Əbülfəs Qarayev vətəndaşlara söz verdi

Əbülfəs Qarayev vətəndaşlara söz verdi
  28 Yanvar 2014    Oxunub:1494
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də Göyçay şəhərində Heydər Əliyev Mərkəzində Yevlax şəhər, Göyçay, Daşkəsən, Göygöl, Samux, Ucar, Kürdəmir rayonlarından vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula yazılmış 30-dan çox vətəndaş müxtəlif məsələlərə dair xahiş və təkliflərini nazirə ünvanlayıb.

Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tədris ocaqlarında kadr təminatı, mədəniyyət evlərində ştatların artırılması, mədəniyyət ocaqlarının avadanlıqlarla təmin edilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bu sahə üzrə kadrların azlığı, mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Qəbula gələn bütün vətəndaşları dinləyən Əbülfəs Qarayev bu cür əhəmiyyətli mövzulara yerli sakinlərin önəm verməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edilib ki, səslənən bütün xahiş, təklif və təşəbbüslər nəzərdən keçiriləcək, onların reallaşması ilə bağlı lazımı tədbirlər görüləcək.

Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir ölkə Prezidentinin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu görüşlər ənənə halını alıb, hər görüş bölgələrdə sakinlərin problemləri ilə tanış olmaq və müvafiq tədbirlər görmək imkanı verir.

Ötən ilin aprelindən etibarən müxtəlif bölgələrdə artıq 12 görüş keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev Göyçay şəhərində gerçəkləşən qəbulda da ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gəldiyini deyib. Görüşdə mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması, kadrlarla təminat, uşaq musiqi məktəblərinin maddi təchizatı, yeni bina və sinif otaqlarının tikintisi, tarixi abidələrin təmir-bərpası, arxeoloji tədqiqatların aparılması, bölgələrdə turizmin inkişafına dəstək, bu sahədə təşəbbüslərin həyata keçirilməsi kimi məsələlər qaldırılıb.

Nazir bu məsələlərin bir çoxunun mədəniyyət və turizm sahəsində həyata keçirilən proqram və layihələr, regionların inkişafı üzrə dövlət proqramları çərçivəsində tədricən həllini tapdığını, bütün müraciətlərin diqqətə alınacağını, o cümlədən sosial məsələlərlə bağlı xahişlərin lazımı instansiyalara çatdırılacağını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti