"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL

   "Pandemiya böhranı" nə vaxt bitəcək? -    TƏHLİL
  15 Mart 2021    Oxunub:6545
Ölkə iqtisadiyyatında azalma hələ davam edir. Pandemiya ilə əlaqədar karantin rejimi bir müddətdir aradan götürülsə də, iqtisadi aktivlik keçən ilin əvvəlindəki vəziyyətə qayıtmayıb. Çünki koronavirusla bağlı şərait hələ qeyri-müəyyəndir. Həm də, ötən bir il ərzində sözün həqiqi mənasında ağır, keşməkeşli yoldan - böhrandan sonra iqtisadiyyatın birdən-birə bərpası da mümkün deyil.
2020-ci il ərzində 4,3 faiz gerilədik. Bu rəqəm daha böyük ola bilərdi, sadəcə, hökumətin ilin əvvəlindən etibarən atdığı bir sıra qabaqlayıcı addımlar nəticəsində iri rəqəmli iqtisadi tənəzzüldən qurtulduq. Cari ilə isə böyük ümidlərlə başladıq. Ancaq təəssüf, ilin geridə qalan ilk 2 ayı, yanvar-fevral ayları ərzində tənəzzüldə hələ də əyləc işə düşməyib.

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12 milyard 19 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ÜDM istehsal olunub. İqtisadiyyatıyın neft-qaz sektorunda 7,5, qeyri neft-qaz sektorunda isə 0,4 faiz az əlavə dəyər qazanılıb. Bu, məyusedici haldır. Bununla belə, təlaşa düşməyə ehtiyac yoxdur. Niyə?

Keçən ilin eyni aylarında pandemiya bütün dünyanı bürüdüyü halda ölkəmizdə iqtisadi artım davam edirdi. Çünki bu, bir il əvvəlki, yəni 2019-cu ildəki tendensiyanın nəticəsi idi. Həmin il böyük iqtisadi artım (2,2 faiz) və islahatlar ili olaraq yadda qalıb. Və bunun təsiri özünü keçən ilin mart ayına, karantin rejimi tədbiq edilənədək göstərdi. İqtisadiyyatda tənəzzül yalnız martdan etibarən başlandı. Odur ki, cari ilin yanvar-fevral aylarının da iqtisadi yekununu keçən ilin rəqəmlərinin təsirinin nəticəsi hesab etmək mümkündür və lazımdır.

Ancaq sözsüz, bu tendensiya nə vaxtsa dayanmalıdır. Bəs bu, nə vaxt baş verəcək? Pandemiya səngidikcə, yəni karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanacaq. Lakin bir nüans var. Hökumət cari ildə ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 faiz artım proqnozlaşdırıb. Ötən yazımda da qeyd etdim ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində Azərbaycanı bu il COVID-19 səbəbindən iqtisadi geriləmədən və işğal altındakı ərazilərə nəzarəti bərpa etdikdən sonra artım gözlədiyini və bu gözləntinin BVF ilə DB-nın irəli sürdükləri proqnozlardan daha nikbin olduğunu bildirib (DB Azərbaycan iqtisadiyyatının cari ildə 1,9 faiz, BVF isə 2 faiz artacağını proqnozlaşdırıb).

Bəli, ölkəmizdə bu il ərzində ÜDM istehsalı artımını şərtləndirəcək bir sıra amillər mövcuddur. Bunların bəzisi mütləq şəkildə özünü göstərəcək. Ancaq bu amillərdən ən başlıcası, hökumət tərəfindən qarşıya qoyulan 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfidir ki, bu amilin öz sözünü deməsi üçün nəyin tələb olunduğuna xüsusi diqqət yetirmək lazımdır. Bu, orta hesabla hər il 7 faiz artım deməkdir. Neft-qaz sektoru hesabına qeyd olunan hədəfə çatmaq isə əsla mümkün deyil. Odur ki, qeyri-neft sektoru indikindən daha artıq sürətlə inkişaf etməli, ümumən iqtisadiyyatda olmaqla xüsusən, qeyri neft-qaz sahəsində özəl payın çəkisi mümkün dərəcədə maksimum həddə yüksəldilməlidir. Ancaq təəssüf ki, belə deyil. Söhbət, nədən gedir?

Həmişə deyirik ki, bizdə özəl sektor geniş yayılıb, yaxşı inkişaf edib, iqtisadiyyatda özəl sektorun payı az qala 90% təşkil edir və sair, amma ölkəyə əsas gəlir gətirən yenə dövlət sektorudur. Yanvarda qeyri-dövlət sektoru üzrə şirkətlər, yəni özəl subyektlər ölkəyə 37,4 milyon dollarlıq gəlir gətirib. Dövlət müəssisələri isə 57,5 milyon dollar...

Xatırladım ki, hələ, dövlət şirkətlərinin idarəçiliyində problemlər var, yəni təsərrüfatsızlıq və bundan irəli gələn itkilər, qeyri-şəffaflıq və s. qalır. Demək, özəl sektorun iqtisadiyyatda payı tələb olunan səviyyədə və durumda deyil. Baxmayaraq ki, onun iqtisadiyyatda həcmi 2/3 hissə təşkil edir.

Ölkənin əsas gəlir mənbələrini dövlət şirkətləri təşkil edir. O şirkətlər ki, hazırda hamısı demək olar, topa halda İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Və bu səmərə versə, həmin şirkətlər daha çox gəlir gətirəcəklər. Söhbət o şirkətlərdən gedir ki, hələlik gətirdikləri gəlirlərdən çox həm də dövlət büdcəsindən “yeyirlər”.

Demək istədiyim odur ki, ölkə iqtisadiyyatında özəl sektor o zaman köklü və əsaslı rol oynayacaq ki, sözügedən sektorun ixrac gəlirləri dövlət müəssisə və şirkətlərinkini üstələyəcək. Və dövlət büdcəsinə dövlət müəssisə və şirkətlərindən çox mənfəət və gəlir verəcəklər. Buna gedən yol isə, dövlət sektorunun bir hissəsini özəlləşdirməkdən keçir...

Bəli, qeyri neft-qaz sektorunda məhsul istehsalı təkcə keçən il 12,5 faiz artdı və büdcəyə bu sahədən gəlirlər getdikcə genişlənməkdədir. Lakin bu, ümumi iqtisadi tənəzzülün qarşısını almaq və bundan qısa müddət ərzində çıxmaq üçün kifayət deyil. Başqa sözlə desəm, qeyri-neft sektorunun bunun üçün stimullaşdırıcı rolu hazırda məhdud xarakter daşıyır və yetərli sayılmır. Düzdür, işğaldan azad olunmuş ərazilərimizdə artıq, start götürmüş bərpa və yenidənqurma işləri də 2021-ci ildə iqtisadi artıma təsir göstərəcək. Ancaq ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, buna daxildən qaynaqlanan inkişaf demək, daha düzgün olar.

Bunun üçün isə dövlətin nəzarəti altında olan qeyri-neft sektoru sahələri tamamilə xüsusiləşdirilməlidir. Müxtəlif obyektiv səbəblər üzündən gələcək iqtisadi tənəzzül və enişlərdən tamamilə sığortalanmaq və yaxud tez yaxa qutarmaq üçün əsas çıxış yolu məhz budur. Bunu cari ilin yanvar-fevral aylarında qeyri neft-qaz sektoruna yönəldilən investisiya həcminin 49 faiz azalması faktı da tələb edir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazısı:
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Böhran   Pandemiya  





Xəbər lenti