Baydenin bəyanatından çıxan nəticələr: Heç nə dəyişməyəcək - ŞƏRH

  Baydenin bəyanatından çıxan nəticələr:  Heç nə dəyişməyəcək - ŞƏRH
  25 Aprel 2021    Oxunub:7680
Ötən gün ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatında "erməni soyqırımı" ifadəsini işlətməsi Ankara ilə Vaşinqton arasında dərin uçurum yaratdı. Qardaş ölkədən Baydenin bu uğursuz, riyakar siyasi gedişinə sərt təpki gəldi, rəsmi Ankara müttəfiqinin ona qarşı atdığı addımı tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdi kimi qiymətləndirdi.
Siyasi ekspertlər ABŞ tarixində ilk dəfə olaraq ölkə prezidentinin sübuta yetirilməmiş saxta soyqırımını dilə gətirməsini regionda Amerikanın milli maraqlarına ciddi zərbə kimi qiymətləndirirlər. Belə bir qərəzli yanaşma nə ABŞ-a, nə də ermənipərəst Bayden administrasiyasına yaxşı heç nə vəd etmir.

Məsələni Azvision.az –a şərh edən siyasi şərhçi Sahil İsgəndərov deyir ki, zatən ABŞ-ın Avrasiyada və xüsusilə Yaxın Şərqdə nüfuzu azalmağa doğru gedirdi. Uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı çirkin kampaniyaları bir ifadə ilə dəstəkləyən Bayden ölkəsini xeyli geri atmış oldu.



“ABŞ Ermənistanı daha pis vəziyyətə qoydu”

Sahil İsgəndərov onu da vurğulayıb ki, əvvəlki dönəmdən fərqli olaraq məhz bu il “soyqırımı” ifadəsinin işlədilməsi təsadüfi seçilmədi. Regionda nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi böyük layihələr reallaşmaq üzrədir. Bu cür anormal siyasi gediş bölgəni müsbət yöndə dəyişəcək regional layihələrə ciddi zərbə sayılacaq.

“Əlbəttə, Baydenin məlum bəyanatı yalnız ölkəsini geri atmadı, ABŞ bununla Ermənistanı daha pis vəziyyətə qoymuş oldu. Təəssüf ki, dünyanın yeganə fövqəldövlətinə çevrilmiş ABŞ siyasi məqsədlər üçün qondarma “erməni soyqırımını” heç bir ili tamam olmayan prezidentin dili ilə tanımış oldu. Açığı, bu o qədər də gözlənilməz hadisə sayılmamalıdır və məndə təəccüb doğurmadı. Çünki 2019-cu ildən bu istiqamətdə ciddi hərəkətlənmə başlamışdı. Əvvəlcə ABŞ Konqresinin aşağı palatası, sonra Senat tarixi sübutları olmayan “erməni soyqırımı”nı tanıdı. Bu proseslərdən bir qədər sonra “demokrat” Baydenin hakimiyyəti dövründə məlum kontekstdə hansısa bəyanatın real olacağı gözlənilən idi. Ümumiyyətlə, ABŞ-ın Demokratlar Partiyası tarixən ənənəsinə sadiq qalıb, sırf ermənipərəst mövqeyi ilə seçilib. İndiki Ermənistanın Birinci Dünya Müharibəsinin nəticələrinə görə, yaranmasında o vaxtkı ABŞ-ın demokrat prezidenti mənfur Vudro Vilsonun böyük əməyi olmuşdu. Onun məşhur bir ifadəsi vardı ki, “əgər mən ABŞ prezidenti olmasaydım, böyük məmnuniyyətlə Ermənistanın prezidenti olardım”. Həmin dövrdə məhz “Böyük Ermənistan” sərhədlərini cızan Vilson oldu. Bu layihəyə əsasən ABŞ-ın protestoratlığı altında regionda “Böyük Ermənistan” yaradılacaqdı. Yəni tarixə ona görə qısa ekskursiya etdim ki, məsələlərin dərin kökləri var. Bu gün demokratlar növbəti dəfə Türkiyə əleyhinə eləmək istədiklərini etdilər...”



