Dağlıq Qarabağla bağlı xüsusi bəyanat

Dağlıq Qarabağla bağlı xüsusi bəyanat
  21 Mart 2013    Oxunub:1460
Litva Seyminin Xarici işlər komitəsinin sədri Benediktas Yuodka Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatla çıxış edib.
Bəyanatda Cənubi Qafqazdakı bütün tənzimlənməmiş münaqişələrlə bağlı Seymin dəyişməz mövqeyi təsdiq olunur və münaqişələrin dinc yolla dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində Litva Respublikası Konstitusiyasının 135.1-ci maddəsində, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Yekun Aktında yer alan ümumi qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə uyğun tənzimlənmənin zəruriliyi qeyd olunur.

Litva parlamentinin Xarici işlər komitəsinin sədri, həmçinin Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Avropa Şurasının və Avropa Parlamentinin qəbul etdiyi sənədlərə istinad edərək, dinc yolla və beynəlxalq hüquq prinsiplərinə uyğun həll etməyə çağırır.

Bəyanatda 2013-cü ilin ikinci yarısında Avropa İttifaqına Litvanın sədrlik edəcəyi və bu dövrdə Aİ-nin "Şərq tərəfdaşlığı" siyasətinin Litvanın sədrliyinin əsas prioritetlərindən biri olacağı bildirilir.

"Şərq tərəfdaşlığı"nda iştirak edən dövlətlərdə mövcud münaqişələrin ölkələr arasında etimad və əməkdaşlığa ciddi zərbə vurduğu, siyasi və iqtisadi inkişafı əngəllədiyi qeyd edilir.

Habelə Avropa İttifaqını və beynəlxalq təşkilatları münaqişənin tənzimlənməsində daha fəal olmağa çağırış edilir.

Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasının münaqişənin tənzimlənməsində yeni imkanlar açacağına ümid edildiyi ifadə olunur. Bəyanatda ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətinin gücləndirilməsinə diqqət yönəldilir.(trend)


Teqlər:  





Xəbər lenti