Qəzetlərdən seçilmiş yazılar

Qəzetlərdən seçilmiş yazılar
  28 Mart 2013    Oxunub:1679
Gündəm Xəbər
AXCP və Müsavat arasında nə baş verir?


Müsavat Partiyasının rəsmisi Azərbaycan Xalq Cəbhəsi Partiyasını «müttəfiqlərimiz» adlandırsa da, onlarla bağlı sərt danışıb və AXCP-nin qərarların əleyhinə rəy yaratdığını iddia edib.
«İsa Qəmbərin namizədliyinin Müsavat Divanı tərəfindən irəli sürülməsi ilə bağlı qərardan əvvəl də müttəfiqlərimizin bizə münasibətdə təftiş siyasəti yürütdüyünün şahidi olmuşuq»,- bunu BBC Azərbaycancaya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib. «Onlar daim təftişlə məşğuldurlar və istənilən qərarın, istənilən mövqeyin əleyhinə rəy formalaşdırırılar. Bu da müttəfiqliyə yanaşmayan bir münasibətdir», Hacıbəyli əlavə edib. «Bizim yeganə tənqid hədəfimiz hakimiyyətdir, ancaq hökumətə qarşı mübarizə aparırıq və Müsavat Partiyasını təbii müttəfiqimiz sayırıq», bu sözləri BBC Azərbaycancaya açıqlamasında AXCP mətbuat xidmətinin rəhbəri, partiya Rəyasət Heyətinin üzvü Natiq Ədilov deyib. «Hesab edirik ki, yollarımız uzun müddət bir olacaq və inanıram ki, müxalifətdə də, hakimiyyətdə də hakimiyyəti paylaşacağıq».
Ötən həftə BBC Azərbaycancaya müsahibəsində AXCP sədri Əli Kərimli deyib ki, namizədlər seçki mühitinin formalaşması üçün bütün qüvvələri səfərbər etməlidirlər. «Namizədlik məsələsinə isə bu prosesin sonuncu mərhələsində baxılmalıdır».
Müsavat başqanı İsa Qəmbər isə BBC Azərbaycancaya müsahibəsində deyib ki, prezident seçkilərinə hazırlıq prosesinin gedişində «bir-birimizə güzəşt barədə danışıqlar ola bilər» və əlavə edib ki, danışıqların nəticəsi «reallığa uyğun olmalıdır».


Gündəm Xəbər
BMT-nin iki orqanı Azərbaycanda insan haqları durumunu müzakirə edəcək


İnsan Hüquqları Klubunun (İHK) nümayəndə heyəti bu ilin aprel-may aylarında baş tutacaq Azərbaycanda insan hüquqları praktikasının BMT orqanları tərəfindən təhlili ilə bağlı olaraq bu həftə Cenevrədədir. İHK nümayəndələri ölkədə siyasi məhbuslarla bağlı vəziyyət və sərbəst toplaşma azadlığının son pozulması halları ilə bağlı narahatlıqlarını ifadə ediblər. İHK müvafiq BMT qurumlarını Azərbaycan üzrə Universal Dövrü İcmal (UPR) vasitəsilə Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün təzyiqləri artırmağa çağırır. Aprelin 30-da Azərbaycan ikinci dəfə BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmalının müzakirə subyekti olacaq. Mayın 3-də isə İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (İSMHK) tərəfindən Azərbaycana baxış keçiriləcək və ölkənin “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”ı (İSMHBP) ratifikasiya etməklə öz üzərinə götürdüyü öhdəliklərə necə əməl etməsi qiymətləndiriləcək.


Azadlıq
Ziyalılar Forumu tərəf tutmayacaq


Ziyalılar Forumunun AXCP-yə, Müsavat Partiyasına və digər partiyalara münasibəti necədirsə, El hərəkatına münasibəti də elədir”. Bu açıqlamanı Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli verib. O bildirib ki, El hərəkatının yaranmasında Ziyalılar Forumunun üzvlərinin hamısı iştirak etməyib və forumun rəhbərliyində təmsil olunan Eldar Namazov yalnız bu işin təşəbbüskarıdır: “El hərəkatının yaranması ilə Ziyalılar Forumun fəaliyyətinin dayandığı qənaətinə gəlmək yanlışdır. Ziyalılar Forumu fəaliyyətini davam etdirir. Ziyalılar Forumunun üzvü olan Rafiq Əliyev, Gültəkin Hacıbəyli, Ramiz Rövşən və mən El hərəkatında təmsil olunmuruq. Adıçəkilən şəxslər yalnız forumun fəaliyyətinin stimullaşdırılması istiqamətində bacardığımız işləri görürük. Bizim siyasi məsələlərə dair iddiamız yoxdur”.

ABŞ Qafqazda möhkəmlənmək qərarı verdi

Məqalədə qeyd olunur ki, ABŞ Dövlət Departamentində Avropa və Asiya işləri ilə məşğul olan yeni diplomatlar təyin ediləcək. Dəyişikliklər Qafqaz, Qara dəniz regionunda və ona bitişik ərazilərdə təhlükəsizlik, davam edən münaqişələr, demokratiya və iqtisadiyyat sahəsində problemlərin həllində Vaşinqtonun iştirakını möhkəmləndirəcək.

