Azərbaycan Avropa qaz bazarında güclü oyunçu olacaq - TƏHLİL

   Azərbaycan Avropa qaz bazarında güclü oyunçu olacaq -    TƏHLİL
  11 Sentyabr 2020    Oxunub:9503
Azərbaycan qazının Avropaya satılmağa başlayacağı gün yaxınlaşdıqca, bu sahədə "qoca qitə" uğrunda mübarizə qızışmaqdadır. Bəlkə də hazırda şimal qonşumuzda müəyyən dairələr gileylənirlər ki, kaş, Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə ilk gündən imkan verməzdik. Əlbəttə, buna nail olmaq mümkün idi, ya yox – bu, başqa söhbətin mövzusudur. Söhbət ondan gedir ki, Avropaya qaz satışı sahəsində Rusiyanın inhisarçı mövqeyi Şimal Buzlu okeanın buzları tək əriyir. Və bunda günahkar heç də Bakı deyil.
Bəli, Cənub Qaz Dəhlizi tamamlanmış layihə sayılır. “Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə artıq Avropaya nəql edilir. Təbii qaz Türkiyə-Yunanıstan sərhədində TANAP-a qoşulan Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) vurulub ki, gələn ilin ilk rübündə TAP tam istifadəyə veriləcək.

Azərbaycan ilk dəfə 13 il qabaq - 2007-ci ildə təbii qaz ixrac etməyə başlayıb. Həmin ildə Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verilməklə Türkiyəyə “mavi yanacaq” ixrac edilməyə başlanıb. Cənub Qaz Dəhlizi layihəsinin 3-cü hissəsini təşkil edən TANAP-ın da ilk rüşeymi məhz həmin kəmərlə qoyulub.

“Şahdəniz” yatağı üzrə ilk qaz müqaviləsi isə bundan xeyli əvvəl, - 1996-cı ilin 4 iyun tarixində imzalanmışdı. Müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%). Ancaq o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi aktual deyildi. Və hər hansı qaz layihəsi haqda söhbət düşəndə isə bu cəfəngiyyat sayılır, rentabelsiz hesab edilirdi.

Buna baxmayaraq, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizin Avropaya qaz ixrac etməyə başlayacağına dair hələ 2007-ci ildə anons sayıldı. Bu, Azərbaycanın gələcəkdə böyük qaz ixracçısı kimi tanınacağına da işarə idi. Ümumiyyətlə, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Cənub Qaz Dəhlizi üçün bir növ rüşeym sayılırdı. Odur ki, Azərbaycandan Avropaya qaz ixracı gec-tez gerçəkləşəcəkdi, Avropa İttifaqı (Aİ) özü buna dəstək göstərəcəkdi. Xüsusən də söhbət, "Şahdəniz-2" kimi zəngin bir yatağın mövcud olduğu yerdən getdiyi halda…

Demək istədiyim budur ki, Aİ və ümumiyyətlə Qərb xeyirlərinə olan, maraqlarına cavab verən layihələrin heç birinə heç vaxt anında lazımi reaksiya göstərməyib. Göstərsəydi, TAP indiyədək hazır olmalı idi. Belə ki, ölkəmiz Avropaya qaz satmağa əslində, bu ilin əvvəlindən başlamalı idi. Ancaq yuxarıda qeyd etdiyim kimi, bu, hələ gələn il baş tutacaq.

Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir. Layihə elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə bunu 2 dəfəyədək, hətta daha çox artırmaq mümkün olacaq. Yeri gəlmişkən, sözügedən layihə hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya da bu sıraya qoşulacaqlar. Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.

Lakin bütün bunlar yenə o demək deyil ki, Azərbaycan Avropa bazarında kiminsə mövqeyinə sahib çıxır və yaxud çıxacaq. Təkrar edirəm, Avropaya qaz satışı bazarında Rusiyanın inhisarçı mövqeyinin Şimal Buzlu okeanın buzları tək əriməsində ölkəmiz günahkar deyil.

Məsələn, 2020-ci ilin birinci yarısında Türkiyəyə qaz ixrac edən ölkələr sırasında Azərbaycan lider olub. Türkiyə Azərbaycandan 5,444 milyard kubmetr qaz idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 faiz artıq... 2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Türkiyəyə qaz ixracı isə 41,5 faiz azalaraq 4,678 milyard kubmetr təşkil edib.

Və yaxud, götürək, Türkiyənin Qara dənizin özünə aid hissəsində 320 milyard kubmetrlik həcmdə qaz yatağını kəşf etməsi faktını... Bu kəşf 2010-cu ildə Norveç tərəfdən Şimal dənizində aşkar olunan qaz yataqlarının cəmi qədər əhəmiyyətə malikdir. Qara dənizdə açılan bu yataq ümumi qaz bazarında oyun qaydalarına Türkiyənin də öz diqtəsini yeritməyə imkan verəcək. Lakin Türkiyə ən böyük təbii qaz istehlakçısı və idxalçılarından, özü ən böyük qaz bazarlarından biri sayıldığından sual oluna bilər ki, öz qazına sahib olduqdan sonra Azərbaycanın Cənub Qaz Dəhlizinə zərər gələ bilərmi? Xeyr…

Əvvəla, yatağın aşkarlanması hələ başlanğıcdır - hasilat böyük investisiyalar tələb edir. Hələlik təxminən 6 milyard dollar investisiyanın tələb olunduğu deyilir ki, yataqdan ildə 14-15 milyard kubmetr qaz almaq mümkün olarsa bu, Türkiyə istehlakının üçdə biri qədər deməkdir.
İkincisi, kənar alıcılar arasında seçim edilərsə Türkiyənin Azərbaycana üstünlük verəcəyi aydındır. Digər tərəfdən, Cənub Qaz Dəhlizi daha çox Avropa bazarı üçündür. Və Türkiyə özü lap qaz hasil etsə də belə, Cənub Qaz Dəhlizi əhəmiyyətini itirməyəcək. Yəni, Qara dənizdə aşkarlanan yataq da dolayısı ilə Rusiyanın Avropa və Türkiyə kimi qaz bazarlarındakı mövqelərinə istər-istəməz zərbə vuracaq. Bunda Bakının günahı varmı? Təbii ki, yox…

Sözün qısası, Azərbaycan qazı Avropa bazarına hələ çıxmamış belə, rəqabət imkanları baxımından üstündür. Və bu, ölkəmizin yaxın gələcəyi üçün çox böyük perespektivlər vəd etməkdədir.

Xatırladım ki, 2006-cı ildə açılışına qədər Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə də eyni yanaşma var idi: BTC rentabelsiz hesab edilir, cəfəngiyyat sayılır və ona pul qoyulmasına "ağılsız iş" kimi baxılırdı. Həqiqətən də, Xəzər və Aralıq dənizlərini ilk birləşdirici layihə sayılan BTC-ni həyata keçirmək çox çətin bir iş sayılırdı. Həm geosiyasi, həm də texniki baxımdan…

Ancaq dövlət başçımız İlham Əliyev qeyd etmişkən, Azərbaycan bu gün çox sabit neft təchizatçısı olaraq tanınır və qəbul edilir. Çünki BTC kəməri 2006-cı ildə açıldığı gündən bəri heç bir fasilə, fors-major və problem ilə üzləşməyib. Bir sözlə, qaz sarıdan da Avropa bazarında indidən qazandığımız və hələ daha da möhkəmlədərək genişləndirəcəyimiz mövqeyimizə heç bir qüvvə kölgə sala bilməyəcək.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Qaz   Cənub-qaz-dəhlizi  





Xəbər lenti