Fransız səfir üçün “ləyaqət” nədir? - ŞƏRH

 Fransız səfir üçün “ləyaqət” nədir? -  ŞƏRH
  16 Aprel 2021    Oxunub:13001
Fransa İkinci Qarabağ müharibəsində olduğu kimi, postmüharibə dövründə də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Rəsmi Paris ermənipərəst simasını nəinki gizlədir, əksinə bunu aşkar şəkildə nümayiş etdirir.
44 gün ərzində ordumuzun tarixi qələbə qazanması, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü bərpa etməsi Ermənistanla yanaşı, onların “böyük bacısı” Fransanı da məyus edib. Bu səbəbdəndir ki, erməni simasında gizlənən bəzi fransız siyasətçilər Cənubi Qafqazın lideri statusuna sahib olan Azərbaycanın möhtəşən Zəfərini həzm edə bilmirlər.

Bu günlərdə fransız xisləti bir daha özünü göstərdi. Belə ki, Bakıda Azərbaycan Ordusunun gücünü, qüdrətini əks etdirən Hərbi Qənimətlər Parkının açılması Fransanın Ermənistandakı səfirini ciddi narahat etməyə başlayıb. O, Ermənistanın biabırçı məğlubiyyətini göstərən Hərbi Qənimətlər Parkının açılmasına özünə məxsus şərh verib. Bildirib ki, “müharibə tamaşa predmeti olmamalıdır”. Fransız səfir, həmçinin gülməli səslənsə də,Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırıb.

Necə? “Ləyaqətli məğlubiyyət”?

Əvvəla, Fransanın Ermənistandakı səfiri yalnız ölkəsinin maraqlarını qorumaqla məşğul olmalıdır. Bir səfirin fəaliyyət göstərdiyi ölkədə tamamilə başqa dövlətin daxili işlərinə qarışması, orada baş verən hadisəni qərəzli şəkildə şərh etməsi ilk növbədə onun diplomatik statusuna ziddir. Təəssüf ki, Fransa səfiri İrəvandakı dostlarının maraqları naminə öz ölkəsinə və karyerasına ləkə gətirəcək addım atmaqla demokratiya prinsiplərini ermənilərin ayaqları altına atır.

Bunu yalnız fransızlar edə bilərdi. Düzdür, artıq Ermənistanın “böyük bacısının” diplomatı layiqli cavabını aldı, Azərbaycandan bu anormal, yersiz şərhə dərhal reaksiya verildi. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa səfirinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırmasına cavab olaraq deyib: “Bəlkə, Fransa səfirinə görə, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub?”.

XİN rəsmisi tövsiyə edib ki, Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı:

“Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!"

Erməni bayrağına bürünən səfir Jonatan Lakotun İrəvanda oturub Fransaya aidiyyəti olmayan bir məsələyə reaksiya verməsi ölkəmizə qarşı birbaşa qərəzin nümayişidir. Digər tərəfdən, fransız diplomatın işğalçı ordunun məğlubiyyətini “ləyaqət” konteksində qiymətləndirməsi sadəcə gülüş doğurur. Bu gün Fransa rəsmiləri ləyaqətli müharibədən danışacaq ən son adamlar olmalıdırlar. Yaxşı olardı ki, Parisin rəsmi mövqeyini kənara atıb, İrəvanın mənafeyini müdafiə edən səfir Lakot açıqlama verməzdən əvvəl öz ölkəsinin tarixinə nəzər salsın.

Fransanın qaranlıq keçmişinə baxış

Fransızlar tarixlərində erməni məğlubiyyətinə oxşar hadisələrlə az rastlaşmayıblar. Məsələn, 44 günə biyabırçı şəkildə təslim olan İrəvandan fərqli olaraq Fransa oxşar taleni cəmi 25 günə yaşayıb. Qısa bir xatırlatma edək ki, İkinci Dünya Müharibəsi zamanı Paris döyüşlərin artıq 25-ci günündə təslimçilik aktına imza atmışdı.