Bakı Xəbər
"EL" hərəkatı prezidentliyə namizədliklə bağlı özünün iki variantını açıqladı


“El" Hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov qeyd edib ki, hərəkat seçkilərə ya öz namizədi ilə qatılacaq, ya da demokratik düşərgənin konsensus yolu ilə müəyyənləşən namizədini dəstəkləyəcək: "Bu məsələ qarşıda gələn proseslərdən asılıdır. Bütün hallarda "El" Hərəkatı seçkilərdə çox fəal iştirak edəcək və öz sözünü deyəcək".

Yeni Müsavat
Ləzgi deputat Söyün Sadıqovun iddialarından danışdı


Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqov prezident Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasının tərkibində olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin saytına müsahibəsində Azərbaycanda etnik azlıqların guya sıxışdırılması və onlara “ölkənin siyasi sistemində təmsil olunmaq üçün imkan yaradılmaması” mövzusunda açıqlama verib. S.Sadıqovun iddiaları ilə bağlı Milli Məclisin YAP-çı üzvü, 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovla danışdıq. O bildirdi ki, Azərbaycanda yaşayan ləzgilərin heç bir problemi yoxdur. Hansısa narazılıqların olması barədə fikirlərin heç bir əsası yoxdur. Bəzi qurumlar və insanlar ola bilər ki, burda qeyri-sabitlik yaratmağa maraqlıdırlar. Azərbaycan inkişaf etməkdə olan, böyük potensiala malik bir ölkədir. Bu mənada hansısa ölkələr, yaxud şəxslər ola bilsin ki, Azərbaycana müdaxilə etmək istəyirlər. Ancaq Azərbaycanda buna imkan verilməyəcək.

Gülər Əhmədovanın mövqeyində şok dönüş

Dünən sabiq YAP-çı deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev onunla saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşüb. R.Mustafayev G.Əhmədovanın Elşad Abdullayev məsələsi ilə bağlı ifadə vermədiyini dedi: “Abdullayev istintaqa çağırılmayana qədər sabiq deputatın ifadə verməsi gözlənilmir. Bunlar həbs edib, sonra sübut toplayır”. .Mustafayev G.Əhmədovanın daha bir sözünü çatdırdı. Dedi sabiq deputat videoların tam, versiyasız variantının yayılmasını tələb edib. G.Əhmədova E.Abdullayevin orada söyüş söydüyünü və başqa mətləblərlə bağlı danışdığını da vurğulayıb. R.Mustafayev istintaqın son durumunu şərh etdi. Onun sözlərinə görə, cinayət işinin başlanmasına səbəb internetlə yayılmış videoyazılar olub. R.Mustafayev digər məqamlara da toxundu. Onun sözlərinə görə, video və audio çəkilişlər yalnız o halda sübut kimi qəbul edilə bilər ki, onlar prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara müvafiq şəkildə əldə edilsin. R.Mustafayev dedi ki, E.Abdullayev istintaqdan yayındığına, S.Babayeva isə vəfat etdiyinə görə onlar işin halları barədə prosessual qaydada dindirilməyib, G.Əhmədova isə qanunsuz videoyazılar barədə ifadə verməkdən imtina edib.

Gündəlik Bakı
İctimai Palata daxilində gərginlik


Son günlər Müsavatla Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir sıra rəsmiləri arasında çəkişmələr yenidən güclənib. AXCP sədri Əli Kərimlinin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etməsi “müttəfiqlər”in münasibətlərinin gərginliyini artırıb. Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli qarşı tərəfin ünvanına ittihamlar səsləndirərək deyib ki, AXCP-lilər daim təftişlə məşğul olurlar və istənilən qərarın, mövqeyin əleyhinə rəy formalaşdırırlar. AXCP sədri Əli Kərimli isə deyib ki, namizədlər şəffaf seçki mühitinin formalaşması üçün bütün qüvvələrini səfərbər etməlidirlər.

Hüseynqulu Bağırov Xətaidəki “yaşıl soyqırım”a nə vaxt dur deyəcək?

“Gündəlik Bakı”da ictimailəşdirildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı Balakən MMBM-in 5 meşə dolayında 797.23m3 həcmində, 3606.18 manat köküstə nırx dəyərində ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb. Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən 171.45 23m3 həcmində, 690.18 manat köküstə nırx dəyərində qanunsuz ağac kəsilməsi faktı müəyyən olunub və Balakən MMBM-in direktoru işdən azad edilib. Ekologiya naziri hansısa direktoru cəzalandıra bilir, amma paytaxtda aparılan “yaşıl soyqırım”ı görmür. Bakının Xətai rayonundakı 17 saylı orta orta məktəbin qarşısındakı ağaclıq iş adamı tərəfindən alınaraq hasara alınıb və kəsilməsi üçün məqam gözləyirlər. Bu ərazi sakinlərin dincəlməsi üçün yeganə yaşıl yerdir.


Unikal
Bakının mərkəzi rayonunda məmurların böyük rəzaləti


Bəzi məmurların müxtəlif heyvan növlərinə marağı bəllidir. Məmurların heyvanlara olan sevgisi heç də mənfi hal deyil. Ancaq təəssüflər olsun ki, bu sevgi bir çox hallarda insanların rahatlığının pozulmasına gətirib çıxarır, onlara problem yaradır. Müraciətlərdə sakinlər şikayət edirlər ki, qonşu mənzili sözün əsl mənasında heyvanxanaya çevriblər. Sakinlər onu da qeyd edirlər ki, daha bir problem itlərin axşam saatlarında gəzintiyə çıxarılması zamanı uşaqlar üçün təhlükə yaratmalarıdır.



Teqlər:





Xəbər lenti