Zəlzələ zamanı nə etməli? - AKTUAL

Zəlzələ zamanı nə etməli? - AKTUAL
  10 Fevral 2014    Oxunub:28386
Zəlzələnin ilk anları müxtəlif cür hiss edilə bilər. Bəzən zəlzələ öncəsi göydə şəfəq peyda ola, yaxud radio, televiziya, elektron qurğuların iş prosesi pozula, flüorisent lampaların öz-özünə işıqlanması baş verə bilər.

Bəzi hallarda zəlzələyə bir neçə saniyə qalmış yerin tərkindən güclü səs gəlir. Bundan sonra isə ilk təkanlar baş verir. Başqa hallarda təkanlara bir neçə saniyə qalmış zəif təkanlar qeydə alınır. Qab-qacaq silkələnir, sonra bir neçə saniyədən 1-1,5 dəqiqəyədək davam edən təkanlar olur.

Pəncərə şüşələrinin sınmasına, tavandan əşyaların düşməsinə, mebelin evin içində hərəkətinə, güclü səs-küyə, divar və tavandakı çatlara psixoloji baxımdan hazır olmaq lazımdır.

Ən əsası isə siz zəlzələnin baş verdiyini anlayanda təşvişə düşməməli və aşağıdakı məsləhətlərə əməl etməlisiniz:

Əgər evdə uşaqlar varsa, onları mütləq şəkildə təhlükəsiz yerə- daxili qapıların arasında yaxud otaqların künclərinə yerləşdirməlisiniz. Pəncərələrdən, hündür mebel və evin xarici divarlarından uzaq olmaq lazımdır. Ən böyük təhlükəni yuxarıdan düşən əşyalar, daşlar və s. törədir.

Unutmayın ki, zəlzələ zamanı binadan çıxmaq olmaz. Belə ki, divarların dağılması və çökməsi bir çox insanların ölümünə səbəb olur. Olduğunuz yerdə xilas yeri axtarsanız şansınız daha çox olacaq. Zəlzələnin bitməsini gözləmək lazımdır ki, binadan təhlükəsiz çıxmaq mümkün olsun. Heç bir halda binadan lift vasitəsilə çıxmağa çalışmayın. Şaxtaya düşə biləcək yaxud sadəcə yerində ilişib-qalacaq lift insanın həyatını itirməsinə səbəb ola bilər.

Əgər sizin olduğunuz ev alçaq və seysmik dözümlülüyə malik deyilsə (məsələn, kərpicli ev) və dərhal evi tərk etmək imkanı varsa, bu halda ehtiyatlı, cəld şəkildə binanı tərk edib, təhlükəsiz məsafəyə qədər uzaqlaşmaq lazımdır.

Əgər zəlzələ anında siz hündürmərtəbəli binadasınızsa, onda tez qapının altına keçin ki, evə düşən dağıntılardan xilas ola biləsiniz.

Əgər zəlzələ anında siz açıq məkandasınızsa, cəld elektrik xətlərindən və tikililərdən uzaqlaşın.

Əgər zəlzələ sizi avtomobilinizdə yaxalayıbsa, mümkün qədər maşını yüksək mərtəbəli binalardan və digər tikililərdən uzaqda saxlamaq lazımdır. Zəlzələ bitməyənə qədər də hərəkət etmək lazım deyil.

Daim yadda saxlamaq lazımdır ki, ilk təkandan sonra müəyyən sakitlik çökür. Bu sakitlik güclü ya zəif təkanlarla pozulur. Ona görə də ilk təkandan sonrakı hərəkətlər düşünülmüş və ehtiyatlı olmalıdır.

Zəlzələdən sonra nə etmək lazımıdır?

Zəlzələdən sonra ən əsas olan sakitliyi saxlamaqdır. Dağıntılar altında qalan insanları xilas etmək və yanğın, partlayış baş verəcəyi halda insan tələfatlarını maksimum azaltmaq lazımdır.

Əgər zəlzələ gecə baş veribsə və siz qaranlıq otaqdasınızsa, kibrit yaxud yandırandan istifadə etməyə tələsməyin. Əgər batareyalı fanar varsa, ondan istifadə edin. Əgər başqa işıq mənbəyi yoxdursa, kibtiri alışdırmazdan qabaq ətrafınızda benzin, qaz iyinin olmamasına əmin olun.

İlk anlarda qaz sızmasının olmadığına əmin olmaq lazımdır. Əgər bu mümkündürsə, qazı, suyu və elektrik enerjisini söndürün. Zəif yanğın yerləri varsa, çalışın öz gücünüzə onları söndürün. Əgər öz gücünüzə söndürmək mümkün deyilsə, ilk növbədə uşaqları və digər yaralı insanları yanğın bölgəsindən çıxarmağa çalışmaq lazımdır.

Açıq xətlərə, onu müşayət edən metal və nəm əşyalara toxunmayın.

Yaxınlıqda, zədələnməmiş telefon varsa, təcili yardımla, yanğınsöndürənlərlə yaxud xilasetmə xidməti ilə əlaqə yaratmağa çalışın.

Əgər xilasetməişləri aparılırsa və sizin iştirakınıza ehtiyac yoxdursa, onların işinə mane olmamaq üçün kömək etməyə çalışmayın.

Dağılmış ərazilərə ehtiyac olmadan daxil olmayın. Yarımdağılı evlərdə, xarabalıqlarda dolaşmaq çökmələrə səbəb ola bilər.

Əgər siz bilirsiniz ki, dağıntılar altında insanlar var, özbaşına yardım etməyə çalışmayın. Çalışın ətrafdakı insanları köməyə çağırın. Dağıntıların yerləşmə şəraitinə diqqət etmək lazımdır. Unutmayın ki, sizin istənilən ehtiyatsız hərəkətiniz zədələnmiş tikililərin yenidən çökməsinə və dağıntı altında qalan insanların ölümünə səbəb ola bilər.

Əgər imkan varsa, dağıntıları təmizləmək üçün qalın geyinin ki, şüşə və daş parçalarından zədələnməyəsiniz.

Əgər siz dağıntılar altında partlayıcı, zəhərli və tezalışan maddələrin olduğunu bilsəniz ətrafdakıları mütləq bu barədə xəbərdar edin.

Əgər sobalarda zədələnmə varsa, onlarda od qalamağa çalışmayın ki, yanğın baş verməsin.

Əgər yaxınlıqda uşaqlar varsa, onları sakitləşdirin və təhlükəsiz əraziyə yerləşdirin.

Əgər zəlzələ sizi iş yerində yaxalayıbsa, evə tələsməkdən öncə, öz iş yoldaşlarınıza və ətrafdakılara yardım göstərin.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti