ABŞ-dakı seçkilər xalqın etimadını sarsıtdı – ATƏT-in hesabatı

   ABŞ-dakı seçkilər xalqın etimadını sarsıtdı –    ATƏT-in hesabatı
  05 Noyabr 2020    Oxunub:7017
Birləşmiş Ştatlarda 3 noyabr prezident seçkiləri Covid-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, ümumən yaxşı və güclü rəqabət şəraitində keçsə də, hüquqi qeyri-müəyyənlik və xalqın etimadının sarsılmasına yönəlmiş görünməmiş cəhdlərlə xarakterizə oluna bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (ATƏT PA) tərəfindən birgə həyata keçirilən müşahidə missiyası belə qənaətə gəlib.
ATƏT-in müşahidəçilərinin gəldikləri nəticəyə görə, seçki kampaniyası sistemli saxtakarlıqlarla bağlı əsassız iddialar və debatlara kölgə salan dərin siyasi qütbləşmə ilə səciyyələnib.
Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının rəhbəri və xüsusi koordinatoru Maykl Corc Link “Heç kim - heç bir siyasətçi, heç bir seçilmiş məmur xalqın səsvermə hüququnu məhdudlaşdırmamalıdır. Bu qədər dinamik bir kampaniyadan sonra hər bir səsin sayılmasını təmin etmək hakimiyyətin bütün qollarının borcdur”,- deyərək, sistemdəki qüsurlara diqqət çəkib. O bilidirb ki, Donald Trampın sistemli çatışmazlıqlar barədə əsassız iddiaları xalqın demokratik qurumlara olan inamına zərər verir.

Hesabatda həmçinin qeyd olunur ki, pandemiya şəraitində səsvermə prosedurlarını tənzimləmək üçün dövlət səviyyəsində səylərə baxmayaraq, qarışıqlıqlar da müşahidə olunub. Əsasən respublikaçılar prosesin nizamlanmasına mane olmağa cəhdlər göstəriblər. Seçkinin pozulmaması üçün görülən tədbirlər bəzi hallarda, seçiciləri çaşdıran məhkəmə proseslərinə səbəb olub ki, bu da seçki idarəsinin işinə mənfi təsir göstərib.

Xatırladaq ki, seçkilərə bir neçə ay qalmış səsvermə proseslərilə bağlı görünməmiş məhkəmə çəkişməsi olmuş, 44 əyalətdə 400-dən çox iddia qaldırıldmışdı. Hələ də davam edən bu məhkəmə çəkişmələrindən qaynaqlanan qeyri-müəyyənliklər əksər seçicilər və seçki administrasiyası məmurlarına problemlər yaratmışdı.

Hesabatda qeyd olunur ki, təqribən 5.2 milyon vətəndaş barələrində çıxarılmış cinayət hökmü səbəbindən səsvermə hüququndan məhrum olublar. Baxmayaraq ki, onların təxminən yarısı artıq cəzalarını çəkiblər. Bundan başqa, bəzi yoxsul və etnik azlıqlardan olan seçicilərin şəxsiyyətinin müəyyənləşdirilməsi tələbləri onların səs verməsinə əngəllər yaradıb. Bu məhdudiyyətlər ümumi səsvermə prinsipinə ziddir.



“Səs vermək və səslərin sayılması demokratiyanın əsas prinsiplərindən biridir” deyən ATƏT PA nümayəndə heyətinin rəhbəri Kari Henriksen Birləşmiş Ştatların bu istiqamətdə böyük addımlar atmasına baxmayaraq, ümumseçki hüququnun reallaşması ilə bağlı narahatlıqlarının olduğunu deyib və bunun demokratiyaya zidd olduğuna diqqət çəkib: “COVID-19 və onlayn səsvermələrdəki artım kontekstində, qanuni verilmiş bülletenlərin sayılmasını məhdudlaşdırmaq cəhdlərindən narahatam”.

Hesabatda seçki kampaniyasının maliyyələşdirməsi ilə bağlı narahatlıqlardan da bəhs olunur. Göstərilir ki, bu prosedur federal səviyyədə tənzimlənsə də, şəffaflıq tam təmin olunmayıb. Ümumilikdə seçkilərdə xərclənən vəsaitin 14 milyard dollara çatacağı təxmin edilir.

Seçicilərin məlumatlandırılması, səsvermə prosesilə bağlı informasiyanın azad yayılmasının təmin olunması məsələsinə gəlincə, hesabatda seçki öncəsi söz azadlığına hörmət müşahidə edildiyi bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərini 39 ölkədən 102 müşahidəçi, DTİHB-in 50 eksperti və ATƏT PA-nın 52 millət vəkili müşahidə edir.

Səbinə Həsənova
Azvision.az


Teqlər: ABŞ   Seçki   ATƏT  





Xəbər lenti