“Ermənistan baharı” maya qaldı

 “Ermənistan baharı” maya qaldı
  28 Mart 2013    Oxunub:1416
“Milyonların yürüşü”nün təşkilatçıları o vaxtadək daha çox qüvvə toplamağa çalışır.
Ermənistan prezidentinin iqamətgahı qarşısında aprelin 9-na nəzərdə tutulmuş “milyonların marşı” mayın 1-də keçiriləcək. Bu barədə yürüşün təşəbbüskarı Arşak Zakaryan məlumat verib. O qeyd edib ki, ”hər şeydən əvvəl 1 may-Əmək günüdür və vətəndaş hərəkatının iştirakçılarının əksəriyyəti də elə əməkçilərdən ibarətdir. O vaxtadək xalqın tələb etdiyi köklü dəyişiklikləri həyata keçirmək üçün kifayət qədər vaxt var”.

Bununla yanaşı Zakaryan, aprelin 9-da, əvvəlcədən təyin olunmuş vaxtda oğlu ilə birgə prezidentin iqamətgahına gedərək ona tələblərinin qeyd olunduğu açıq məktub təqdim edəcək. ”Yürüşdə bütün xalq iştirak edəcək. Sayımız o qədər olacaq ki, heç kim, hətta Sərkisyan da bizimlə bacara bilməyəcək”- Zakaryan deyib.

Öz növbəsində, prezidentliyə keçmiş namizəd Andreas Qukasyan da bu təşəbbüsə qoşulacağını bəyan edib. O, həmçinin qeyd edib ki, aprelin 12-də hazırkı hakimiyyətin əleyhdarlarının, eləcə də digər maraqlı tərəflərin iştirakı ilə toplantı keçiriləcək. Toplantı vətəndaş cəmiyyətlərini təmsil edən hər kəs, ictimai təşkilatlar və siyasi qüvvələr üçün açıq olacaq. Toplantıda vətəndaşların tələbləri müzakirə ediləcək. Qukasyan yürüşdən başqa müxtəlif tipli tətillər təşkil etməyi, hətta vergiləri ödəməməyi təklif edib.

10 min insanın təşəbbüslərə qoşulduğunu bildirən Zakaryan aprelin 12-dən sonra daha çox təşkilat və siyasi partiyaların da onlara dəstək verəcəyini vurğulayıb.

Xatırladaq ki, 18 fevral prezident seçkilərində Serj Sərkisyan 58.64% səslə qalib gəlib. Onun andiçmə mərasimi aprelin 9-na təyin edilib.

Seçkilərdə ikinci yeri qazanan “İrs” partiyasının lideri Raffi Ovanisyan isə seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək inqilab elan edib. Martın 10-dan Ovanisyan Ermənistanın mərkəzində, Azadlıq meydanında aclıq aksiyası keçirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti