Mnatsakanyanın son açıqlmasının pərdəarxası

   Mnatsakanyanın son açıqlmasının pərdəarxası
  14 Oktyabr 2020    Oxunub:10688
Sahib Alıyev
Millət vəkili

Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan dünən yenidən Moskvada peyda olmuşdu və bir sıra sərsəm açıqlamalarda bulundu ki, fikrimcə, onların arxasında çox böyük məkr gizlənir.
Söhbətin nədən getdiyinə toxunmamışdan öncə, onu bildirim ki, Bayramovla Lavrov-Mnatsakanyan arasındakı 9-10 oktyabr Moskva danışıqlarından sonuncuların heç də razı ayrılmadıqları elə ilk gündən bəlli idi. Danışıqların 11 saat uzanmasının əsl səbəbi də məncə, elə lavrovların Azərbaycandan istədiklərini qopara bilməmələrindən, işğalçılar rədd olub getməmiş Qarabağa “sülhyaradıcı” adı altında yad qüvvələrin yeridilməsinə izn verməməmizdən qaynaqlanırdı.

Ermənistanın Xarici İşlər nazirinin dünən Moskvada guya Türkiyənin Qarabağa Suriya və Liviyadan islamçılar gətirməsiylə bağlı sərsəmləməsində də məqsəd çox güman ki, başqa yolla həmin niyyətin yerinə yerilməsinə zəmin yaratmaqdır. Hiss olunur ki, onlar bunu qabartmaqla Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq cəhdlərini bir tərəfdən islamafobiya xəstəliyinə COVİD-19-dan da geniş yoluxan, Türkiyəyə qısqanclıqla yanaşan qərbdəkilərə müsəlman-xristian qarşıdurması kimi təqdim edərək orada rəğbət, dəstək qazanmaq, digər tərəfdən isə Azərbaycandan razılıq almadan başqa dövlətlərin ordusu Qarabağa yeridilərsə, ona legitim don geyindirmək niyyəti güdürlər. Yəni qoşun yeridənlər deyə bilərlər ki, “islam terrorçuları”ndan özləri üçün gələn təhlükəni aradan qaldırmaq məqsədilə belə bir addım atmaq zorunda qalıblar. Bu ad altında çoxları çox oyundan çıxdıqlarıdan düşünürlər ki, onda qərbdəkilər baş verənləri nisbətən anlayışlı qarşılayacaqlar.

Bir sözlə, açıq-aydın görünür ki, Azərbaycanın cəbhədə status-kvonu dəyişdirməsi “status-kvo dəyişməldir” deyənlərin də ürəyindən deyil. Televiziyalarındakı tok-şoularına baxanda Azərbaycanın danışıqlar stolu arxasında cəbhədəki vəziyyətdən çıxış etməsinin də onları bərk qıcıqlandırdığı hiss olunur. Oysa təəssüf ki, indiyə qədər biz danışıqlar masasında hüququn gücünün deyil, gücün hüququnun əsas götürüldüyünün, savaş aparan tərəflərdən kimin haqlı olmasının yox, hansının ordusunun cəbhədə daha çox uğur qazandığının nəzərə alındığının şahidiyik.

İndi isə haqq və ədalət Azərbaycanla olduğu kimi, cəbhədə uğur qazanan da bizik. Yəni əslində dövlətimiz cəbhədə güçün hüququnu tətbiq etməklə həm də bir çoxlarının ayaqlar altına salaraq tapdadıqları hüququn gücünün bərpasına çalışır.

Məhz bu üzdən haylarla havadarları birincisi, ordumuzun cəbhədəki uğurlarını şühbə altına alır, ikincisi, dana bilmədiklərini də Türkiyənin adına yazır, onun regional ambisiyaları kimi təqdim edir, üçüncüsü baş verənlərə müsəlman-xristian qarşıdurması donu geyindirirlər.

Bir zaman cəbhədə hayların yox, məhz özlərinin yaratdıqları vəziyyəti onların uğurları kimi gözümüzə soxanlar, “ermənilər sizdən güclüdür, reallıqdan çıxış etməlisiniz” deyənlər indi Azərbaycan ordusunun dəyişdirdiyi həmən reallıqla barışmaq istəmirlər. Yəqin elə həm də ona görə ki, darmadağın etdiyimiz “təmas xətti” də, “Ohanyan istehkamı” da nə Ohanyanlıq, nə də ohanyanlarlıq deyildi. Verdiyi son intervülərdən birində Ali Baş Komandanımız da üstüörtülü təsir bağışlasa da, buna açıqca toxunmuşdu.

Və artıq “yarılmaz istehkamlar” “məğlubedilməz erməni ordusu” mifiylə birgə göyə uçurulub. Həm də bu uçurulma 2016-cı ilin aprelindəki kimi cəmisi bir neçə yerdə olmaqla daha çox ön xəttə deyil, bütün cəbhə boyu və strateji dərinliklərdə də reallaşdırıldı. Kimsə bunu görməzdən gələ bilməz! Azərbaycan ordusunun öz torpaqlarında öz torpaqları üçün vuruşduğu, daha doğrusu, işğalçı Ermənstanla havadarlarının bizi belə bir realıqla üz-üzə qoyduqları da unudulmamalıdır!

Az-çox ləyaqəti olan elə bir dövlət və yaxud xalq tapmaq mümkündürmü ki, torpaqlarının işğal altında saxlanmasıyla barışsın, bəzilərinin bizə sırımağa çalışdıqları təzə terminlə-“ədalətsiz sülh”lə razılaşsın? Bunu təklif edənlər özləri bizim vəziyyətlə üzləşsəydilər, razılaşardılarmı torpaqlarının de-fakto işğalının de-yureləşməsi demək olan bu “ədalətsiz sülh”lə? Əsla yox!
Biz də razılaşmırıq və Ali Baş Komandanımız cənab İlham Əliyevin ortaya qoyduğu iradə, müzəffər ordumuzun cəbhədəki ard-arda uğurları, xalqımızın böyük qələbə əzmi göstərir ki, razılaşmayacağıq da!


Teqlər: Qarabağ   Lavrov   Mnatsakanyan  





Xəbər lenti