Qazanan kimdir: Yaxın Şərq, yoxsa Tramp? - TƏHLİL

      Qazanan kimdir:    Yaxın Şərq, yoxsa Tramp? -    TƏHLİL
  18 Sentyabr 2020    Oxunub:14589
İsrailin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn ilə münasibətlərin normallaşdırılması haqqında imzaldığı müqavilələr dünyada böyük rezonansa, eyni zamanda, fərqli dəyərləndirmələrə səbəb olub. Tədbirin təşkilatçısı – ABŞ prezidenti Donald Trampa görə bu, Yaxın Şərqdə yeni eranın başlanmasıdır. Amma Yaxın Şərqin özündə heç də çoxları belə düşünmürlər.
Xatırladaq ki, Ağ Evin qarşısındakı çəmənlikdə İsral ilə iki ərəb dövləti 3 müqavilə imzalayıblar: İsraillə BƏƏ arasında “Sülhün, diplomatik münasibətlərin bərpası və tam normallaşdırma haqqında Müqavilə”, İsraillə Bəhreyn arasında “Sülh, əməkdaşlıq, konstruktiv diplomatik münasibətlər və dostluq haqqında Deklarasiya”, bir də üç tərəfin arasında ümumi “İbrahim müqaviləsi” (Söhbət 3 dinin ortaq peyğəmbəri Avraam-İbrahimdən gedir). Sonuncu müqavilədə tərəflər öhdəlik götürürlər ki, bundan sonra dinlər və mədəniyyətlər arasında dialoqu inkişaf etdirəcək, bölgədə və dünyada sülhün, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, radikallığın və münaqişələrin sonunun çatmasına çalışacaqlar.

Hər 3 sənədin altına imzasını qoyan Donald Tramp bəyan edib ki, hələ daha 5-6 ərəb dövləti də prosesə qoşulacaq. Amma bunların hansı dövlətlər olacağına aydınlıq gətirməyib. Müşahidəçilərə görə, söhbət Səudiyyə Ərəbistanından, Oman və Sudandan gedə bilər.

- Biz burada tarixin gedişatını dəyişmək üçün toplaşmışıq. Onillərlə sürən ziddiyyət və münaqişədən sonra biz Yeni Yaxın Şərqin doğuluşunu qeyd edirik,- deyə Tramp vurğulayıb. Amma skeptiklər onun bu optimizmini bölüşmürlər. Onların fikrincə, Ağ Evin həyətində imzalanan müqavilələr Trampı can atdığı Nobel Mükafatına yaxınlaşdıra bilər, Yaxın Şərqi sülhə isə əsla.

Skeptiklərin arqumentləri kifayət qədər əsaslı görünür. Hər şeydən əvvəl, Trampın imzalanmasına nail olduğu müqavilələr heç də İsraili onunla düşmən olan ərəb dövlətlərilə barışdırmayıb. Normallaşma haqda müqaviləni imzalayan BƏƏ və Bəhreynin İsraillə münasibətləri zatən normal idi. Misir və İordaniyadan sonra onlar İsraillə diplomatik münasibətləri bərpa edən üçüncü və dördüncü dövlətlər olmuşdular (1979 və 1994-cü illərdə).
İsrail tərəfdən müqavilələri baş nazir Binyamin Netanyahu imzalasa da, BƏƏ ilə Bəhreynin xarici işlər nazirləri səviyyəsində təmsil olunmaları da məsələnin ciddiyyətini azaldan amildir.

Ərəb-İsrail münaqişəsinin əsas tərəfi olan Fələstinin özü isə normallaşma prosesinə xeyli sərt yanaşıb. Ağ evin həyətində sənədlər imzalankarən fələstinlilər həmin günü “Milli qəzəb günü” elan edərək, əksər şəhərlərdə mitinqlər keçirib, yəhudilərlə müqavilə imzalayanları isə satqınlıqda ittiham ediblər; ürəkləri soyumadığından, üstəlik, İsrailə tərəf bir neçə raket də buraxıblar.

Yada salaq ki, yanvar ayında ABŞ İsrail-Fələstin münaqişəsinin həllilə bağlı “iqtisadi imkanlar üçün qarşılıqlı güzəştlər” təklifini irəli sürmüşdü. Amma Fələstin həmin təklifi qəbul etməyib. Trampın fikrincə, ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşması nəticəsində Fələstinin gec-tez imkanları daralacaq və təklifləri qəbul etməkdən başqa variantı qalmayacaq. Amma əlbəttə ki, bu zaman İranı və Türkiyənin proseslərə təsir imkanlarını, həmçinin “Hizbullah”, “Həmas”, “İslami Cihad” kimi qeyri-dövlət aktorlarının fəaliyyətini də unutmaq olmaz.

Ona görə də, Trampın imzalanmasına nail olduğu müqavilələr Yaxın Şərqdə nə dərəcədə tarixi hadisə sayıla bilər – bu haqda indidən nəsə demək çətindir. Əgər normallaşma prosesinə qoşulan ərəb dövlətlərinin siyahısı böyüməsə, yəqin ki, heç bir ciddi nəticədən danışmaq mümkün olmayacaq. Bu sənədlər seçkiqabağı Trampa xal qazandıra bilər, bəlkə onu Nobel mükafatına da yaxınlaşdırar, amma Yaxın Şərqdə “yeni dövrün başladığını” iddia etmək hələ çox tezdir. Yada salaq ki, 90-cı illərin əvvəllərində də İsrail ərəb qonşuları ilə münasibətləri normallaşdırmağa başlamışdı, amma Fələstinlə münaqişənin qızışması hər şeyi alt-üst etdi.

Tariyel Həsənov
Azvision.az



Teqlər: İsrail   Fələstin   ABŞ  





Xəbər lenti