Ermənistan dolaşıq yolayrıcında: Atlar dəyişiləcəkmi? – TƏHLİL

      Ermənistan dolaşıq yolayrıcında:    Atlar dəyişiləcəkmi? –    TƏHLİL
  10 Aprel 2021    Oxunub:8074
Azərbaycanın Vətən Müharibəsində qələbə qazanması Ermənistan daxilində siyasi böhranın yaranmasına gətirib çıxardı. Müxalifət hökuməti məğlubiyyətdə və satqınlıqda günahlandıraraq, istefaya çağırır, bu məqsədlə mütəmadi olaraq Yerevanın mərkəzində etiraz aksiyaları keçirir. Paşinyan hökuməti isə məğlubiyyətin səbəbini özündən əvvəlki Koçaryan-Sarqisyan hakimiyyəti dövtündə buraxılmış səhvlərlə əlaqələndirir.
Baş nazirin cəbhədəki yenilgiyə görə məsuliyyəti ordunun üzərinə atmaq cəhdləri baş qərərgah rəisi başda olmaqla bir qrup generalın hökumətin istefasını tələb etməsilə nəticələndi. Ordu komandanlığın hökumətə qarşı çıxması Ermənistanda hakimiyyətin devriləcəyi barədə əsaslı proqnozların səslənməsinə rəvac verdi. Regionda qüvvələr balansının heç də Yerevanın xeyrinə olmadığı bir məqamda ölkə daxilində sabitliyin pozulması və qarşıdurmaların sonda Ermənistanın dövlətçiliyi ilə vidalaşması ilə nəticələnəcəyi barədə ehtimallardan irəli gələrək, Paşinyan yeganə doğru addım kimi növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair qərar qəbul etdi.

Paşinyanın hazırda əsas məqsədi 20 iyunda keçiriləcək parlament seçkilərində rəhbərlik etdiyi “Mənim addımım” partiyasının qələbəsinə nail olmaq və yenidən baş nazir kürsüsünə yiyələnməkdədir. Bu məqsədlə ilkin olaraq seçki məcəlləsi parlamentin qərarı ilə dəyişdirildi. Yeni dəyişikliyə əsasən, ölkə qarışıq seçki sistemindən imtina edərək, proporsional sistemə keçdi. Yeni parlament sırf partiyaların seçkilərdə topladığı səslərin hesablarına formalaşacaq.

Eyni zamanda, seçkidə iştirak etmək üçün partiya sayına da məhdudiyyət qoyulmayacaq. Bununla Paşinyan əsasən Azərbaycanla həmsərhəd bölgələrdə ondan narazı olan yerli rəhbərlərin administrativ dəstəyilə müxalif qüvvələrin parlamentə düşməsini əngəlləyir və partiyasında ondan başqa populyar siyasətçinin olmaması faktını sığortalayır. Paşinyan yalnız öz reytinqi hesabına seçkilərdə üstünlük əldə etməyə çalışır ki, sonrakı mərhələdə bu faktor onun partiyadakı mütləq liderlik mövqeyinin qorunub saxlanmasına kömək edəcək.
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi

Partiya siyahıları əsasında seçkinin keçirilməsi müstəqil namizədlərin də təşəbbüslərinin qarşısını alır – onlar parlamentdə təmsil olunmaq üçün partiya sıralarına qoşulmalıdırlar. Eyni zamanda, mikropartiyaların seçkidə iştirakına qadağanın aradan qaldırılması məğlubiyyətdən narazı olan, lakin eyni zamanda əsas müxalifəti də dəstəkləməyən qüvvələrin pərakəndə şəkildə parlamentdə təmsil olunmasına şərait yaradır. Belə olan halda müxalifətin vahid qüvvə kimi birləşib hakim partiyaya qarşı alternativ yaratması çətinləşir.

