“Elşad, 50 milyonla danışmağa nə var ki...” - İTTİHAM

“Elşad, 50 milyonla danışmağa nə var ki...” - İTTİHAM
  28 Mart 2013    Oxunub:1565
“Hökumətdə yaxşıca vəzifə tutan həmin adam Elşad Abdullayevi Ramiz Mehdiyevə, Zakir Qaralova... qarşı yalan və şantaj məlumatları yaymağa sövq edir və bu, hamıya məlumdur”

ABU-nun sabiq rektoru, Fransada müvəqqəti məskunlaşmış Elşad Abdullayev bir neçə gün öncə “Yeni Müsavat” qəzetinin 23-cü sayına müraciət göndərib. Sabiq rektor guya MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayəti ilə əlaqədar hansısa “mütəşəkkil cinayətkar təşkilatın tapşırığı ilə” bir sıra saxta müdafiə komitələri yaradıldığına toxunur, sonra isə o, PA rəhbəri Ramiz Mehdiyevin və Baş prokuror Zakir Qaralovun rəhbərliyi ilə “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə” yaradılan ABU Tələbələrinin Müdafiə Komitəsindən danışır. Hətta bu barədə bəhs edəndə tanınmış vəkil Ramiz Zeynalovu ittiham edir

Ramiz Zeynalov “Təzadlar” qəzetinə müsahibəsində sabiq rektorun ittihamlarına cavab verib. O bildirib ki, əməlinin məqsəd və motivi uzun illər boyu ABU-da yaratdığı korrupsiya yuvasına rəhbərlik etmiş, milyonlarla çirkli pul vəsaiti əldə etmiş və bu pulların bölüşdürülməsi və oğurlanması ilə əlaqədar qardaşı Mahiri öldürən Elşad Abdullayevi və irqindən, dinindən, milli mənsubiyyətindən, onunla qohumluq, dostluq münasibətlərində olub-olmamasından, cəmiyyətdə tutduğu mövqe və vəzifəsindən asılı olmayaraq onunla bir “gəmidə” olanları ifşa etməkdir.
Vəkilin sözlərinə görə, indi Elşad bekar adamdır və pulu qurtardığı üçün martın 23-də Fransadan Moskvaya şantaj videolarının müqabilində Bakıdan göndərilən pulları qəbul etməyə gəlib.

Vəkil Ramiz Zeynalov Elşad Abdallayevin pulla universitetə qəbul etdiyi tələbələrdən danışıb: “Sən indiyədək on minlərlə tələbəni şikəst etmiş, valideynlərini gözü yaşlı qoymuş, onların son qəpiyini belə özün və qohum-əqrabaların vasitəsi ilə ələ keçirmiş bir dələduzsan, indi hansı tələbə və valideynin hüquqlarını müdafiə etmək istəyirsən? Narahat olma, rəhbəri olduğum ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinə indiyədək 400-dən çox müraciət daxil olub və şikayətçilərin tük ürpədən izahatlarını nəzərdən keçirəndə, hər dəfə onların göz yaşı içində yazdıqları ərizələrini oxuyub özlərini dinləyəndə ürəyim parça-parça olur. Sən bəlkə bacın oğlu Azad Mürsəliyevi 2008-ci ildə ərizə ilə Binəqədi RPİ-yə müraciət edib Azadın üstünə tapança çəkib səndən 1 milyon manat pul tələb etməsini yazmağını da unutmusan? Bəlkə sən digər yaxın qohumun Tərlan Hüseynovu bacın Elmira İslam qızı Abdullayevanın (ABU-nun prorektoru Sədrəddin Qədirovun həyat yoldaşı) mənzilinə basqın edərək külli miqdarda pul və qiymətli əşyalar oğurlamasına görə həbs etdirməyini də unutmusan?”

R.Zeynalov daha sonra əlavə edib ki, “Siz indi özünüz tərfindən pozulduğu halda, Mahirin hüquqlarını kimdən müdafiə edirsiniz? Əksinə, Mahiri və onun ailəsini sizdən müdafiə etmək lazımdır? Yaxşı olardı ki, sən o insanların aldadaraq əllərindən aldığın pullarını geri qaytarasan, ancaq hər bir halda onların pozduğun hüquqlarının bərpası mənim yaratdığım və rəhbərlik etdiyim Komitənin fəaliyyətinin nəticəsi kimi Dövlətin müvafiq qurumları tərəfindən təmin ediləcəkdir”.

Ramiz Zeynalovun sözlərinə görə, məhz hökumətdə yaxşıca vəzifə tutan adam Elşad Abdullayevi Ramiz Mehdiyevə, Zakir Qaralova... qarşı yalan və şantaj məlumatları yaymağa sövq edir və bu, hamıya məlumdur. “Amma əvvəlcə sən indiyədək törətdiyin çoxsaylı cinayətlərdən danış, onları səmimi etiraf et. Həm də necə qardaş qatili olmağını, ifadəndə göstərdiyin kimi sənə Kürdəmir rayon polis şöbəsində Mahiri oğurlaması və qətlə yetirməsi ittihamı ilə şübhəli şəxs qismində sənə təhvil verilmiş qardaşın Aslanın oğlu Mübarizin sonradan necə yoxa çıxmasını və sənin tərəfindən bu illər ərzində onun niyə axtarılmamasını izah elə”.

Vəkil bildirib ki, sabiq rektorun on minlərlə tələbənin həyatını zəlil etmiş bir adamın özünün hüququnun pozulmasından danışması absurd məsələdir... “50.000.000 dollar!!! Bəli, bu qədər pulu çırpışdırıb Fransada gur-gur danışmağa nə var ki?! Elşadın da son açıqlamaları da növbəti yalanlar və böhtanlardır”.
“Elşad İslam oğlu, sən pul gücünə saxta doktorluq işi müdafiə edib uzun illər baş girləsən də, bir qəzet jurnalistləri səni ifşa etdi. Sonradan bəlli olur ki, sən Elşad Abdullayevin doktorluq işi Rusiyanın hüquq elmləri doktoru Xarici ölkələrin inzibati hüququ” kitabından köçürülüb. Yəni, oğurlanıb”-deyə, Ramiz Zeynalov qeyd edib.

R.Zeynalovın sözlərinə görə, 2001-ci ilin mayında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər Şöbəsinin müdiri BDU-nun rektoru Abel Məhərrəmova ünvanladığı rəsmi məktubunda yazıb ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır, yəni saxtadır. “Sən ABU-nu korrupsiya yuvasına çevirməklə burada mütəşəkkil cinayətkar dəstə yaratdın və bütün qohum-qardaşı da bu dəstənin fəaliyyətinə yönəltdin”- deyə, vəkil əlavə edib.


Teqlər:  





Xəbər lenti