Bir ailədən üç nəfərin ölümü ilə bağlı rəsmi məlumat

Bir ailədən üç nəfərin ölümü ilə bağlı rəsmi məlumat
  25 Mart 2013    Oxunub:1518
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda bir ailənin üç üzvünün qətli ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.

Cəlilabad Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı aşkar edilərək götürülüb, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, əməliyyat tapşırığı verilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb.

Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M. Quliyev martın 24-də tutulub. İlkin dindirmə və ifadənin yerində yoxlanılması zamanı o, törətdiyi cinayət əməlini tam etiraf edib. M. Quliyevin yaşadığı evə baxış keçirilən zaman üzərində qanabənzər ləkələr olan paltarlar aşkar edilərək götürülüb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti