ABŞ konqresmenlərinin İrəvanda yazılmış məktubu - TƏHLİL

   ABŞ konqresmenlərinin İrəvanda yazılmış məktubu -    TƏHLİL
  04 Sentyabr 2020    Oxunub:19514
Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış, “Artsax” adlandırılan, heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma qurumun qondarma prezidenti Araik Harutunyanın ünvanına bu günlərdə ABŞ Konqressinin dörd nümayəndəsinin imzaladığı təbrik məktubunun ünvanlanması dünya erməni icmasının radikal kəsiminin böyük sevincinə səbəb olub.
ABŞ parlamentinin Nümayəndələr Palatasının erməni məsələləri üzrə qrupunun üzvləri olan Frenk Pallone, Qus Bilirakis, Ceki Speiyer və Adam Şifin imzalarıyla Harutunyana göndərilmiş məktubda onlar “Artsax respublikasının xalqını müstəqilliklərinin 29-cu ildönümü münasibətilə” təbrik edir, keçən müddət ərzində “ölkənin bazar iqtisadiyyatının yaradılması, qanunun aliliyinin təmin edilməsi və hökumətin xalqın maraqlarını tam təmsil etməsi istiqamətində böyük addımlar atıldığı”nı bildirir və “ümid edirlər ki, Artsax ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda iştirak hüququ əldə edəcək, bu da regionda demokratiya və azadlığın təmin edilməsi nümunəsi olacaq”. Məktubda vurğulanır ki, “Artsax öz statusu ilə bağlı danışıqlarda mütləq iştirak etməlidir və regionda davamlı sülh bu amildən asılıdır”.

Konqresmenlər, ABŞ da daxil olmaqla bütün dünya dövlətlərinin Azərbaycanın ərazisi kimi tanıdığı bölgədə formalaşdırılmış separat quruluşa açıq-aşkar dəstək verməklə, qəbul olunmuş beynəlxalq hüquq normalarını tanımadıqlarını, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü tanımış dövlətlərin rəyini heçə saydıqlarını göstərdilər.

Konqresmenlərin bu addımının əsas səbəbi təbii ki, Amerikadakı erməni icmasının seçkilərdə dəstəyini qazanmaq üçün məsələnin mahiyyətini dərindən qavramadan ermənilərin siyasi sifarişlərini yerinə yetirilməsidir. Frenk Pallone, Qus Bilirakis, Ceki Speiyer, Adam Şif və daha bir neçə konqres nümyəndəsi əvvəllər də erməni icmasının təşəbbüslərində fəallıqla iştirak ediblər. Məsələn həmin bu şəxslər qondarma erməni soyqırımının Amerika parlementi tərəfindən tanınması layihəsini də fəal dəstəkləyiblər. Odur ki, Amerika daxilində ictimai rəyin manipulyasiyasına hesablanmış bu tip siyasi avantüraların ABŞ xarici siyasətinin prioriteti olduğunu demək doğru olmaz. Məktubda səslənən fikirlərin bir-birilə ziddiyyət təşkil etməsi də, mətnin hazırlanmasında erməni icmasını bir növ razı salmaq üçün hesablandığını göstərir. Məsələn məktubun birinci hissəsində qondarma “respublika”nın müstəqilliyi təbrik edilir, ikinci hissəsində isə bu “respublika”nın statusunun müəyyənləşdirilməsi üçün danışıqlarda iştirakının vacibliyi vurğulanır. Yəni konqresmenlər özləri etiraf edirlər ki, bu quruluşun statusu müəyyən edilməyib, amma, statusu müəyyən olunmamış, tanınmayan, yəni mövcud olmayan bir quruluşu “respublika” adlandırır və qondarma rəhbərini təbrik edirlər.



Nəzərə almaq lazımdır ki, ermənipərəst konqresmenlərin bu tip məktubları nə qədər absurd görünsə də, Vaşinqtonun regiondakı siyasi mövqeyilə bağlı yanlış rəy formalaşdıra bilər ki, bu da münaqişənin həllinə və regionda sülhün əldə olunmasına məneə yaradır. Ermənistanın siyasi rəhbərliyi bu yanlış fondan istifadə edərək, daxili ictimai rəyi tənzimləmləməyə, daha dəqiq desək, işğal olunmuş ərazilərdə məskunlaşdırılmış ermənilərdə güya Amerikanın onları dəstəkləməsi kimi yanlış təəssürat yaratmağa çalışırlar.

Məktubun mətnindən erməni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağı öz nəzarətində saxlamaq üçün hansı formula əl atdığı da aydın sezilir. “Artsax respublikasında bazar iqtisadiyyatı, qanunun aliliyi və xalqın təmsilçiliyi”ndən söz açılması, “İlham Əliyev rejimi” ifadəsinin istifadə olunması heç də təsadüfi deyil və məktubun mətninin birbaşa Yerevandan diktə olunduğunu sübut edir.
Narıncı dalğanın növbəti eybəcər övladı olan Nikol Paşinyan özünü demokratik dəyərlərin tərəfdarı kimi qələmə verməyə çalışır və dünya icmasına belə bir fikir aşılanır ki, işğal olunmuş ərazilər ermənilərdə qaldıqca güya demokratik dəyərlər qorunacaq, Azərbaycana qaytarılarsa, “rejim” buna imkan verməyəcək. Prezident İlham Əliyevin zibil qutusuna atdığı “qondarma Dağlıq Qarabağ respublikasının danışıqlarda iştirakının təmin olunması” təklifinin bu dəfə ermənipərəst konqresmenlərin dilindən şərt kimi irəli sürülməsi Yerevanın prosesə müdaxiləsinin başqa bir göstəricisidir.

Şübhəsiz ki, qondarma separatçı quruluşda bazar iqtisadiyyatından danışmaq gülüncdür. Nəzarətsiz qalan bu ərazilərin gəlirləri narkotik maddələrin istehsalı və nəqli, radioaktiv maddələrin saxlanılması, terror qruplaşmalarının yerləşdirilməsi və onlara təlim keçirilməsi üçün istifadə edilməsi hesabına formalaşır ki, bu faktlar da Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq müstəvidə sübut olunub.
Görəsən, amerikalı konqresmenlər bu məktubları ilə beynəlxalq terror və narkotik vasitələrin beynəlxalq dövriyyəsini dolayı yolla dəsdəklədiklərini anlayırlarmı?

Tofiq Vahid
Azvision.az



Teqlər: ABŞ   Konqresmenlər   Qarabağ  





Xəbər lenti