Saxta soyqırım bəyanatının pərdəarxası məqamları

Politoloqun fikrincə, tarixin bütün mərhələlərinə baxanda ABŞ-ın istər açıq, istərsə də, dolayısı yolla həmişə erməniçilik ideoloqlarını, erməni etnofundamentalistlərini, daşnakları dəstəklədiklərinin şahidi oluruq. Ermənistanın dövlət kimi yaradılmasında böyük rol oynayan ABŞ ilk dəfə olaraq bu xalqın qondarma soyqırımının hay-küyünü, vay-şüvənini də öz missionerləri vasitəsilə başladıb. Maraqlıdır ki, Amerika missionerləri həmin dövrlərdə hansısa 500 min uydurma ölmüş erməni əhalidən danışırdılarsa, bu rəqəm son illərə doğru süni şəkildə artırılaraq milyon yarıma çatdırıldı:

“Tarixi hər zaman xatırlamaq lazımdır. Çünki ABŞ soyqırımı və digər erməni maraqlarına xidmət edən məsələlərdə Ermənistandan daha artıq rol oynayıb. Bu gün yaşanan arzuolunmaz olaylar da Vaşinqtonun, Qərb siyasətinin necə ikiüzlü, hətta beşüzlü olmasının göstəricisidir. Hələ illər öncə Ronald Reyqanın məsləhətçilərindən olmuş Brus Feynin açıqlaması vardı ki, Reyqan prezident olarkən tapşırıq veribmiş ki, soyqırımı məsələsini araşdırsınlar. Feyn deyir ki, əlimizə gələn arxiv sənədlərində həmin illərdə uzağı 280 min erməninin öldürülməsindən söhbət gedirmiş. Bundan qat-qat çox, təxminən 700 min türkün başqa millətlər vasitəsilə qırıldığı üzə çıxıb. Bunu da ermənilər etmişdi... Hətta o, bəyan etmişdi ki, əgər arxiv sənədləri açılarsa, ermənilər üzr istəmək məcburiyyətində qalacaqlar. Məsələ burasındadır ki, ABŞ-ı həqiqət maraqlandırırdısa, Türkiyənin ən optimal təklifinə qulaq asmalı idilər. Ankaradan dəfələrlə bəyan etmişdilər ki, onlar arxivləri açmağa hazırdırlar, qarşı tərəf də bu addımı atmalıdır. Amma ermənilər arxivlərin açılmasında maraqlı olmadılar. Burada xüsusilə söhbət əsasən Daşnaksütyun partiyasının ABŞ-dakı qərargahında saxlanılan arxiv sənədlərindən gedirdi. Əgər ABŞ tarixi həqiqətlərə düzgün qiymətin verilməsinin tərəfdarıdırsa, o zaman arxivlərin açılmasına cəhdlər göstərməli idi.

Ümumiyyətlə, sual olunur ki, dünyada terrorçu siyasi təşkilat kimi yaradılmış Daşnaksütyunun baş qərargahının ABŞ-da yerləşməsi təəccüb doğurumurmu? Həmin arxivlərin də orada saxlanması ayrıca müəmmadır. Vaşinqtonun onun üzə çıxmasına təsir və təzyiq göstərməməsi isə komedik səhnə yaradır... Demək, bütün bunlar birmənalı şəkildə onu sübut edir ki, Ağ Ev Tarixin saxtalaşdırılmasında maraqlıdır. Çünki belə oyunlar onların mənafelərinə xidmət edir. ABŞ prezidentləri dəfələrlə qeyd ediblər ki, Türkiyəyə zərbə olacaq “soyqırımı” tanımaq bizim üçün siyasi cəhətdən məqsədəuyğun sayılmır. Deməli, elə bir situasiya yetişib ki, Baydenə siyasi məqsədəuyğunluq baxımından tarixi yalanı rəsmiləşdirmək sərf edirmiş”.



