Azərbaycanın Ermənistana “tikinti materialı” göndərilməsinə asimmetrik və simmetrik cavabı - TƏHLİL

   Azərbaycanın Ermənistana “tikinti materialı” göndərilməsinə asimmetrik və simmetrik cavabı -    TƏHLİL
  30 Avqust 2020    Oxunub:27928
Sahib Alıyev
Millət vəkili

Prezidentin köməkçisi Hikmət Hacıyevin dünənki açıqlaması fikrimcə, Rusiyanın yenidən Ermənistana hərbi dəstək verməsilə bağlı Azərbaycanın açıq narazılığından sonra bu həftə Bakıyla Moskva arasında aparılan danışıqların rəsmi qiymətləndirilməsidir.
Onun Rusiyanın Ermənistanı intensiv silahlandırılmasıyla bağlı verdiyi izahatın bizi qane etmədiyini vurğulaması ilk növbədə o deməkdir ki, Ceyhun Bayramov-Sergey Lavrov görüşü öncəsi Sergey Şoyqunun Bakıya göndərilməsi Kremlin arzuladığı nəticəni verməyib, bəlkə də əksinə, ortadakı güvənsizliyi daha da artırıb. Halbuki, Azərbaycanda Rusiyanın müdafiə nazirinə yanaşma onun təmsil etdiyi dövlətin xarici işlər nazirinə olandan fərqlənirdi. O, hər halda, hay havadarı kimi qiymətləndirilmirdi.

Tovuz olaylarından dərhal sonra Rusiyadan Ermənistana ötürülən 400 tondan artıq hərbi təyinatlı yükü Şoyqunun “tikinti materialları” kimi qələmə verməsinə Hikmət Hacıyevin “bizi qane etmir” cavabının diplomatik dildən tərcüməsi “baş aldatmaq istəyirlər, ancaq keçməyəcək”dir. Prezidentin köməkçisinin də vurğuladığı kimi, Rusiyanın Ermənistana göndərdikləri tikinti materialları idisə, Mozdok-Aktau-Türkmənbaşı-Rəşt-Meğri-İrəvan marşrutuyla deyil, “başqa yollarla da”, məsələn, Gürcüstan üzərindən də daşına bilərdi.

Aydındır ki, rəsmi Bakı daşınan yüklərin sadəcə, marşrutuna dayanaraq, onların hərbi təyinatlı olduğu qənaətinə gəlməyib. Ortada dəqiq və təsdiqlənmiş bilgi olmasaydı, cənab İlham Əliyev Vladimir Putinlə telefon danışığında bu məsələni o cür qətiyyətli və açıq şəkildə qaldırmazdı.

Sergey Şoyqunun dedikləri bizi qane etmədiyi üçün, Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin görüşlərində də heç şübhəsiz ki, Ermənistana ötürülən 400 tondan artıq hərbi təyinatlı yüklə bağlı sual səsləndirilib. Lavrov isə həmin yüklərin iyulun ortalarında Ermənistandan gətirilib, Rusiyada satıla bilmədiyindən, geri qaytarılan kənd təsərrüfatı malları olduğunu deyə bilərdi və onun dedikləri bəlkə də, Şoyqununkundan daha məntiqli təsir bağışlayardı. Amma və lakin göndərilənlərin hərbi yük olmasının təkzibi rəsmi Moskvanın Donbasda Rusiya hərbçilərinin olmadığı haqda verdiyi açıqlamalar qədər inandırıcıdır.

Beləliklə, əgər Rusiya təqdim etməyə çalışdığı kimi, doğrudan da, “neytral mövqe” tutursa, onda sual yaranır ki, 12 iyul təxribatından dərhal sonra 400 tondan artıq hərbi təyinatlı yük Ermənistana hansı məqsədlə göndərilib? Növbəti təxribata əl atılanda bu dəfə üzləşdikləri acı reallıqla üzləşməmələri üçünmü?

Bəlkə, heç o təxribatı Ermənistan özbaşına törətməmişdi, forpostdakılar buna həvəsləndirilmiş, hətta təhrik edilmişdilər? Və Azərbaycan ordusunun zərərsizləşdirdiklərinin arasında haylarla yanaşı, təhrik edənlərin də təmsilçiləri vardı? Məncə, hər iki sualın ritoriklik dərcəsi Rusiyanın iyul-avqustda Ermənistana göndərdiklərinin hərbi təyinatlı yük deyil, tikinti materialı olması izahatının doğruluğundan yüksəkdir, həm də dəfələrlə yüksəkdir.

