Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL

   Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir -    TƏHLİL
  16 Aprel 2021    Oxunub:14703
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı”,- deyib. Sual yaranır ki, bəs, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrini həyata keçirəndə Ermənistan nə ilə məşğul idi?! Azərbaycan həmin layihələrin sayəsində iqtisadi müstəqillik əldə etdi. İrəvanda məgər bir nəfər də olsa belə, "gözü görən və ağlı kəsən" yox idi ki, ölkənin dalana dirənəcəyini desin?! Bu cür “kor baxış” və yanaşma ilə özgənin torpağını nə vaxta qədər işğal altında saxlamaq mümkün olacaqdı?
Sözüm bunda deyil. Təkcə bir faktı qeyd edim ki, Azərbaycan özünün bir parçası olan Naxçıvanla yerüstü əlaqəyə sahib olsaydı, bundan təkcə Bakı deyil, bütövlükdə region və Cənubi Qafqaz bölgəsi böyük iqtisadi töhfələr qazanacaqdı. Söhbət son 30 ilə yaxın müddətdən gedir. Azərbaycanla Naxçıvan arasında ötən 30 il ərzində birbaşa əlaqə pozulmasaydı və işğal faktı olmasa idi, bizim Avropaya uzanan bir çox mühüm, strateji layihələrimiz bu ərazidən keçəcəkdi. Bununla həm o layihələrin xərci az olacaqdı, həm də onlardan Ermənistan da faydalanacaqdı.

Bu, İrəvanın iqtisadi vəziyyətinə böyük töhfələr verəcəkdi. Amma İrəvan kor qaldı... Azərbaycan kimi qonşunun ərazisini 30 ilə yaxın işğal altında saxlamaqla özünü böyük faydalardan məhrum etdi. Azərbaycan dövləti aciz qalmadı. Naxçıvan həm İran, həm Türkiyə, həm də hava nəqliyyatı vasitəsilə "tənha" qoyulmadı. Odur ki, ötən 30 il ərzində regionda iflic vəziyyəti yaradan Ermənistan bununla yalnız özünü pis vəziyyətə qoydu. Halbuki, götürəcəyi xeyir heç də Azərbaycanın xeyirindən az olmayacaqdı.

Lakin Nikol Paşinyanın son vaxtlar Azərbaycanla əlaqələrin, kommunikasiya dəhlizlərinin açılmasına dair söylədiyi bəzi fikirlər deməyə əsas verir ki, sözügedən ölkə, başına dəyən məlum qapazdan sonra deyəsən, gözlərini açıb və yaxud, açmaq niyyətindədir. Buna da səbəb Ermənistanın öz iqtisadiyyatını dalandan, yəni böhrandan çıxarmaq istəyidir. Reallıq isə bundan ibarətdir ki, İrəvanın iqtisadi bataqlıqdan çıxmaq şansı Azərbaycanın əlindədir. Çünki dövlət başçımız demişkən, istər o vaxt, istərsə də indi Ermənistana investisiya qoymaq üçün dəli olmaq lazımdır.

Yeri gəlmişkən, həmin ölkədə mis yataqlarının olması haqda fikirlər səslənir. Sual olunur ki, kim bu yataqlara pul qoyacaq?! İstənilən resursların üzə çıxarılması üçün investisiya, kapital qoyuluşu tələb olunur. Ümumiyyətlə, hər hansı bir ölkənin konkret resurslara malik olması hələ o demək deyil ki, həmin ölkə bu resursları üzə çıxarıb satışa vermək, yəni realizə etmək iqtidarındadır. 1994-cü ildə Azərbaycanın imzaladığı “Əsrin müqaviləsi”ni xatırlatmaq istərdim. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və təbii resursları sovet dövründə istismar olunub. Buna rəğmən, 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra ölkə iqtisadiyyatını qaldırmaq, investisiya cəlb etmək, xaricilərin bura gəlib, kapital qoymasını təmin etmək üçün “Əsrin müqaviləsi”ni imzaladıq. Neft-qaz resurslarımızın üzə çıxarılması üçün öncə ölkəyə investisiya cəlb edildi. Çünki başqa əlac yox idi. Biz, nə qədər zəngin neft ehtiyatlarına malik olsaq da, tarixən neft ölkəsi kimi tanınsaq da, Azərbaycanın elə bir imkanı yox idi ki, Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” yatağındakı resurslardan maksimum dərəcədə istifadə etsin.

Ermənistanda mis, yaxud, digər yataqlar ola bilər. Lakin həmin resursların üzə çıxarılması üçün xarici investorların ora gəlməsi mümkündürmü?! Ermənistan hökuməti bunu necə təşkil edəcək? İstənilən xarici investor stabil ölkəyə kapital qoyur. Ancaq bu gün Ermənistanda əvvəla, siyasi sabitlik yoxdur. İkincisi də, tutaq ki, bugünkü şəraitdə hər hansı bir xarici şirkət gəlib, Ermənistanda misin üzə çıxarılması ilə məşğul olur, bəs, bunu nə ilə daşıyacaq? Ölkə bərbad siyasəti nəticəsində özünü blokadaya salıb: Türkiyə ilə münasibətləri pis, Azərbaycanla münasibətləri aydındır, Gürcüstanla heç də hər şey rəvan deyil, bir cənubdan İran qalır ki, bu da o qədər perspektivli çıxış yolu deyil. Xarici şirkət Ermənistana gələndə ən birinci tələbi ondan ibarət olmayacaqmı ki, “Qonşularla münasibəti düzəlt və mən, əldə etdiyim xammalı dünya bazarlarıına çıxara bilim?!”

Yeri gəlmişkən, işğalçılardan azad etdiyimiz ərazilərin özü də bir sıra təbii resursalarla zəngindir. Orada qızıl, dəmir, filiz yataqlarımız var. Ermənistan qızıl yataqlarından işğal altında saxladığı müddətdə istifadə edib. Sual oluna bilər ki, bəs, xarici şirkətlər oraya necə gəlib? Həmin xarici şirkətlərin hansılar olduğunu və başında duranları araşdıranda görürük ki, bunlar əslində bilavasitə ermənilərin özlərindən ibarət, üstəlik, dünya biznes çapında çox da yaxşı imicə malik olmayan şirkətlərdirlər. Odur ki, gəlib və işğal altında olan ərazilərdə əslində, talançılıqla məşğul olublar.

Sözün qısası, hesab edirəm ki, Ermənistan əgər ağlını başına yığıb, regionun sabitliyi üçün çalışarsa və bu yöndə mövqe tutarsa, kommunikasiya əlaqələri bərpa olunarsa, siyasi sabitsizlik aradan qalxarsa, gələcəkdə xarici şirkətlərin gəlib orada da iş görməsinə şahid ola bilərik. Ancaq bu, nəinki yaxın, hətta orta perspektivdə də hələ qaranlıq görünən məsələ sayılır.

Paşinyanın kommunikasiya məsələsinə toxunması məntiqidir, dolayı yolla erməni ictimaiyyətinə başa salmaqdır ki, Ermənistan faktiki olaraq deyiləndən 5-10 qat artıq təbii resurslara malik olsa da, qonşularla, xüsusilə də Azərbaycanda kommunikasiya əlaqələrini bərpa etməsə, heç bir xarici şirkət gəlib oraya bir qəpik də pul qoyan deyil.

Yeri gəlmişkən, bu yaxınlarda Rusiyadan Ermənistana verilən qazın Azərbaycan ərazisindən ötürülməsi ilə bağlı "Qazprom"la SOCAR arasnda imzalanan razılaşmanı yada salmaq istəyirəm. Bu, Azərbaycanın Ermənistana qarşı jesti idi. Gələcəkdə kommunikasiya əlaqələrinin bərpası, Ermənistanın normal həyata çıxışı üçün ən əlverişli istifadə edə biləcəyi ərazi məhz Azərbaycandır. Bunu Ermənistanda da çox gözəl başa düşürlər və inkişaf edən iqtisadiyyata malik olmaq istəyərlərsə, gec-tez bu həqiqətlə barışmalı olacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyev demişkən, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, buna nail olmuşuq. Bundan sonrakı söz, İrəvana məxsusdur...


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:





Xəbər lenti