“Siyasi müstəqillik iqtisadi müstəqillik üzərində bərqərar olur”

 “Siyasi müstəqillik iqtisadi müstəqillik üzərində bərqərar olur”
  19 Mart 2013    Oxunub:1836
Prezident İlham Əliyev bu gün Novruz şənliklərində iştirak edib.
Dövlət başçısı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib. Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlət başçısını hərarətlə qarşılayıblar. Dənizkənarı Milli Parkdakı bayram mərasiminə qatılan Prezident İlham Əliyev nitq söyləyib

“Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə həmişə sadiq olub. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Milli-mənəvi dəyərlər bizim üçün əsas məsələdir. Bizim gənc nəsil bu dəyərlər üzərində milli ruhda, vətənə bağlı böyüməlidir”-deyə ölkə başçısı bildirib.
20 ildən çoxdur ki, Azərbaycanın müstəqil dövlət kimi kifayət qədər nailiyyətlər əldə etdiyini deyən dövlət başçısı müstəqilliyin ilk illərinin ölkəmiz üçün ağır keçdiyini, artıq ölkədə sabitliyin yarandığını söyləyib.
Prezident İlham Əliyev dövlətin ideoloji dayağının Azərbaycançılıq məfkurəsi üzərində qurulduğunu vurğulayıb.

“Siyasi müstəqillik iqtisadi müstəqillik üzərində bərqərar olur” deyən dövlət başçısı iqtisadi uğurlardan danışıb, dünya üçün böhranlı illərdə belə, Azərbaycanın inkişaf dinamikasının davamlı olduğunu , düşünülmüş siyasi və iqtisadi islahatların bəhrəsini verdiyini bildirib.

Bu gün Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüsün reallaşmadığını deyən dövlət başçısı ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını, Azərbaycanın müstəqil siyasətinin dünya birliyi tərəfindən qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasına və Qoşulmamaq hərəkatına üzv olan Azərbaycanın enerji diplomatiyası da uğurludur.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində həllini tapmadığını deyən dövlət başçısı Azərbaycanın bütün imkanlardan istifadə edərək məsələnin tezliklə həll olunmasına çalışacağını vurğulayıb.

“Azərbaycanla rəqabət aparmaq üçün Ermənistanın nə imkanı, nə insan resursları, nə də ki, iradəsi var” deyən Prezident İlham Əliyev ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərindən danışıb, bu gün Bakının ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Prezident deyib ki, Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi.
AzVision.az


Teqlər:  





Xəbər lenti