78 yaşlı qocanın Türkiyədən qisas almaq cəhdi

Sahil İsgəndərovun sözlərinə görə, əslində bu məsələlərdə az qala alzeymer olan qocaman Baydendən çox hələ Trampın vaxtında dövlət departamentinə ilişib qalmış “demokratlar”ın oyunu göründü. Dünən onların əməyinin nəticəsi olaraq Ankaraya kürəkdən bıçaq zərbəsi vuruldu. ABŞ bu ciddi siyasi və tarixi səhvə şərait yaratmaqla əslində həm də Ankaradan qisas almış oldu. Çünki Türkiyə son zamanlar Rusiya ilə xeyli yaxınlaşmışdı, Moskva dahərbi sahədə, xüsusən də məlum raket komplekslərinin əldə edilməsi istiqamətində əməkdaşlığı sıxlaşdırmışdı ki, Bayden bütün bunlara olan qıcığını bir kəlmə ilə göstərdi. Bundan başqa, son bir ildə Türkiyə ilə Rusiya bölgənin siyasi mənzərəsinin dəyişməsində ciddi rol oynadılar. Onların moderator rolunda Dağlıq Qarabağ kimi ciddi bir münaqişəni həll etməyi bacarması təkcə Avropada-Fransada deyil, okeanın o tayında da qısqanclıq doğurub. Azərbaycanın isə regionda yeni geosiyasi reallıq yaratmasında Ankaranın güclü dəstəyi oldu:

“ABŞ kənarda qaldığı proseslərə görə də Türkiyədən heyf çıxmağa çalışır. ABŞ nəyə əl atırsa atsın, Rusiyaya qarşı heç bir heyf çıxan hərəkət edə bilmir. Çünki Bayden Kremlin qarşısında ağalıq nümayiş etdirəndə, bunun cavabı sərt formada gəlir. Putin siyasi yumruqlarını çox səriştəli, sakit formada amerikalı həmkarının burnunun üstündən necə lazımdısa, elə də ilişdirib. Bu mənada, amerikalıların gücü yalnız müttəfiqi Türkiyəyə çatdı. Əlbəttə ki, Türkiyə nüvə dövləti deyil ki, ondan ciddi şəkildə çəkinərdilər. Ağ Evdə düşünürlər ki, onlar həm siyasi, həm də iqtisadi rıçaqlarını işə salmaqla türklərin Cənubi Qafqazda möhkəmlənən mövqeyini laxladacaqlar.

ABŞ-ın yaratdığı bugünkü yeni siyasi mənzərə Ermənistan üçün də müsbət heç nə vəd etmir. Bir xatırlatma edim. 24 aprel öncəsi Paşinyan Zəngəzura gedərkən şovinist qüvvələrin təhriki ilə qalmaqal yaşandı. Amma burada diqqət çəkən əsas məqam o idi ki, bölgənin logistik, siyasi və iqtisadi taleyini dəyişəcək Zəngəzura Qərbdə böyümüş, qərblilərin adamı sayılan prezident Armen Sarkisyan da gəlmişdi. Özü də kimlə? ABŞ səfiri ilə. Maraqlıdır, deyilmi? Hər iki ölkə rəhbəri “təsadüf” nəticəsində bölgəyə səfər edə bilərdi. Bəs ABŞ səfirinin dəhliz məsələsinin gündəm olduğu vaxtda orada nə işi vardı? Bu səfərlərdən bir gün sonra Azərbaycanla sərhəddə təxribatlar baş verdi. Deməli, bu xaotik səfərlər hansısa təlimatlar üçün reallaşmışdı. ABŞ-ın təkidi, təhriki ilə bölgədə provakasiyalar baş tutdu. Bunun özü Ermənistandakı revanşist qüvvələrə açıq dəstək idi. Yəni bu gün artıq “soyqırımı” mövzusunda deyil, revanşizm mövzusunda da erməniləri bölgədə qızışdırmağa çalışırlar. Dəhlizin reallaşmasına mane olan qüvvələr Türkiyənin regionda əl-qolunun daha da açılmasından qorxurlar. Düşünürəm ki, bu məsələdə Rusiya öz təkidini göstərməli, İrəvana təzyiq mexanizmlərini işə salmalıdır. Belə ciddi beynəlxalq qalmaqallar yaratmaqla Vaşinqton Türkiyənin Azərbaycan vasitəsilə regionda Rusiya ilə iqtisadi cəhətdən birləşməsinin də qarşısını alır. Qısası, son hadisələri yeni geosiyasi reallığın nəticələrini sıfıra endirməyə yönəlik cəhdlər kimi qiymətləndirirəm. Məncə, dəhlizlə bağlı məsələlərdə bir qədər ləngimələrə yol verən ermənilər də Baydenin aprel çıxışını gözləyirdilər ki, “soyqırımı” ifadəsi işlədilsə, daha da ürəkli olub, geri addım atsınlar. Yəni arxalarında ABŞ-ın aşkar dayandığını göstərsinlər”.