Digər tərəfdən, tarixboyu müstəmləkəçilik siyasəti yürütmüş fransızlar Afrikada və başqa ərazilərdə işğalçılıq siyasəti ilə kabus yaratmışdılar. Ləyaqət anlayışını yalnız ədalətli müharibə aparanlar anlaya bilərlər. Digər ölkələrdə soyqırımı törədənlərin danışacağı ən son mövzu ləyaqət olmalıdır. Müstəmləkə imperiyası kimi ad çıxarmış bu ölkə Afrikanın qərb və cənubunu öz hakimiyyətləri altında birləşdirməklə kifayətlənməyərək burada qırğınlar törətmiş, Əlcəzair tarixinin ən böyük faciəsinə qol qoymuşdu.

Əlləri günahsız insanların qanına bulanmış fransızlar özlərini nə qədər demokrat və humanist kimi təqdim etməyə çalışsalar da, keçmişi silmək mümkün deyil. Afrikaya zaman-zaman qan qusduranların indi müharibə mövzusunda ləyaqətdən danışması, qalib tərəfi mühakimə etməyə çalışması sadəcə absurddur.

Müstəmləkəçilik siyasəti yürütmüş böyük dövlətlərin “tarix dosyesi”nə nəzər yetirsək, görərik ki, indiyədək günahsız insanlara və hərbi birləşmələrə qarşı ən amansız qırğınları törədən ölkə məhz Fransa olub. Bu azmış kimi fransızlar insanlıq adına ləkə gətirən hərəkətlərindən həzz aldıqlarını da gizlətməyiblər.

Ermənistanın "sevimli dostu"nun Əlcəzairdə apardığı müharibədən sonra öldürülən partizanlarla “ləyaqətli” davranışı unudulmamalıdır. Son illərə kimi Parisdəki muzeylərdə əlcəzairli partizanların kəllələri hərbi qənimətlər kimi nümayiş etidirilirdi. Bir neçə il əvvəl Əlcəzair Fransaya muzeydə sərgilənən kəllələri və milli arxivin qaytarılması üçün müraciət etmişdi ki, sonda 37 kəllə sümüyünü geri ala bildi. Düz iki əsr Parisin İnsan Muzeyində nümayiş olunan hərbçi kəllələri müharibələr tarixini əks etdirən ən utancverici eksponat sayılırdı. Bu kəllə sümükləri XIX əsrdə Əlcəzairi işğal edən Fransa əsgərləri tərəfindən öldürüldükdən sonra başları kəsilən əcəzairli müqavimət liderlərinə aid idi. Kəsdiyin əsgərin başını muzeydə nümayiş etdirmək fransızsayağı ləyaqətin hansı anlam daşıdığına ən gözəl izahıdır...

İrəvanda itirilən "ləyaqət" anlayışı

Bu gün kiməsə ləyaqət dərsi keçməyə çalışanlar Əlcəzairi işğal altında saxladığı müddətdə burada 1 milyon 500 mindən çox insanı qətlə yetiriblər. Bundan başqa 1994-cü ildə məşhur Ruanda soyqırımının - 800 min dinc sakinin ölümüylə nəticələnən faciələrin əsas günahkarı da fransızlar idi. Qabon, Seneqal, Benin, Tunis, Burkina Faso, Çad, Kamerun, Cibuti kimi Afrika ölkələrində insanları yalnız qətlə yetirməklə kifayətlənməyən fransızlar sağ qalanların dinlərini və dillərini dəyişməsinə məcbur etmişdilər.

Fransanın “ləyaqətli” müstəmləkəçilik siyasəti Vyetnama qədər də gedib çıxıb. Hətta fransızlar bu ölkədə 1872-1954 arası 500 mindən çox vyetnamlını qətlə yetiriblər.

