Bakıda yeni premyeralar

Bakıda yeni premyeralar
  06 Fevral 2014    Oxunub:2058
Nizami Kino Mərkəzində yeni premyeralar olacaq.
Fevralın 6-dan etibarən Nizami Kino Mərkəzində “Dərvişin qeydləri”, “İdmanda yalnız qızlar”, “Sağ Salim 2”, “Voll-Strit canavarı” və “Təbib: İbn Sinanın şagirdi” adlı filmlərin nümayişinə başlanılacaq.

Mərkəzdən AzVision.az –a bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Dərvişin qeydləri” filminin rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev və İlqar Fəhmidir.

Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir.

Tarixi–detektiv janrda çəkilmiş filmin qəhrəmanlarını xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və digər aktyorlar canlandırıblar.

Rusiya kinorejissoru Yevgeni Nevskinin komediya, idman janrında çəkdiyi “İdmanda yalnız qızlar” filmində üç yaxın dost tanışlarına kömək etmək istədikləri halda, özləri də anlamadan qüvvətli və ciddi, daha dəqiq yerli kriminal avtoritetin yolunu keçdiklərini gec bilirlər.

Svift Kit və Mikin əyləncə saydıqları iş onlara qarşı amansız adamların təqibi ilə nəticələnir. Vəziyyətdən çıxmaq üçün onların ağlına gələn fikir qadın geyimi geyib Soçidə keçiriləcək idman yarışlarına gedən Rusiyanın qadın yığma komandasına qoşulmaqdır. Burada isə onları başqa macəralar gözləyir. Onlar qadın olmadıqlarını nə qədər gizli saxlaya biləcəklər? Hətta onlardan birinə aşiq olmuş kişini necə başdan edəcəklər? Bu sualları çözməyə çalışan üçlük çox komik və ağılasığmaz vəziyyətlərə düşür.

Filmdə Rusiya aktyorları Aleksandr Qolovin, Lyanka Qrıu, Ekaterina Vilkova çəkiliblər.

Növbəti “Sağ Salim 2” komediya filmi türkiyəli rejissor Ersoy Gülerdən gəlir. Salim ölümdən və ölülərdən qorxan bir Anadolu kəndlisidir. Çörəyi daşdan çıxır, maşını ilə kənddən qəsəbəyə mal daşıyaraq pul qazanıb həyatını sürür. Qorxu dolu gördüyü yuxunun səhəri günü kənd muxtarı Salimdən Mersindən Sivasa cənazə gətirməyi xahiş edir. O, buna daxilən razı olmasa da, kənd muxtarının sözünü yerə salmır və gülüş dolu yolçuluğa çıxır. Filmə baxaraq ölüdən və ölülərdən qorxmağı Salimə unutduran macəraların davamını öyrənə bilərsiniz.
Filmdə Burçin Bildik, Ezgi Asaroğlu və başqaları çəkiliblər.

Amerikalı rejissor Martin Skorsezenin qara komediya janrında çəkdiyi “Voll-Strit canavarı” filmində baş rolun ifaçısı Leonardo Di Kapriodur. Aktyor və rejissorun beşinci müştərək layihəsi olan bu film dünya kino mətbuatı tərəfindən yüksək qiymətləndirərək Skorsezenin karyerasında ən yaxşı film sayılıbdır.

Ekran əsərinin əsasını keçmiş Nyu-Yorklu broker Cordan Belfortun eyniadlı memuarları təşkil edir. 1987–ci ildə böyük broker kontorası yaratmış Conatan Belfort on il keçdikdən sonra çirkli pulların yuyulması və digər maliyə fırıldaqlarına görə məhkum edilir. O, Uoll–Stritdə işləyərkən aludə olduğu alkoqol və narkotika asılılığına qalib gəlir, iki kitab yazır və müvəffəqiyyəti necə qazanmaq haqqında mühazirələr oxuyur.

Almaniya kinematoqrafçılarının “Təbib: İbn Sinanın şagirdi” filmi dram, macəra janrındadır. İngiltərə XI əsr. On yaşlı Rob Koulun anası dəhşətli iztirablar içində ölür. Heç kim onun xəstəliyinin mənşəyini və dərmanını tapa bilmir. Anasının ölümündən sarsılan balaca Rob bu müəmmalı xəstəliyin sirrini açmağa qərar verir.

İngiltərədən İranadək uzun yolçuluq keçən Robun müəllimi əvvəlcə adi fırıldaqçı Barber, sonra isə dahi loğman İbn Sina olur. Müdrik müəllim Robun tibb elminə qarşı qeyri-adi bacarığını görür, amma ona həmin əsrin tələbinə uyğun olmayan işləri görməkdə tələsməməsini məsləhət bilir. Lakin Rob insanları xəstəliklərdən xilas etmək arzusu qarşısında dayana bilmir və başının üstünü təhlükə alır. Çünki o iki dəfə mövcud qanunları pozur, elmi tədqiqatlarında insan bədənindən istifadə edir və başqasının arvadına aşiq olur.

Rejissor Filipp Şteltslun filmində baş rolun ifaçısı Tom Peyndir.


Teqlər:





Xəbər lenti