ABŞ Prezidenti heç nəyə nail ola bilməyəcək

Politoloq sonda onu da vurğulayıb ki, Baydenin “soyqırımı” ifadəsini işlətməsi çox şeyi dəyişməyəcək. Çünki bu absurd siyasi gediş qondarma tarixin qlobal miqyasda tanınması demək deyil. Reallıqlar olduğu kimi qalacaq. ABŞ prezidentinin sözü beynəlxalq məhkəmə deyil, “soyqırımı” ifadəsi verilmiş çoxsaylı mənasız bəyanatlardan biridir:

“Əsas beynəlxalq məhkəmələrdir. Qərarlar qəbul olunmasa, Türkiyəyə qarşı heç bir erməni iddiası ciddiyə alınmaz. Amma ən təhlükəli, acınacaqlı və təəssüf doğuran məqamlardan biri budur ki, 25-30 il müddətində təkqütblü dünyanın dividentlərindən başı gicəllənən ABŞ planetimizi hələ də qan çanağına çevirməkdə maraqlı olduğunu göstərdi. Onlar təəssüf ki, hələ də beynəlxalq məhkəmə və təşkilatlarda güclü təzyiq rıçaqlarına malikdirlər. Ən ehtiyatlandırıcı məqam budur. Erməni lobbisi neçə illərdir buna çalışırdı ki, ABŞ prezidentlərindən biri sadəcə məlum ifadəni işlətsin ki, sonradan bu zəncirvari reaksiya kimi davam etsin. Çünki Türkiyənin atdığı addımlardan, güclənməsindən dünyada narahat olan xeyli dövlət var. Hətta NATO-dakı müttəfiqləri belə hər an Ankaranın möhkəm oturduğu kürsünü çəkib dartmağa məqam axtarırlar. Onlara Ankara, Bakı kimi müstəqil siyasət yürüdən, regional gücə çevrilən paytaxtlar lazım deyil. Qərbə öz yedəklərində daşımaq üçün zəif, xaos içində olan ölkələr lazımdır. Yaxın 20-30 ildə ABŞ-ın başlatdığı yalançı tarixin tanınması məsələlərinin çox neqativ nəticələrini görəcəyik. Bu, təkcə Türkiyəyə qarşı deyil, ümumiyyətlə islam dünyasına qarşı bir marş sayılacaq.

Azərbaycan da ABŞ prezidentinin saxtakarlıq, riyakarlıq konteksində verdiyi bəyanata öz narazılığını bildirdi və həmişə qardaş ölkənin yanında olacağını bəyan etdi. Amma təəssüflər olsun ki, Türkdilli dövlətlərin Şurası iclas çağırmır, bəyannamə qəbul edilmir, İslam dünyası səsini çıxarmır. Ən böyük problem buradan başlayır. Vahid mövqedən çıxış etməyənə kimi biz belə saxta iddialar üzərində qurulmuş ittihamlarla tez-tez üzləşəcəyik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   Ankara   Soyqırımı   Lobbi  





Xəbər lenti