İcbari sığorta üzrə 1 milyondan çox tibbi xidmət göstərilib
Cari ilin mart ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar Mingəçevir şəhəri (402), Şirvan şəhəri (200), Yevlax (165), Zaqatala (164), Ağdaş (160), Qəbələ (158), Oğuz (150), Ağstafa (145) rayonları, Gəncə şəhəri (137) və Göyçay (136) rayonudur.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (118 449), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (91 800), Xaçmaz (59 685), Yevlax (56 156), Ağdaş (42 782), Şəki (37 790), Quba (37 440), Zaqatala (34 954), Göyçay (34 699) və Qusar (31 778) rayon Mərkəzi Xəstəxanaları daxildir.
Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğuna Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Ağdaş, Şəki, Zaqatala, Göyçay, Quba və Beyləqan rayon Mərkəzi Xəstəxanaları daxil edilib.
Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğuna Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Qusar, Ağdaş, Bərdə rayon Mərkəzi Xəstəxanaları, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Göyçay rayon Mərkəzi Xəstəxanaları daxildir.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
Ümumilikdə 2021-ci ilin I rübü ərzində 711 498 nəfər 1 544 679 dəfə tibb müəssisələrinə müraciət edərək 3 268 080 sayda tibbi xidmətlərdən istifadə edib.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər də icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb.
Azvision.az