Belarus: Mümkün ssenarilər – TƏHLİL

      Belarus:    Mümkün ssenarilər –    TƏHLİL
  07 Sentyabr 2020    Oxunub:16077
Belorusda avqustun 9-da keçirilən seçkilərin nəticələri elan olunduqdan sonra başlayan kütləvi etiraz aksiyaları nisbətən səngisə də, hələ ki, prezident Lukaşenkonun vəziyyəti tam nəzarətə götürdüyünü dümək doğru olmaz. Hərçənd, suların durulması siyasi qüvvələrin fəaliyyətinin izlənilməsinə və Belorusda yaranmış siyasi böhranın mümkün nəticələrilə bağlı müəyyən təhlillərin aparılmasına imkan verir.
Belorusdakı siyasi böhranın səbəblərilə bağlı Polşanın keçmiş prezidenti, regionu kifayət qədər dərindən tanıyan siyasətçi Aleksandr Kvasnevskinin açıqlamaları məsələyə müəyyən aydınlıq gətirir. Son 26 il ərzində hakimiyyətdə olan Aleksandr Lukaşenkonun ilk dəfə bu qədər kəskin etirazlarla qarşılaşmasını Kvasnevski dörd əsas səbəblə əlaqələndirib. O, “BBC”yə verdiyi müsahibəsində bildirib ki, Belorusda keçirilən əvvəlki seçkilərdə saxtakarlıqlara yol verilirdisə də, Lukaşenko həqiqətən səsvermədə qalib gəlirdi, bu dəfə isə uduzub.

İkinci səbəb kimi o, Lukaşenkonun hakimiyyəti illərində doğulmuş gənc nəsli görür və hesab edir ki, gənc nəsil Lukaşenkonu istəmir. Üçüncü səbəb kimi Lukaşenkonun uzun illər uğurlu siyasətçi olduğunu və Belorusda iqtisadi artımı təmin etməsinə baxmayaraq, bu il pandemiya ilə bağlı bunun öhdəsindən gələ bilməməsini irəli sürüb. Nəhayət, sonuncu səbəb olaraq, son illərdə belorusların xarici ölkələrə səfərlərinin çoxalmasını da göstərib. Hər halda, Kvasnevski bu qənaətdədir ki, yaranmış siyasi böhranın nəticəsinin necəliyindən asılı olmayaraq, Belorusda siyasi sistem əvvəlki kimi qalmayacaq.

Lukaşenko isə yaranmış siyasi böhranda ilk növbədə xarici ölkələri – konkret olaraq, Polşa, Çexiya, Ukrayna və Latviyanı günahlandırır. Belorus prezidenti əmindir ki, ölkəsində olan kütləvi etiraz aksiyaları birbaşa bu dövlətlərdən idarə olunur. Onun bu mövqeyini rəsmi Moskva da qismən bölüşür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta Latviyanı Belorusun daxili işlərinə müdaxilə etməkdə, Ukraynanı isə bu ölkəyə 200-ə yaxın xüsusi təlim keçmiş dəstə göndərməkdə ittiham edib.

Bunu əminliklə demək olar ki, Minskdə oturuşmuş siyasi sistemin dəyişməsi, dəyişəcəyi təqdirdə əsas geosiyasi prioritetlərinin nədən ibarət olacağı ilk növbədə Belorusun yaxın qonşularını narahat edir. Məhz bu səbəbdən Rusiya, Ukrayna, Baltikyanı ölkələri, Polşa və Çexiya Belorus ətrafında gedən proseslərlə bağlı daha fəaldırlar. Bunun əsas səbəbi sabit iqtisadi-siyasi mühiti olan Belarusun heç bir siyasi qütbləşməyə qoşulmadan münasibətləri kəskinləşmiş Qərb ilə Rusiya arasında uğurlu iqtisadi, həmçinin siyasi vasitəçiliyi idi. Başqa sözlə desək, Belorusda hakimiyyət hansı yöndə dəyişərsə, həmin tərəfdə olan dövlət, yaxud, dövlətlər digərinin üzərində öncə iqtisadi, sonra isə təbii ki, həm də siyasi üstünlüyə malik olacaq.



