Bu gün ilaxır çərşənbəsidir

Bu gün ilaxır çərşənbəsidir
  19 Mart 2013    Oxunub:1648
Bu gün sonuncu çərşənbə - torpaq çərşənbəsidir. Qarşıdan isə "bizim Yeni ilimiz" sayılan Novruz Bayramı gəlir.
Hər çərşənbə axşamı hər kəs bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir. Və hər kəs müqəddəs çərşənbələri yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Sonuncu çərşənbəmiz Torpaq- xüsusilə fərqlənir... Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.

Axır çərşənbədə nələr etməli?

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma və s kimi adət ənənələrdən əlavə fala baxmaq və bir çox adət ənənələr öz aktuallığını qoruyur. Beləki, axır çərşənbədə Heyva Çubuğundan gözmuncuğu düzəldirlər..

Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən atdanarlar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlar, qorxanların başından su töküb qorxunu alarlar, evdən pul verməzlər, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırır, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Bu kimi adət-ənənələrdən əlavə Novruz fallarıda çox məşhurdur.

Niyyətlərin axşamı...

İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

İlaxır çərşənbə arzularınızın reallaşmasının başlanğıcı olsun!

Bayramınız mübarək!

AzVision.az



Teqlər:  





Xəbər lenti