Kredit sistemi tələbələrin ziyanına yox, xeyrinədir -MÖVQE

Kredit sistemi tələbələrin ziyanına yox, xeyrinədir -MÖVQE
  24 Fevral 2014    Oxunub:8470
Ali məktəblərdə 2006-ci ildən tətbiq olunmağa başlayan kredit sistemi Boloniya prosesinin tərkib hissəsidir. Boloniya bəyannaməsinə görə, bu proses tələbələrin əmək bazarında rəqabətə davamlılığını artırır.

Boloniya Bəyannaməsinin əsas tələblərindən biri – tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsidir. Bu sistem tədris planlarının şəffaflığını təmin etməklə, təhsil proqramlarının ölkə daxilində və xaricində akademik tanınmasına imkan verir, tələbələrə digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.

Qeyd edək ki, ölkəmiz Boloniya prosesinə 2005-ci ildən qoşulub. Bu sistemin tətbiqi 2006-2007-ci tədris ilindən mərhələli şəkildə olaraq ölkəmizin bir neçə ali məktəbində müəyyən ixtisaslar üzrə başlayıb, hal-hazırda isə bütün ali təhsil müəssisələrini əhatə edir.

Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, 2006-cı ildən başlayaraq müvafiq normativ-hüquqi aktlar hazırlanıb təsdiq edilib.

Bəs bu sistemin tələbələr üçün əsas üstünlüyü nədir?

Təhsil eksperti Məlahət Mürşüdlü AzVision.az.-a açıqlamasında deyib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, əvvəllər hansısa fənndən kəsiri olan tələbə universitetdən xaric olunurdusa, kredit sistemində belə qayda yoxdur: “Kredit tədris planında fənnə dərs saatları ayrılır. Kredit sistemi Boloniya prosesinin ən vacib şərtlərindən biridir. Tələbələrə öz tədris planlarını seçmək, fənnləri ardıcıllıqla yerləşdirmək, müəllim seçmək hüququ verir. Universitetin ictimai həyatında fəal iştirak etmək üçün imkanlar verir. Bir fənndən kəsiri olanda əvvəllər universitetdən çıxarılırdısa, indi bu kəsiri düzəltmək üçün imkan yaradılır. İl ərzində əlavə məşğələlərlə bunu düzəltmək olur. Ümumiyyətlə tələbənin sosiallaşmasına geniş imkan yaradır. Tələbə özünü universitetin hüquqi üzvü kimi sayır. Kredit sistemində təhsil alan tələbənin diplomu beynəlxalq səviyyədə tanınır”.

Məsələ ilə son günlər yaranan anlaşılmamazlığa Təhsil Nazirliyi rəsmi mövqeyini açıqlayıb. Bildirilib ki, ölkəmizin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasını surətləndirmək, diplomların qarşılıqlı tanınmasını təmin etmək və tələbə-müəllim mobilliyini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq olunub. Qaydalar əvvəlki sənədlərin əsasında, Azərbaycan Respublikasının Qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Nazirlik hesab edir ki, tənzimləyici çərçivə sənədi kimi müasir dövrdə Avropa ölkələrinin təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanına qoşulmaq baxımından bu Qaydalar mühüm əhəmiyyət kəsb edir.

Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir. Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni Qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olub.

Nazirlikdən qeyd edilib ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində akademik borcların artmasına gətirib çıxarır. Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti