ABŞ tarixində utancverici hadisə: Bayden böyük səhvə yol verdi

ABŞ tarixində utancverici hadisə:  Bayden böyük səhvə yol verdi
  25 Aprel 2021    Oxunub:33395
Bu gün ABŞ-da utancverici hadisə baş verdi. Birləşmiş Ştatlar tarixində ilk dəfə ölkə başçısı 1915-ci il hadisələri ilə bağlı ənənəvi çıxışında tarixi saxtakarlığa yol verərək qondarma "erməni soyqırımı" ifadəsini işlətdi.
ABŞ-ın əvvəlki liderləri 1915-ci ildə Osmanlı ərazisində baş vermiş hadisələri sadəcə faciə adlandırırdısa, erməni lobbisinin girovuna çevrilmiş Co Bayden həddini aşaraq məlum olayları heç bir tarixi əsas olmadan "soyqırımı" kimi təqdim etdi. Bununla Bayden administrasiyası ABŞ dövlətçilik ənənələrini erməni saxtakarlığına qurban vermiş oldu.

Cəmi 3 aydır ki, ABŞ-a rəhbərlik edən Baydenin Türkiyə kimi strateji müttəfiqlə münasibətlərə ciddi xələl gətirəcək ağılsız bəyanatı sərt etirazlarla qarşılandı. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında ABŞ prezidentinin bəyanatını birmənalı şəkildə rədd etdiklərini diqqətə çatdırdı: “Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu açıqlamanı rədd edirik”.

XİN rəhbəri ABŞ prezidentinin 1915-ci il hadisələrinə dair çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə etirazını bildirərək qeyd etdi ki, “tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə ən böyük xəyanətdir”.

Ardınca rəsmi Ankara etiraz bəyanatı yaydı. Bildirildi ki, Baydenin səsləndirdiyi fikirlər heç bir əhəmiyyət daşımır: "Beynəlxalq hüquqda “soyqırımı” ifadəsinin istifadə edilməsi üçün tələb olunan şərtlərdən heç biri 1915-ci il hadisələrində yoxdur. 1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin dövri siyasi motivlərinə və ya daxili siyasi mülahizələrə görə dəyişə bilməz. Belə qərəzli münasibət tarixin yalnız kobud şəkildə təhrif olunmasına xidmət edir".

Qocaman ABŞ rəhbərinin “erməni soyqırımı” ifadəsini dilə gətirməsi ortada ciddi suallar çıxarır. Maraqlıdır, bir anda nə baş verdi, hansı mühüm tarixi sənəd tapıldı və ya hansı arxivlər açıldı ki, okeanın o tayında qəflətən belə “tarixi hadisə”nin olması qənaətinə gəldilər?

Əlbəttə, bu gün Bayden administrasiyasının ermənilərin uydurduğu saxta tarixlə bağlı istinad edəcəyi heç bir sənəd, fakt və arxiv materialları mövcud deyil. Sözügedən bəyanatda sadəcə şəxsi təxəyyül və siyasi intriqa əsas götürülüb ki, bu da dünyada "demokratiyanın vətəni" sayılan Amerikada rəhbərliyin heç də demokratik dəyərlərə sadiq olmadığını göstərdi. Bayden həm də erməni mövqeyindən çıxış etməklə saxtakarlığın müdafiəçisi olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ağ Ev Türkiyəyə yönəlik "soyqırımı" şantajı ilə diplomatiya dərsliklərinə düşəcək tragikomik səhvə yol verdi. Vaşinqton erməni lobbisinin ssenarisində rol oynamaqla tarixi yalanları önə çəkdi və bir səhvlə ölkənin nüfuzunu yerlə bir etdi.