Orasını da deyək ki, əgər bir dövlət işğalçıyla işğalla üzləşənə yanaşmada hətta “neytral”dırsa belə, əslində bu, neytrallıq deyil, oğruyla doğrunu eyni gözdə görməkdir, yəni işğalçını dolayı dəstəkləməkdir. Çox təssüf ki, biz hazırda işğalçı Ermənistanın təkcə dolayı deyil, ötən əsrin 90-cı illərində olduğu kimi, birbaşa və açıq şəkildə də dəstəkləndiyini görürük.

Ermənistana verilən hərbi dəstəyin böyük narazılıq doğurduğunun ən yüksək səviyyədə qətiyyətlə dilə gətirilməsi, Prezidentin köməkçisinin haqqında danışdığımız açıqlaması onu göstərir ki, Moskvanın indiki addımları bu dəfə “tərəflər arasında prioriteti qoruyub saxlamaq”la yanaşı, Azərbaycanı Rusiyadan yeni silah-sursat almağa zorlamaqdan daha çox, başqa məqsədlərə xidmət edir. Haylara “tikinti materialı” göndərənlərin niyyəti tikmək yox, sökməkdir.

Mümkündür ki, 12 iyul döyüşlərinin nəticələrindən narazı qalanlar forpostun əliylə yeni təxribatlara hazırlaşırlar. Hər halda, Azəbycan-Türkiyə hərbi əməkdaşlığının daha da dərinləşdirlməsi və genişləndirilməsi, bu yöndə atılan intensiv addımlar, görülən başqa tədbirlər belə bir təhlükənin istisna edilmədiyini göstərir.

Hətta bütün bunların arxasında yeni təxribatlar gizlənmirsə belə, Rusiyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqlı olmadığı və Minsk qrupunun həmsədrindən daha çox, hay havadarı kimi davrandığı ortadadır. Çünki əks təqdirdə Ermənistana göndərilən hərbi yüklərlə bağlı Azərbaycanın ən yüksək səviyyədə dilə gətirilən narazılığından sonra da ora daha 100 min tondan artıq “tikinti materialı” ötürülməzdi. Və Rusiya Minsk qrupunun həmsədri olaraq, çözümünü öhdəsinə götürdüyü problemin doğrudan da həllini istəyirsə, onda Lavrov Ceyhun Bayramovla danışıqlardan sonra BMT qətnamələrinə toxunarkən diqqəti orada yer alan savaşın dayandırılması məsələsinə deyil, işağlıçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasına yönəldərdi.

Əgər bu, deyilmirsə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra onun bizim qulağımıza xoş gələn “Danşıqlar xatirinə danışıqlar aparılmamalıdır” açıqlamasının bir qara qəpik qədər qiyməti yoxdur. Və bu deyilənlərin səmimiyyət dərəcəsi ondan öncə daha yüksək səviyyədə səsləndirilən “Status kvonun qorunub saxlanması yolverilməzdir” sözlərindəki qədərdir.

Çünki sual oluna bilər ki, əgər siz doğrudan da status-kvonun qorunub saxlanmasının, danışıqlar xətrinə danışıqlar aparılmasının əlyehinəsinizsə, onda işğalçı Ermənistana təzyiq etməkdənsə, nədən hərbi, kəşfiyyat, informasiya, mütəxəssis dəstəyi göstərilir və digər yardımlar edilir?

Ona görə də, Prezident İlham Əliyev avqustun 13-də qardaş ölkənin hərbi elitasının ən üst təmsilçiləri - milli müdafiə naziri Hulusi Akar, ordu generalları Yaşar Güler, Ümit Dündar, Hasan Küçükakyüz, donanma admiralı Adnan Özballa görüşdə “Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır” fikrini elə-belə səsləndirmirdi. Bu, Ermənistana “tikinti materalı” göndərilməsinə Azərbaycanın asimmetrik və elə həm də simmetrik cavabıdır. Və bəzilərinin “Status kvonun qorunub saxlanması yolverilməzdir”, “Danşıqlar xatirinə danışıqlar aparılmamalıdır” açıqlmaları kimi sadəcə, gəlişi gözəl sözlər deyildir.



Teqlər:





Xəbər lenti