Tarixi keçmişinə qara eynəklə baxan səfir bu gün İrəvana xoş gəlsin deyə guya ermənilərin "ləyaqətli" şəkildə məğlub olduqlarını demək əvəzinə, işğalçı ilə öz ərazi bütövlüyünü bərpa edən ölkənin apardığı mübarizə arasında fərqi izah etməli idi. Ləyaqətli davranan ölkə başqa dövlətin tarixi və beynəlxalq qanunlarla təsbit edilmiş ərazilərini işğalda saxmazdı. Yaxud da özünə məxsus olmayan torpaqlara iddia etməzdi.

Tarix boyu milyonlarla insanı qırıb, buna görə ciddi təzyiqlə üzləşməmiş Paris üçün 30 il ərzində bir milyon azərbaycanlının hüququnun kobudcasına pozulması, öz yurdlarından didərgin salınması nədənsə adi hal kimi görünür. Ləyaqətdən dəm vuranlar illərlə bu faciələrin üstündən keçərək işğalçıların yanında yer aldılar. Birinci Qarabağ müharibəsi dövründə amansızcasına öldürülən azərbaycanlıların qətliamı niyə "demokratiyanın beşiyində" yaşayanları düşündürmür? Fransa səfiri ədalətli olsaydı, bir dəfə də haqqın tərəfini tutub, işğalçını öz adı ilə çağırmalı idi. Əlbəttə, erməni sevgisi Jonatan Lakot kimi digərlərinin də gözünü tutub və haqqı qəbul etməyi bacarmırlar.

Fransız diplomat acı da olsa, anlamalıdır ki, Xocalı soyqırımını törədənlər 44 günlük müharibədə ləyaqətlə deyil, biyabırçı şəkildə məğlub oldular. Bu qələbə ilə Azərbaycan erməni hərbi siyasi rəhbərlərinə və onların havadarlarına layiqli dərs verdi. Yeri gəlmişkən, fransız diplomatın az qala müqəddəs deyib Vatikanla müqayisə edəcəyi İrəvanda ləyaqət anlayışı olsaydı, müharibə və münaqişənin çoxdan bitməsinə baxmayaraq, hələ də azad olunmuş ərazilərin mina xəritələrini gizlətməzdi. İrəvanın postmüharibə dövründə xeyli sayda dinc sakinin ölümünə hesablanmış mina təxribatı hansı ləyaqətdən xəbər verir?

Günahsız insanları öldürməkdirmi ləyaqətli olmaq?

Yəqin ki, cənab Jonatan Lakotun ləyaqət anlayışı tamamilə fərqlidir. Ləyaqət dünyanın hər yerində eyni cür anlaşılan mənəvi hiss və davranışdır. Səfirin ləyaqətsiz davranışla ləyaqətli hərəkətləri niyə səhv salması da məsələyə fransızsayağı yanaşmasının nəticəsidi.

Fransız diplomatdan soruşmaq istərdik ki, məğlub olduğunu görüb qadağan edilmiş və kütləvi qırğınlar üçün nəzərdə tutulmuş “İskəndər -M” raketinin son anda Şuşaya atılması hansı ləyaqətli insanın ağlına gəlmişdi? Yaxud da, bu cür “ləyaqətli” ölkənin havadarlarından olan, Minsk Qrupu çərçivəsində illərlə heç bir iş görməmiş Fransa müharibə zamanı Gəncə, Bərdə, Tərtərdə dinc sakinlərin raketlərlə vurulmasına nə ad verə bilər?

30 il ərzində ədalət anlayışını itirən həmsədrlər işğalçı ilə işğala məruz qalan arasında fərq qoymağı bacarmırsa, Jonatan Lakot hansı ləyaqət anlayışından danışa bilər? Axı bu ülvi hisslər hər insanda olmur. Təəssüf ki, cənab Jonatan tanrının lütfindən kənarda qalıb...

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti