Cəsarət Valehov: “Niyə SABAH?”

Cəsarət Valehov: “Niyə SABAH?”
  11 Fevral 2014    Oxunub:4796
Bir həftə əvvəl Təhsil Nazirliyi ali təhsilin gələcək inkişaf prioritetlərini açıqladı. 11 bənddən ibarət olan istiqamətlərdə ali təhsilin üzərinə düşən missiyanın milli inkişaf hədəfləri SABAH düşüncəsi ilə açılırdı. Niyə SABAH? SABAH-la kodlaşan inkişaf prioritetləri Azərbaycanın “Qara qızıldan insan qızılına doğru” strateji tərəqqi düsturunun 2020 inkişaf strategiyası və ən nəhayətdə təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ehtiva olunan invariantları idi. Ona görə ali təhsilin SABAH iki hecalı sözündən, əslində üçhədli vurğusundan (savadlı-bacarıqlı-hazırlıqlı) bəhs edilir ki, gələcək 30 il ərzində dünyada baş verəcək yeniliklərin, ötən 300 ildəkindən bir neçə dəfə artıq olacağı proqnozlaşdırılır.

SABAH qruplarında təmsil olunacaq tələbələr inkişafın Azərbaycan modelinin tətbiq imkanlarını yeni universitet alqoritmi ilə sabaha daşımalıdırlar. Təbiət, fundamental elm sahələrindən, iqtisadiyyat, təhsil, humanitar istiqamətədək 5 ixtisas çevrəsində 15 ali məktəbin I kurslarını yüksək nəticələrlə başa vuran tələbələrdən formalaşacaq SABAH qrupları mahiyyət etibari ilə ölkəmizin brendi olacaq.

Müasir reallıq insan qaynaqlarının xüsusi yetişdirilməsini tələb edir. Yüksək rəqabət şəraiti insanın ömürboyu təhsilini şərtləndirir. Yaşadığımız əsrə damğasını vuran böyük transformasiyalar həyat şərtlərimizi və deməli, təhsilimizin hədəflərini də dəyişir. Bunlardan ən mühümü rəqəmsal keyfiyyətdir. Rəqəmsal inqilablar informasiya texnologiyalarından asılılığımızı artırmaqla eyni zamanda həyatımızın bütün sahələrində gələcəyə doğru geniş üfüqlər açır. Bütün bu dəyişikliklər təhsildə yeni paradiqmaların hansı əsaslar üzərində bərqərar olmasına həm zəmin yaradır, həm də yeni şərtlər irəli sürür. Bəs, bu trendləri SABAH müstəvisində necə formalaşdırmaq olar? Bunun bir qismini aşağıdakı şəkildə belə təsnif edə bilərik:

Müasir dünyanın qlobal trendləri ilə beynəlxalq əmək bazarının tələblərini izləmək;

Çevik düşüncə, ömürboyu öyrənmə, onlayn təhsil vərdişlərinə yiyələnmə;

Şəffaflıq, hesabatlılıq, bərabərlik və təhsildə əlyetərlilik;

Ali təhsilimizin SABAH fəlsəfəsinin əsas qayəsi - cəmiyyətdə innovativ, yaradıcı təşəbbüsləri dəstəkləyən, biliyi bacarıq və vərdişə çevirən mühit yaratmaqdır. Bunun üçün də, təhsilşünaslar hesablayıblar ki, yeni əsrdə beynin təkcə sol yarımkürəsini inkişaf etdirmək yetərli deyil. Bildiyimiz kimi, insan beyni iki yarımkürədən ibarətdir. XX əsr boyunca təhsildə xüsusilə sol beyni, İQ ilə ölçdüyümüz beyin kütləsini inkişaf etdirmək hədəflənmişdir. Analiz etmə, rasional düşünmə, məntiqi təfəkkür isə daha çox sol beynin aktivindədir.

Ancaq XXI əsrdə artıq beynin sağ yarımkürəsi, yəni hissedən beynin “çəkisi” son dərəcə önəmli olacaqdır. Sağ beyin xəyal gücünü, spontanlığı, sintez etməyi, yaradıcılıq təşəbbüslərini özündə daha çevik hala gətirən beyin qismidir və bu beyin yarımkürəsi inkişaf etdikcə, sol beyin də öz potensialından daha çox istifadə edir.

Hər iki beyin yarımkürəsindən istifadə etmək və bu fəaliyyəti birgə sinxronlaşdırmaq müasir təhsilin qarşısında duran ən mühüm məqsədlərdən biridir. Bununla da, sosiumun yeni kreativ və ya meta bacarıqlara sahib olması təhsildə əsas hədəflərdən hesab olunur. Meta bacarıqlar dedikdə, öyrənməyi öyrənmək, özünü idarəetmə - yəni sosial ünsiyyət vərdişləri kimi keyfiyyətlər başa düşülür. Bu yanaşmada edukoloqlar yaşadığımız əsrdə təhsilin əsas missiyasını dərk etmək üçün aşağıda qeyd olunan modellər və orientirlər üzərində müzakirələr aparırlar:

Təhsildə proaktiv yanaşma;

Problem əsaslı öyrənmə;

Postmodern düşüncə mühiti;

Beyin təməlli öyrənmə və sair yanaşmalar.

Deməli, yeni paradiqmaya uyğun olaraq təhsilverən və təhsilalanların rollarını bu missiyaya uyğun formalaşdırmaq zərurəti ortaya çıxır. Məşhur Eynşteynin də qeyd etdiyi kimi, “uğur istifadə etdiyimiz alətlərdə deyil, yanaşmalardadır”. Təhsilimizin SABAH fəlsəfəsi həm də yeni yanaşma və başlanğıcdır. Sabahınız xeyirli olsun!

Cəsarət Valehov
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri



Teqlər:  





Xəbər lenti