Təbii ki, Paşinyanın bugünlərdə baş tutan Moskva səfəri və Vladimir Putinlə görüşü Ermənistandakı növbədənkənar seçkilərlə bağlıdır. Paşinyan Putinin onunla bağlı mövqeyini öyrənməyə çalışmaqla yanaşı, Kremlin siyasi dəstəyini qazanmağa cəhd edir. Baş nazir Paşinyanın bu mənada əsas üstünlüyü müharibənin başa çatması ilə bağlı 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın Yerevan tərəfindən icra edilməsinin qarantı kimi çıxış etməsidir. Onun Moskva görüşündə 10 noyabr bəyanatının müddəalarının icrasının vacibliyini bir daha vurğulaması məhz bu amili Putinin diqqətinə yenidən çatdırmaq məqsədi daşıyırdı.

Paşinyanın ermənilərin “əsir və girov götürülmüş şəxs” dedikləri təxribatçıların azad edilməsi tələbini Moskvada səsləndirməsi isə erməni baş nazirin Azərbaycan ərazisində terror fəaliyyəti həyata keçirmiş və sülh razılaşmasından sonra həbs edilmiş 60 nəfərdən artıq erməni yaraqlısının vətənə qaytarılmasına nail olub, seçkiqabağı dövrdə əlavə reytinq qazanmaq istəyinin göstəricisidir.

Rəsmi Bakı həmin şəxslərin müharibə dövründə həbs olunmadığını əsas gətirərək, onları Ermənistana qaytarmaqdan imtina edir. Paralel olaraq isə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Yerevandan basdırılmış minaların yerləşməsini əks etdirən xəritələri tələb edir. Prinsip etibarilə, Yerevan öz vətəndaşlarını minaların dislokasiyası xəritəsi müqabilində geri qaytarmağa ümid edə bilər. Lakin Azərbaycanla Ermənistanın bu mövzularda birbaşa dialoqa daxil olması Moskvanın əsas vasitəçi kimi nüfuzunu zəiflədə bilər. Eyni zamanda, torpaqların qısa müddətdə minalardan təmizlənməsi azərbaycanlıların həmin ərazilərdə kütləvi məskünlaşması anlamına gəlir ki, bu halda bölgədə yenə də, Rusiyanın təsir gücü azalır və sülhməramlıların qalmasına ehtiyac aradan qalxmış olur. Bu səbəbdən, Moskva həbs olunmuş erməni yaraqlılarının Ermənistana verilməsinə özü nail olmağa çalışır. Rusiyanın baş prokurorunun Bakıya səfərini məhz bu səbəblə əlaqələndirmək olar. Azərbaycanın xarici işlər nazirinin erməni terrorçularının azad olunmasının qeyri-mümkünlü barədə bəyanat verməsi də bu fikri təsdiqləyir.

Rusiyanın hansı siyasi qüvvəni dəstəkləyəcəyinə gəldikdə isə, belə qənaət yaranır ki, Kreml Ermənistandakı seçkilərə birbaşa müdaxilə etmədən, neytral şəkildə prosesi izləyəcək. Doğrudur, Moskvanın dəstəklədiyi fiqur kimi keçmiş prezident Robert Koçaryanın namizədliyi irəli sürülüb və Kreml öz fiqurundan siyasi dəstəyini əsirgəməyəcək. Ancaq digər yandan baxdıqda, Koçaryanın namizədliyinin irəli sürülməsi Paşinyanın xeyrinə işləyən faktordur. Çünki, əsas müxalif qüvvələr seçkinin legitimliyini şübhə altına salmaq üçün ona qatılmaqdan imtina edirlər, Koçaryanın namizədliyini irəli sürməsi isə həmin qüvvələri parçalamaqla yanaşı, seçkilərin nəticələrinin legitimliyini təmin edəcək.

Rusiyanın hansısa başqa formada müdaxiləsi, yəni, hakimiyyətin güc yolu ilə çevrilişinə dəstək verməsi qeyri-mümkündür. Çünki, həm Qərb dövlətləri, həm də Türkiyə bunun yolverilməz olması ilə bağlı artıq bəyanat səsləndiriblər. Regionda formalaşmış hazırkı şəraitdə Ermənistanda siyasi sabitliyin pozulması Rusiyanın xeyrinə heçnə vəd etmir.

Tofiq Vahid
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Rusiya  





Xəbər lenti