Pandemiya böhranından çıxışımız niyə ləngiyir – TƏHLİL

   Pandemiya böhranından çıxışımız niyə ləngiyir –    TƏHLİL
  20 Aprel 2021    Oxunub:7143
Dünya iqtisadiyyatının aparıcı ölkələrində pandemiyanın vurduğu zərərlərdən tədricən çıxma, tənəzzüldən qurtulma tendensiyasının başlandığı müşahidə edilir. Bizdə isə bu, hələ nəzərə çarpmır.
Təkcə bir faktı qeyd edim ki, Çin iqtisadiyyatında cari ilin birinci rübünün yekunlarına əsasən 18,3 faiz artım qeydə alınıb. Keçən ilin eyni vaxtında isə bu rəqəm mənfi 6,8 faiz təşkil edirdi. Digər ölkələrdə də oxşar tendensiya nəzərə çarpır. Yəni, pandemiya məngənəsindən çıxma və bərpa prosesi start götürüb. Bunun ölkəmiz üçün əlverişli xarici mühit formalaşdıracağı aydındır. Ancaq hələ ki Statistika Komitəsinin cari ilin I rübünə dair açıqladığı yekun məlumat və rəqəmlər gözlənildiyi kimidir: Yəni, qeyri-adi heç nə yoxdur, tənəzzül davam edir.

Niyə “gözlənildiyi kimi” deyirəm? Məsələ bundadır ki, pandemiya ilə əlaqədar karantin rejimi bir müddətdir aradan götürülmüş sayılsa da, iqtisadi aktivlik keçən ilin əvvəlindəki vəziyyətə qayıtmayıb. Bu, aydın görünür. Ümumiyyətlə, postpandemiyadan danışmaq hələ tezdir. Çünki koronavirusla bağlı şərait hələ qeyri-müəyyən xarakter daşıyır. Həm də, ötən bir il ərzində sözün həqiqi mənasında ağır böhrandan sonra iqtisadiyyatın birdən-birə bərpası da mümkün deyil. İri və inkişaf etmiş ölkələrin iqtisadi gücü - "yerindən götürmə" qabiliyyəti yüksəkdir. Ona görə də, həmin ölkələrdə bərpa prosesi sürətlə gedir. Azərbaycan 2020-ci il ərzində 4,3 faiz gerilədi. Bu rəqəm daha böyük ola bilərdi, sadəcə, hökumətin ilin əvvəlindən etibarən atdığı bir sıra qabaqlayıcı addımlar və tədbirlər nəticəsində iri rəqəmli tənəzzüldən qurtula bildik. Cari ilə isə böyük ümidlərlə başlamışdıq. Belə ki, vaksinasiya prosesinə bir arxayınçılıq var idi. Ancaq təəssüf, bu arxayınçılıq özünü doğrultmadı. Karantin rejimi iyunun 1-dək uzadıldığından, bir çox sahələr hələ də buxovda sayılır. Odur ki, ilin geridə qalan ilk rübü ərzində tənəzzül prosesində əyləc sistemi işə düşməyib.



Yeganə təsəlliverici faktor ondan ibarətdir ki, qeyri-neft sektorunda 2,1 faiz artım qeydə alınıb, sənaye məhsulu istehsalı həcmi üzrə isə bu rəqəm 11,9 faiz təşkil edir. Lakin əsas kapitala yönəldilmiş vəsaitlər 19,4 faiz azalıb. O cümlədən, qeyri-neft sektorunda bu rəqəm 32,2 faiz, sənayesində isə 1,7 faiz təşkil edib. Bu, çox mənfi haldır. Üstəlik, bu il martın 1-nə ölkədə bankların iqtisadiyyata kredit qoyuluşu 14 619,5 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0,6 faiz çox sayılsa da, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 faiz az deməkdir. Kredit qoyuluşunun cari ilin əvvəlindən canlanmasına səbəb, pandemiya məhdudiyyətlərinin aradan götürülməsi ilə bağlı iqtisadi fəallığın nisbətən bərpa olmasıdır. Lakin canlanmanı yaradan dövlət banklarıdır. Dövlət bankları tərəfindən kredit qoyuluşu 1 il əvvələ nisbətən 9,3 faiz artdığı halda, ümumi kredit qoyuluşunda özəl bankların payı 78,3 faiz təşkil etsə də, bu bankların təxminən son 1 il ərzində qoyduqları kreditlərin həcmi 10 faizdən çox azalıb.

