Ucalıq rəmzi olan azad Şuşa: 29 il sonra tam fərqli 8 may...

Ucalıq rəmzi olan azad Şuşa:  29 il sonra tam fərqli 8 may...
  08 May 2021    Oxunub:12094
Hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm də mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci ilin mayın 8-də itirmişdik.
Birinci Qarabağ müharibəsi zamanı Şuşanı işğal edən Ermənistan ordusu bu strateji şəhəri ələ keçirdikdən sonra demək olar ki, savaşın taleyini həll etmiş oldu. Beləliklə, Qarabağın döyünən ürəyi olan Şuşa 28 il işğalçıların tapdağı altında qaldı.

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni qoşun birləşmələri şəhərə hücum edərək əvvəlcə Şuşanı, ardınca yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçirmişdilər. İşğal nəticəsində Şuşa şəhəri və 30 kənd dağıdıldı. 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 azərbaycanlı itkin düşdü, 24 mindən çox əhali etnik təmizləməyə məruz qaldı. Şuşaya dörd bir tərəfdən endirilmiş top, tank və digər ağır artilleriya zərbələri nəticəsində şəhərin tarixi, dini məkanları, mədəniyyət ocaqları, muzey və digər mühüm sosial obyektlər ciddi zərər gördü. Sonrakı illərdə tariximizi əks etdirən məkanların əksəriyyəti erməni vandalizminin qurbanına çevrilərək ya bilərəkdən, ya da baxımsızlıq nəticəsində yararsız vəziyyətə düşdü.



Azərbaycanın mədəniyyət beşiyinin işğalı düz 28 il davam etdi. Nəhayət, ötən ilin noyabrın 8-də Şuşa əsl sahiblərinə qovuşdu.

2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu işğalçıları Şuşadan qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtardı. Azərbaycan Şuşanı əzəli, əbədi sahibinə qaytarmaqla tarixi ədaləti bərpa etdi. Ordumuzun Şuşa zəfəri 44 günlük Vətən Müharibəsinin dönüş nöqtəsi oldu. Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, işğalçı ölkə kapitulyasiyaya imza atmaqla biabırçı məğlubiyyətini etiraf etdi. O tarixi andan artıq 6 ay keçir.



Bu gün fəxr və qürur hissə ilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Tarixi şəhərimiz 8 mayı azad şəkildə qarşılayır. Azərbaycan ordusu nəinki düşməni diz çökdürərək onların 29 il qeyd etdikləri işğal “bayram”larını - 8 may gününü tarixdən sildi, Müzəffər Ali Baş Komandan əsl sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurdu.

“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır desək yanılmarıq.

29 ildən sonra ilk dəfədir ki, 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Bu il ermənilərin təqvimdə Şuşanın zəbt edildiyi gün kimi qeyd etdikləri 8 mayı hüznlə deyil, sevinclə yaşayırıq. İşğal gününün ötən il 21-ci əsrin müharibəsini aparan ordumuz tərəfindən tarixin zibilliklərinə atılması gələcək nəsilləri də qürurlandıracaq!



Azərbaycan illərlə səbirli, əzmli şəkildə güclənərək iqtisadi-hərbi potensialını artırmaqla Şuşanın, ümumilikdə Qarabağın azad edilməsinə doğru irəlilədi. Nəhayət, bu tarix yaşandı, indi dünyanın aparıcı ölkələri Azərbaycan Ordusunun məhz Şuşada reallaşdırdığı hərbi əməliyyatları öz hərbi dərsliklərinə salırlar. İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Çünki 44 günlük müharibənin gedişində Azərbaycan ordusunun guya müasir texnikalar, PUA və digər üstünlüklər sayəsində uğurla irəlilədiyi fikirləri ortaya atılsa da, Şuşaya heç bir ağır texnikadan istifadə etmədən daxil olan hərbçilərimiz burada əlbəyaxa döyüşlərdə düşmənə yerini göstərməyi bacardı, işğalçılar qısa müddətdə darmadağın edildi.



Şuşa Ali Baş Komandan Prezident İlham Əliyev üçün təkcə strateji əhəmiyyətli, döyüşlərin gedişində kulminasiya nöqtəsi sayılacaq vacib şəhər deyildi, həm də sevimli, hər qarışında, daşında tariximizi yaşadan, əsl sahibini səsləyən əzəmətli bir qala idi. Ali Baş Komandan bu qalanı fəth etməklə adını şanlı tarixə yazdırmağı bacardı.

Prezidentin noyabrın 8-də Şuşanın azad olunduğu gün səsləndirdiyi fikirlər bu tarixi şəhərin onun üçün necə əhəmiyyəti olmasını göstərirdi. Ali Baş Komandan Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək ulu öndərin vəsiyyətinin yerinə yetirməsini qürurla qeyd etdi:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!”




Artıq noyabrın 8-i Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazılıb. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.

Bu gün əziz Şuşamız azaddır. Orada şanlı bayrağımız qürurla dalğalanır. Xalq olaraq fəxrlə əzəmətli şəhərimizi necə dəyişib cənnətə çevriləcəyini müzakirə edirik. İndi qarşımızda duran ən ali missiya Pənahəli xanın bizə əmanəti olan Şuşanı dirçəltmək, bu möhtəşəm şəhərin tarixi görkəmini özünə qaytarmaqdır.



Müharibədən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri aparılır. Şuşanın yenidənqurma, bərpa işlərində öndə olması ürəkaçan mənzərə yaradır. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin aradan qaldırılması üçün aktiv işlər görülür.

Təqdir olunası haldır ki, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşaya təyin edildi. Bundan əlavə, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 32 ildən sonra “Xarıbülbül” musiqi festivalı keçiriləcək.



“Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunmuşdu. Uzun illər sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.



Ordumuzun qəhrəmanlıq salnaməsi yazılan Şuşa milyonlarla azərbaycanlını birləşdirən dəyərdir. Qarabağın əzəmətli qalası bizim həm də müqəddəs ziyarət ocağımızdır. Onu göz bəbəyimiz kimi qorumaq, dirçəltmək hər birimizin vətəndaşlıq borcudur.

Şuşa hər zaman qürur mənbəyimiz olub, bundan sonra da belə qalacaq!

Bu gün fəxarətlə deyirik ki: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Zəfər   Ali-Baş-Komandan   Qarabağ   8-may   8-noyabr  





Xəbər lenti