“Yaxşı münasibətlərimiz təkcə qonşu olmağımızdan irəli gəlmir”

“Yaxşı münasibətlərimiz təkcə qonşu olmağımızdan irəli gəlmir”
  21 Mart 2013    Oxunub:1503
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ölkəmizə sevgisindən danışıb.
“Sizin hamınızı ölkənizdə ən mühüm bayram olan Novruz münasibətilə təbrik edirəm. Birinci dəfədir ki, bu bayramda Bakıya gəlmişəm və Bakı baharı mənim çox xoşuma gəlir”.

Bu sözləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana səfəri çərçivəsində AzərTAc-ın suallarını cavablandırarkən deyib:

“Ölkənizi, Bakını çox sevirəm. Bu, mənim xarici işlər naziri kimi buraya ikinci səfərimdir. Yəqin yadınızdadır, hökumətimiz işə başlayan kimi Baş nazirimiz Brüsseldən sonra dərhal Bakıya gəlmişdi. Bu, Brüsseldən sonra Baş nazirimizin ilk səfəri idi və onu mən müşayiət edirdim. Bu səfər keçən ilin dekabrında olmuşdu. Məni ölkənizlə çox şey birləşdirir, burada olmağımdan məmnunam.

İndi isə terrorizmə qarşı mübarizəyə dair beynəlxalq konfransda iştirak etmək üçün gəlmişəm. Bundan başqa, səfər çərçivəsində mən Azərbaycan Prezidenti ilə, Baş nazirlə, parlament sədrinin birinci müavini ilə və əlbəttə, həmkarım – xarici işlər naziri ilə görüşmüşəm. Mədəniyyət naziri ilə çox maraqlı görüşüm olub. Bir sözlə, bu, çox səmərəli səfər olub.

Düşünürəm ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini nümayiş etdirir. Yaxşı münasibətlərimiz təkcə qonşu olmağımızdan irəli gəlmir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bu, təkcə ikitərəfli münasibətlərdə deyil, çoxtərəfli münasibətlərdə də özünü büruzə verir. Bizim çox sıx iqtisadi əlaqələrimiz, bir çox ümumi layihələrimiz vardır. Belə hesab edirəm ki, Azərbaycan və Gürcüstan bu əməkdaşlığı, strateji tərəfdaşlığı inkişaf etdirməlidirlər. Çünki bu, regionumuzda sabitliyin çox mühüm amilidir”.



Teqlər:  





Xəbər lenti