jurnalistləri çoxdan ayırmaq və hərəsinin öz yerini bilmək lazımdır.

5. Xəbər-xəbər oynayanlar

Nə gizlədim, hörmətli Demə Qoq peşəkar jurnalistlərə skeptik yanaşdığı kimi, mən də blogerlərə skeptik yanaşıram. Mənə görə, “Bloger” deyəndə hər şeydən əvvəl göz önünə Stiven Soderberqin “Yoluxma” adlı filmində köhnə dostumuz Cad Lounun böyük ustalıqla yaratdığı obraz gəlməlidir. O filmə baxmayanınız varsa, mütləq baxın. Onsuz da karantindəyik; Əvvəla, pandemiya haqqında ciddi düşünmək üçün bir səbəb olar, ikincisi blogerliyin mahiyyətini dərindən anlaya bilərsiniz.
Jurnalstin informasiyanı niyə çatdırdığı aydındır. Bu, onun işidir. Bəs bloger nəyin uğrunda çalışır? Məqsədi nədir? Kütlənin “layk”ının. Çünki sonda bu laykları başqa şərti vahidlərə konvertasiya etmək olar.
Bu səbəbdən, bloger kütlənin eşitmək istədiyi hər şeyi ona deyəcək, kütlənin eşitmək istəmədiyi, amma deyilməsi vacib olan sözlərin heç birini isə dilinə də gətirməyəcək. “Layk” qazandırmayan və baxış sayını artırmayan hər bir şey blogerin fəaliyyət dairəsindən kənardadır.
Bloger nəsə umduğu dostunun xoşuna gəlmək üçün onun faciəvi səhvlərini gizlədib, yalandan üzünə irişərək, “sən haqlısan, səni tənqid edən hamı səhvdir” deyən şəxsi xatırladır. Dolayısı ilə, bloger - kütləyə yaltaqlanan adamdır. Jurnalist isə əksinə, həqiqəti üzə deyən dürüst, amma bir az kobud dostdur. Siz bunlardan hansını seçəriniz? Şəxsən mən ikincini.
Ona görə də, peşəkar jurnalistlə blogerin arasında seçim etmək təxminən əsl diplomlu həkimlə çöpçünün və çıldağın arasında seçim etmək kimi bir şeydir. Yəni belə bir seçim əslində olmamalıdır.
Bizə indi ölkədə yaşayan nəslin əsas missiyasını yerinə yetirməsinə kömək edən informasiya siyasəti və o siyasətin reallaşmasını təmin edən peşəkar media lazımdır. Bəs nədir hazırkı nəslin – yəni bizim əsas missiyamız? Bu haqda çox danışmaq mümkündür, amma bir şey mübahisəsizdir – Azərbaycanı bütöv və güclü şəkildə özmüzdən sonrakı nəslə ötürmək.
Başqa şeyləri isə müzakirə etmək olar. Edəcəyik də. Əsas odur, sağlıq olsun. Həm fiziki, həm də mənəvi sağlamlığınızdan muğayat olun. Görüşərik.




Teqlər:





Xəbər lenti