Şeyx bəyanat verdi
AzVision.az xəbər verir ki, A.Paşazadənin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir: “Cəmiyyətimizin hörmətlə qəbul etdiyi insanlara qara yaxmaq onları doğru yoldan döndərmək, separatçılıq yaratmaq və xalqlarımız arasında nifaq salmaq niyyətindən başqa bir şey deyil. Bütün bunlar bir zəncirin halqalarıdır.”
Bundan əvvəl D.Muhetdinov “Rusiyanın səsi”nin efirində R.Kadırovda “ikitərəfli şəxsiyyət” sahibi olduğunu deyib. O söyləyib ki, R.Kadırov “bir tərəfdən muncuq taxaraq mövlud keçirir (Məhəmməd Peyğəmbərin (s.ə.s) xatirəsinə keçirilən mərasim – “İF”), məscidlər tikdirir”, digər tərəfdən, “məşhur insanlarla, pop-divalarla görüşür, müzakirələr aparır.”
D.Muhetdinovun fikrincə, müsəlmanın başında belə şeylərə yer olmamalıdır.
A.Paşazadə bildirib ki, Çeçenistan Respublikasının sosial-iqtisadi və dini-əxlaqi inkişafına böyük töhfə vermiş R.Kadırov kimi dövlət xadiminin ünvanına belə sözlərin deyilməsi yolverilməzdir. Onun məhz bu əməlləri, öz növbəsində, Rusiya Federasiyasının (RF) da çiçəklənməsinə xidmət edir. QMİ D.Muhetdinovun siyasi xadimi ləkələmək məqsədi daşıyan bu bəyanatını kəskin şəkildə pisləyir və qanun çərçivəsində bu cür əməllərin qarşısının alınmasını məqsədəuyğun hesab edir.
Şübhəsiz, R.Kadırovun gördüyü işlər onu həm respublikanın başçısı, həm də dinlə dərindən maraqlanan insan kimi təsdiq edir. Bəs onun haqqında ədalətsiz mülahizələr söyləyən insan nə edib? Həqiqətənmi, bu insanı İslamın Rusiyadakı maraqları narahat edir, yoxsa onun məqsədi sadəcə möhtərəm bir insanın arxasınca danışmaq, layiqli bir müsəlman və siyasi xadimi ləkələməyə çalışmaqdır?
Sənədin müəllifinin sözlərinə görə, Rusiyada layiqli müsəlman liderlər var, D.Muhetdinov kimilər isə “öz nalayiq hərəkətləri və ədalətsiz məzəmmətləri ilə həmin müsəlmanların savab əməllərinə kölgə salırlar.”