Bu vəziyyətə heç cür diqqətsiz və etinasız yanaşmaq olmaz. Əsas kapitala vəsait və iqtisadiyyata kredit qoyuluşunda azalma prosesinin qarşısı təcili surətdə alınmalıdır. Bu, bərpa prosesinin qarşısını alan ən ümdə faktordur. Ancaq yuxarıda qeyd etdiyim rəqəmlərlə bağlı bir məsələyə də toxunmaq istərdim. Bəziləri cari ilin yanvar-mart aylarındakı rəqəmləri ya bilərəkdən, ya da bilməyərəkdən 2020-ci ilin eyni dövründə qeydə alınmış rəqəmlərlə müqayisə edirlər. Keçən ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında əvvəlki illərdən start götürən tendensiyaya uyğun olaraq, 1,1 faz artım var idi. Və Azərbaycan iqtisadiyyatı hələ pandemiya burulğanına daxil olmamışdı. Qeyri-neft sektorunda 3,5 faiz artım var idi, əsas kapitala vəsait qoyuluşu prosesi pis-yaxşı davam edirdi. İnflyasiya 3 faiz təşkil edirdi. Odur ki, sözügedən müqayisənin nə məqsəd daşıdığını anlamaq olmur. Hətta, əhalinin nominal gəlirləri üzrə rəqəmlərin belə, müqayisəsi aparılır. 2019-cu il ərzində ən azı minimum əməkhaqqı və pensiya məbləğlərinin iki dəfə artırıldığı faktı isə "pərdə arxasına" atılır.

Sözüm bunda deyil. Əlbəttə, ümumi iqtisadi tənəzzüllə bağlı eniş nə vaxtsa səngiyəcək. Pandemiya sovuşduqca, karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanmalıdır və dayanacaq. Sonuncu ilə bağlı bir daha qeyd edim ki, dünya iqtisadiyyatının aparıcı ölkələrində bərpa prosesi nə qədər sürətlə baş verərsə, bu, bizə bir o qədər xeyirdir. Yəni, Çin kimi ölkənin pandemiya məngənəsindən çıxması və sürətli bərpa prosesi də dalğavari ölkəmizə öz təsirini göstərəcək.



Lakin bir nüans var. Hökumət cari ildə ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 faiz artım proqnozlaşdırıb. Bəli, ölkədə il ərzində ÜDM istehsalı artımını şərtləndirəcək bir sıra amillər var. Və bunların bəzisi özünü mütləq şəkildə göstərəcək. Ancaq ən başlıcası, hökumət tərəfindən qarşıya qoyulan 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfidir ki, bunun üçün nəyin tələb olunduğu nəzərə alınmalıdır. Bu, orta hesabla hər il 7 faiz artım deməkdir. Neft-qaz sektoru hesabına qeyd olunan hədəfə çatmaq mümkündürmü? Əsla... Odur ki, qeyri-neft sektoru indikindən daha artıq sürətlə inkişaf etməlidir ki, ümumən iqtisadiyyatda olmaqla, xüsusən, qeyri neft-qaz sahəsində özəl payın çəkisi mümkün dərəcədə maksimum həddə yüksəlsin. Hazırda vəziyyət bu relsdən xeyli kənarda sayılır.

Ümumiyyətlə, ölkədə qeyri-neft sektoru üzrə ürəkaçan statistikaya rəğmən, ümumi iqtisadi tənəzzülün qarşısını almaq və bundan qısa müddət ərzində çıxmaq hələ mümkün hesab edilmir. Çünki qeyd olunan rəqəmlər bunun üçün kifayət deyil. Başqa sözlə desəm, qeyri-neft sektorunun bunun üçün stimullaşdırıcı rolu hazırda məhdud xarakter daşıyır və yetərli sayılmır.

Düzdür, işğaldan azad olunmuş ərazilərimizdə start götürmüş bərpa və yenidənqurma işləri də 2021-ci ildə iqtisadi artıma təsir göstərəcək. Ancaq ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, buna daxildən qaynaqlanan inkişaf deyilir. Buna nail olmaq zəruri sayılır. Bilavasitə xarici iqtisadi şərait baxımından isə bundan ötrü əlverişli fon artıq, geri qayıtmaqdadır.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Pandemiya   Böhran  





Xəbər lenti