Rusiya üçün Belorus ilk növbədə Avropa ilə onu bağlayan yeganə quru yoludur və Minskin “qərbləşməsi” Rusiya qazının Avropaya sonuncu çıxışının bağlanması deməkdir. Eyni zamanda, Rusiya hərbi-siyasi gücünün Avropadan tam çıxarılması, Moskvanın qərbə təsir imkanının heçə endirilməsi deməkdir. Bu səbəbdən, Rusiya hər vəchlə çalışacaq ki, Belorusu öz orbitində saxlamağa nail olsun.

Belorusun Rusiyanın təsir dairəsinə keçməsindən ən çox zərər çəkəcək ölkə isə Ukrayna olacaq. Çünki, Kiyevlə Minsk arasındakı iqtisadi bağlar zədələnməklə yanaşı, Ukraynanın Baltikyanı ölkələrlə də yerüstü əlaqələri kəsilə bilər. Bundan əlavə, Rusiya ilə faktiki müharibə şəraitinda olan Ukrayna üçün əlavə olaraq şimal sərhədlərinin təhlükəsizliyinin təminatı da çətinləşə bilər. Eyni zamanda, Baltikyanı ölkələrin Ukrayna ilə əlaqələri kəsilir ki, bu da Latviya, Litva və Estoniyanın Qara Dənizə çıxışının qarşısını alır. Nəhayət, bütün bu respublikaları Qara Dəniz vasitəsiylə Gürcüstana, oradan isə Böyük İpək Yolu nəqliyyat dəhlizinə bağlayan “Vikinq” layihəsinin reallaşması sual altına düşür.

Lukaşenkonun son addımlarından və bəyanatlarından sezmək olur ki, Belorus prezidenti hakimiyyətini xilas etmək üçün Rusiyanın köməyindən istifadə etməyə meyillidir. Prezident Putin belorus həmkarı Lukaşenkoya kömək etməyə hazır olduğunu da bildirib. Artıq Lukaşenko ilə Rusiyanın baş naziri Mişustin arasında görüş keçirilib və ilkin məlumatlara əsasən, tərəflər arasında uzun illərdir mübahisəli olan neft və qazın nəqlilə bağlı qiymətlərdə razılıq əldə olunub. Məlumat üçün bildirək ki, hələ 1998-ci ildən iki ölkə arasıda vahid dövlətin yaradılması haqqında müqavilə imzalansa da, Lukaşenko bu müqavilənin icrasının yubadılmasına və ölkəsinin suverenliyinin qorunub saxlanılmasına nail olub. Odur ki, Moskva Lukaşenkonun Rusiya ilə tam inteqrasiyadan boyun qaçıracağını anlayır, həmçinin, Belorus ərazisinə hərbi müdaxilə həyata keçirməyə də ehtiyat edir. Qərb artıq bununla bağlı Moskvaya xəbərdarlıq edib ki, ikinci Ukrayna böhranının yaşanmasını istəmir. Bu addım Rusiya üçün də əlverişli hesab olunmur, çünki bu halda Avropa ilə çətinliklə bərpa olunmuş iqtisadi-siyasi bağlar yenidən qopa bilər.

Güman ki, Rusiya ilk növbədə Lukaşenkonun zəifliyindən istifadə edərək, Belorusda iqtisadi aktivlərinin sayını artıracaq ki, mümkün hakimiyyət dəyişikliyi baş verə biləcəyi təqdirdə belə, bu ölkəyə təsir imkanlarından məhrum olmasın.
Növbəti mərhələdə, hakimiyyətin dinc yolla dəyişdirilməsi və rusiyayönümlü fiqurların Belorusun siyasi səhnəsinə gətirilməsi Kremlin əsas niyyəti ola bilər. Artıq Lavrovun Belorusda gözlənilən konstitusiya dəyişikliyinin mümkünlüyündən söz açması və Rusiya tərəfinin paralel olaraq, Belorusun müxalifət nümayəndələrilə də danışıqlara başlaması bunu göstərir.
Yeni konstitusiya layihəsində parlamentintin və baş nazirin səlahiyyətlərinin artırılması, prezidentin isə nüfuzunun zəiflədilməsi nəzərdə tutulur. Hadisələrin bu tip gedişatı Lukaşenkoya yalnız hakimiyyəti saxlamaq üçün növbəti addımlarını hesablamağa vaxt qazandırır.

Tofiq Vahid
Azvision.az üçün



Teqlər: Belorus   Lukaşenko  





Xəbər lenti