“Dostluq” qalib gəldi, amma düşmənçilik də ola bilərdi – TƏHLİL

    “Dostluq” qalib gəldi,  amma düşmənçilik də ola bilərdi –    TƏHLİL
  23 Yanvar 2021    Oxunub:8424
Sovet İttifaqı dağıldıqdan sonra Qərbin postsovet məkanında ən çox maraq göstərdiyi məsələlərdən biri də Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər və iqtisadi əlaqələr olub. O səbəbdən ki, Avropanın Rusiyadan yan keçməklə enerji təhlükəsizliyinin təmin edilməsi Azərbaycan-Türkmənistan əlaqələrindən xeyli dərəcədə asılıdır.
Odur ki, bizim Türkmənistanla yaxşı münasibətlərimiz Avropa üçün də böyük əhəmiyyət daşıyır. Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum da bu mənada xüsusən böyük əhəmiyyət daşıyır. Niyə?

Ona görə ki, “Dostluq” yatağı xeyli müddətdir ciddi mübahisə obyekti sayılırdı. Bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşir. Və iki ölkə arasında problem və mübahisə yaradan da məhz bu fakt idi. Belə ki, sovet dövründə "Aralıq" adlandırılan yataq, SSRİ dağıldıqdan sonra Azərbaycan tərəfindən "Kəpəz", Türkmənistan tərəfindən isə “Sərdar” olaraq tanınmaqla əslində, qardaş olan iki ölkə və dövlət arasında pərdəarxası soyuq münasibətin yaranmasının əsasını qoymuşdu.

Yatağın kəşfini, yerləşdiyi məkanı nəzərə alanda Azərbaycanın onu birtərəfli qaydada tam olaraq işlətməyə daha çox haqqı çatırdı. Azərbaycanın sahil xəttindən 140 kilometr məsafədə yerləşən yataq Xəzərin bizə aid sektorunda yerləşən ən uzaq və sonuncu yataq sayılır. Və hələ SSRİ dövründə - 1989-cu ildə onu kəşf edən də bizim neftçilər olub. Bu da təbiidir: neft və qaz çıxarma sahəsində Azərbaycanda olan imkanlar - mütəxəssislər, infrastruktur və təcrübə Türkmənistanda ola bilməzdi.

Azərbaycanın 1997-ci ildə sözügedən yataqla bağlı Rusiya ilə müqavilə imzalamasına baxmayaraq, Türkmənistanın narazılığına Bakının göz yumacağı inandırıcı sayılmırdı. Ona görə yox ki, Aşqabadın guya haqqı tapdalanırdı. Xeyr. Birincisi, ona görə ki, neft-qaz sahəsində Xəzər dənizində özünə aid sektorda Azərbaycan qədər böyük işlər görən ikinci bir tərəf yoxdur. İkincisi, ölkəmiz qədər zəngin infrastruktura malik olan da yoxdur. Üçüncüsü, Bakının təşəbbüskarı və reallaşdırıcısı olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri, bu günlərdə istifadəsinə başlanmış Cənub Qaz Dəhlizi kimi layihələr özü bunu diqtə edirdi. Dördüncüsü, Qərb və Avropa da maraqlarını gerçəkləşdirmək üçün heç də dinc dayanmamışdılar.

Bütün bunlara bahəm, dövlət başçımız İlham Əliyevin də böyük səbr nümayiş etdirməsi və hər şeydən öncə ikitərəfli əlaqələrə çox həssaslıqla yanaşması az rol oynamadı. Nəticədə "Kəpəz" və "Sərdar" dostlaşaraq, Xəzərdə ilk dəfə bir yatağın iki dövlət tərəfindən birgə istifadəsinə dair ənənənin əsası qoyuldu. Bu, Xəzərdə yeni növ əməkdaşlıq perespektivi açdı.

Bəs, "Dostluq" Azərbaycan ilə Türkmənistana nə verəcək? Təbii ki, bu, hər iki ölkəyə gəlir gətirəcək. Türkmənistanın Avropa və Dünya bazarlarına çıxışimkanlarını daha da artıracaq.

"Dostluq" yatağı Azərbaycana Türkmənistandan daha çox gəlir gətirəcək. İki ölkə arasında neft-qaz hasilatı sahəsində əməkdaşlığı genişləndirəcək, Aşqabadda ölkəmizdə bu sahədə, o cümlədən, nəqliyyat sferasında mövcud infrastrukturdan istifadəyə marağı artıracaq.

Transxəzər layihəsinin gerçəkləşməsini bir az da yaxınlaşdıracaq. Azərbaycan qazı artıq, Avropaya nəql olunmağa başlayıb. Lakin əsas diqqət “Cənub Qaz Dəhlizi”nin yol açdığı Transxəzər layihəsi üzərində cəmləşməlidir və cəmləşəcək də.

Sözün qısası, təkrar edirəm, Azərbaycan-Türkmənistan münasibətlərinin yaxşı səviyyədə olması, daim inkişaf etdirilməsi bir çox ölkələr üçün də vacib xarakter daşıyır. Çünki ortada dünya iqtisadiyyatı, o cümlədən, region ölkələri üçün çox böyük strateji əhəmiyyət daşıyan enerji resursları, tranzit, müxtəlif təyinatlı mal və məhsulların daşınması kimi məsələlər mövcuddur.

Bunlar təkcə hər iki ölkəyə aid mövzu və məsələlər deyil. “Dostluq” ən mühüm maneənin aşılması demək oldu, qalanı isə daha sürətlə, rəvan baş verəcək.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Dostluq   Türkmənistan  





Xəbər lenti