Erməni təbliğatının 5 əsas tezisi və onların ifşası

   Erməni təbliğatının  5 əsas tezisi  və onların ifşası
  19 Oktyabr 2020    Oxunub:27024
Hazırda erməni təbliğatı bütün gücü ilə dünya ictimaiyyətini aldatmaq üçün çalışır. Bu məqsədlə xüsusi hiyləgər tezislər uydurulur və mediada, eləcə də, sosial mediada inkişaf etdirilir.
Erməni təbliğatı ilə mübarizə aparmaq üçün bu tezisləri tanımaq və məntiqlə etiraz etməyi bacarmaq lazımdır. Əlbəttə, azərbaycanlılar bütün bunları onsuz da bilirlər, amma xaricilər üçün təbii, hər şey bizə olduğu qədər aydın deyil. Ona görə də, bu materialın müxtəlif xarici dillərə tərcüməsi AzVisionun digər versiyalarına da yerləşdirilib:

5 main theses of Armenian propaganda and their exposure
Пять основных тезисов армянской пропаганды и их разоблачение
5 thèses principales de la propagande arménienne et leur révélation
5 أطروحات رئيسية للدعاية الأرمنية وفضحها
5 Hauptthesen der armenischen Propaganda und ihre Aufdeckung

Sizi bu materialları paylaşmağa və informasiya savaşında düşmən təbliğatı ilə davamlı mübarizə aparmağa çağırırıq. Bu, hamımızın vətəndaş borcudur.

Beləliklə, ermənilərin yalan maşınını əsas tezisləri bunlardır:

1. “Azərbaycan tərəfdə Türkiyə, Pakistan, həmçinin Suriyadan gəlmiş muzdlular döyüşür”.


Doğrudan? Heç nəyə yox, erməni tərəfin yaydığı rəsmi məlumatlara baxaq. Onlar RƏSMƏN iddia edirlər ki, bu günə qədər döyüşlərdə 6000-dən çox azərbaycanlı həlak olub. Söhbət məhz Azərbaycan vətəndaşından gedir. Bu, əlbəttə, yalandır, amma ermənilərin bir yalanı digərini çox gözəl ifşa edir: Əgər döyüşlərdə 6000-dən çox Azərbaycan vətəndaşı həlak olubsa, bu, o elə o deməkdir ki, cəbhədə vuruşanlar hansısa mifik muzdlular, terrorçular, türkiyəlilər, pakistanlılar, orklar, elflər yox, məhz AZƏRBAYCANLILARDIR! Öz torpağını qaytarmaq üçün çalışan Azərbaycan vətəndaşları!

2. “Azərbaycan tərəfin “Blitskriq” cəhdi alınmadı”

Müharibənin lap ilk günündən Azərbaycan bəyan etmişdi ki, heç bir “Blitskriq” düşünülmür, məqsədimiz insan həyatlarını maksimum qorumaq və torpaqlarımızı minimum itkilərilə azad eməkdir. Döyüş əməliyyatlarının aparılma üslubu da bunu göstərirdi: Dronlar və artilleriyanın köməyilə düşmən texnikasını sıradan çıxarandan sonra tədricən irəliləmək. Bəli, Azərbaycan Ordusu qısa vaxtda kifayət qədər çox ərazini azad edə bilib, amma bunun səbəbi ermənilərin qorxaqlığında və döyüş mövqelərini atıb qaçmalarındadır.
(Azərbaycanın niyyətinin “Biltskriq” olmadığını biz müharibənin ilk günlərində yazdığımız şərhdə də göstərmişdik.)

3. “Qarabağda Ərdoğan Rusiya ilə proksi-müharibə aparır”

Erməni təbliğatı var gücü ilə belə təsəvvür yaratmağa çalışır ki, regionda baş verənlər Türkiyənin Rusiyanın maraqları zonasına müdaxilə cəhdidir. Burada məqsəd Azərbaycan-Ermənistan münaqişəsinin mahiyyətini dəyişərək, Rusiya-Türkiyə, daha sonra isə, əgər alınsa, KTMT-NATO qarşıdurmasına çevirməkdir. Ermənistanın öz ərazisindən Azərbaycan şəhərlərini atəşə tutmas da buna hesablanıb.
Reallıqda baş verən isə budur ki, Azərbaycan özünün qanuni sərhədləri daxilində əməliyyatlar aparır və bu işdə qardaş Türkiyə ancaq siyasi və mənəvi dəstək verir. Bəli, bizim arsenalımızda Türkiyə silahları var, amma eyni şəkildə İsrail, Belarus, Ukrayna, Pakistan, Rusiya, Çexiya silahları da mövcuddur. Onda belə çıxır ki, bütün bu ölkələr də Qarabağda Ermənistana qarşı döyüşürlər?! Öz ordusuna leqal şəkildə silah almaq istənilən dövlətin haqqıdır - əgər pulu varsa. Maraqlısı odur ki, pulu olmayan Ermənistan öz silahlarını haradan, necə əldə edib?!

4. “Azərbaycan erməniləri qırmağa və etnik təmizləmə aparmağa çalışır”

Azərbaycan tərəfdən bütün bu baş verənlər – mahiyyətcə sülhə məcburetmə əməliyyatıdır. Məqsəd Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və danışıqlar masasına əyləşməyə məcbur etməkdir. Ermənistan buna razılaşan kimi hərbi əməliyyatlar dayandırıla bilər. Azərbaycan erməni əhali ilə savaşmır, Ermənistanın hərbi qüvvələrini öz ərazisindən çıxarmağa çalışır.

5. “Qarabağ ermənilərini xilas etmək üçün dünya onların müstəqilliyini tanımalıdır”

Qarabağın dinc əhalisini heç bir halda heç bir təhlükə gözləmir. Optimal ssenari bu olardı ki, Ermənistan uduzduğunu etiraf edərək, Azərbaycanın ərazi bütövlüyünü tanısın və müharibə bitsin, Qarabağın (həm də onun erməni əhalisinin) statusu müəyyən edilsin. Ermənistan ordusunu Azərbaycan ərazisindən çıxarmamaqla bu optimal ssenarinin reallaşmasına imkan vermir. Fəqət, hətta bu halda belə, Azərbaycan ancaq erməni kombatantları zərərsizləşdirəcək, öz vətəndaşı kimi qəbul etdiyi mülki əhalinin isə bütün hüquqları təmin olunacaq.
Qarabağın “müstəqilliyini” tanımaq mümkün deyil, bu, beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə tapdalamaq olardı. Dünyada heç bir ölkə heç vaxt bunu etməyəcək. Maraqlıdır ki, Ermənistanın özü hələ də Qarabağın müstəqilliyini tanımadığı halda, ermənilər bunu başqa ölkələrdən tələb edirlər.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Erməni-yalanları   İnformasiya-müharibəsi  





Xəbər lenti