100 ilin ən güclü qarı

 100 ilin ən güclü qarı
  25 Mart 2013    Oxunub:1430
Ukrayna paytaxtında həyat iflic olub
Kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan olunan Kiyev “blokada şəhər” vəziyyətinə düşüb.

APA-nın müxbiri Ukrayna paytaxtından xəbər verir ki, şəhərə yağan qar son 100 ilin ən güclü qarıdır. Şəhər həyatı tamamilə iflic olub.

Təbi fəlakətlə əlaqədar Kiyevə hava və yerüstü nəqliyyat vasitələri ilə giriş-çıxış tamamilə dayanıb. Şəhərin hər iki aeroportu – Borispol və Julyan şənbə və bazar günləri heç bir reysi qəbul etməyib. Hökumət fəsadları aradan qaldırmağa çalışsa da, hələ ki buna nail ola bilmədiyini açıqlayıb.

Artıq hökumət fövqəladə vəziyyətlə əlaqədar 25 martı Kiyevdə və Kiyev vilayətinin şəhərlərində rəsmi istirahət günü elan edərək sakinlərinə küçələrə çıxmamaq barədə xəbərdarlıq edib. Kiyevdə hazırda heç bir müəssisə fəaliyyət göstərmir, şəhərdaxili marşrutlar da tamamilə fəaliyyətini dayandırıb. Nəqliyyatın işləməməsi üzündən paytaxtda çörək və ərzaq qıtlığı yaranıb.

Qərbi Ukraynanın bir çox şəhərlərində, o cümlədən Lvovda elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb. Bazar gününə keçən gecə minlərlə insan yolda qaldıqlarına görə avtomobillərdə gecələməli olublar.

Ukrayna prezidenti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə tədbirlər haqqında xüsusi fərman imzalayıb. Küçələrin qardan təmizlənməsi üçün Kiyevə hərbi texnika yeridilib.

Meteoroloqlar bildiriblər ki, 1 sutkada Kiyevə 50 millimetr qar düşüb, halbuki mart ayı üçün aylıq norma 47 millimetr təşkil edir. Ukrayna hökuməti xarici ölkələrdən kömək istəməyə hazırlaşır.

AzVision.az


Teqlər:





Xəbər lenti