Bu bir danılmaz faktdır ki, siyasi alətə çevrilmiş soyqırımı kartı ABŞ-a heç nə qazandırmayacaq. Əksinə, Türkiyə kimi güclü ölkə, regional liderlə münasibətlərin pozulması Vaşinqtona həm siyasi, həm də iqtisadi cəhətdən böyük zərbə olacaq. Hazırda Rusiya da daxil olmaqla dünyanın bir çox nəhəng ölkələri ilə qarşı-qarşıya gələn ABŞ Türkiyəni hədəf seçməklə çıxılmaz vəziyyətdə qalacaq. Onsuz da pandemiya məngənəsində boğulan, irqi ayrıseçkiliyin tüğyan etdiyi, insan haqlarının pozulduğu Amerikada həllini gözləyən xeyli problemlər var. Üstəlik Ankara ilə körpülərin yandırılması Baydenin işini çətinə salacaq. O zaman nə erməni lobbisi, nə də İrəvan hakimiyyəti Vaşinqtonu yuvarlandığı uçurumdan xilas edə biləcək.

Populizmi və erməni yalanlarını dövlətçilik mövqeyindən üstün tutan Baydendən fərqli olaraq bu gün Türkiyə tək deyil, onun yanında 44 günə ABŞ-ın erməni dostlarını döyüş meydanında darmadağın edən qardaşı Azərbaycan dayanır.

Təsadüfi deyil ki, Vaşinqtondan səslənən qərəzli "soyqırımı" açıqlamasına dərhal etirazını bildirən və Türkiyəyə dəstək verən ilk ölkə məhz Azərbaycan oldu. Belə ki, Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayaraq, ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınadığını bildirdi. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı. Dövlət başçısı, həmçinin Azərbaycanın sözügedən bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

Bundan əlavə, Azərbaycan lideri məlum açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyllərinə ciddi zərər vurduğunu bildirdi və ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu xatırlatdı.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bəyan etdi, eyni zamanda, ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatını tarixi həqiqətlərin təhrifi adlandırdı.

C.Bayramov Türkiyəyə dəstək mesajında vurğuladı ki, bir əsr bundan öncə baş verən hadisələr yanlış təqdim edilərkən, 30 il əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

Hər zaman Türkiyənin yanında olan, qardaş ölkəyə öz dəstəyini əsirgəməyən Azərbaycanın siyasi partiyaları da Co Baydenin ikrah doğuran açıqlamasına cavab olaraq etiraz bəyanatı yaydılar. 50-yə yaxın partiyanın imza atdığı bəyanatda ABŞ rəhbərinin tutduğu qərəzli mövqe sərt şəkildə tənqid edildi. Nəzərə çatdırıldı ki, ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti mövqeyi öncədən hər kəsə bəlli idi. Rəsmi Bakı birmənalı olaraq bəyan edirdi ki, Osmanlı dönəmində və ümumiyyətlə, heç vaxt erməni etnik azlıqlarına qarşı hansısa soyqırımı baş verməyib. Əksinə, onlarla tarixi fakt, şübhə doğurmayan ciddi maddi sübutlar (Quba məzarlığı və s. –red.) var ki, zamanında erməni hərbi birləşmələri, daşnaklar yerli müsəlman-türk əhalisini, eləcə də digər etnik azlıqları, yəhudiləri vəhşicəsinə qətlə yetirərək soyqırımı törədiblər.

Bugünkü çıxışında tarixi həqiqətlər olan 31 mart soyqırımı və Xocalı faciəsi haqqında bir söz belə işlətməyən Bayden təəssüflər olsun ki, sonunu proqnozlaşdırmadığı ucuz populizmə üstünlük verdi. Tarixin ən böyük, bağışlanmaz xətasına imza atan Ağ Ev "erməni soyqırımı"nı gündəmə gətirmədən əvvəl Hiroşima və Naqasakidə on minlərlə insanın ölümünə səbəb olan, insanlıq tarixinin ən dəhşətli qırğınını xatırlamalı idi. Günahsız insanların qanı ilə boyanmış qaranlıq keçmişini "demokratiya" pərdəsi altında gizlədən ABŞ-ın hansısa ölkəni "soyqırımı"nda ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Əvvəlcə öz tarixinə baxmaq, sonra kiməsə qiymət vermək gərəkir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   Qondarma-soyqırımı   Türkiyə   Azərbaycan   Vaşinqton   Tarix  





Xəbər lenti