Lavrovun missiyası: Rusiya hazırda Bakı və İrəvandan nə istəyir? – TƏHLİL

      Lavrovun missiyası:    Rusiya hazırda Bakı və İrəvandan nə istəyir? –    TƏHLİL
  09 May 2021    Oxunub:18320
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bugünlərdə baş tutan Yerevan səfəri zamanı keçirdiyi görüşlərlə bağlı verdiyi açıqlamalarda danışıqların əsas predmeti kimi ikitərəfli münasibətlər çərçivəsində müzakirəsi mümkün olacaq bütün məsələləri sadalaması əslində ictimai diqqətin Moskvanın əsas məqsədindən yayındırmaq istəyindən irəli gəlirdi.
Lavrov Yerevana 44 günlük müharibənin yekunları ilə bağlı imzalanmış üçtərəfli bəyanatın icra vəziyyətini yoxlamaq, daha dəqiqi, nəqliyyat dəhlizlərinin açılması istiqamətində görüləcək işləri sürətləndirmək məqsədilə gəlmişdi. Nə qədər qəribə səslənsə də, Moskva Cənubi Qafqazda nəqliyyat xətlərinin tez bir zamanda bərpa olunması üçün Zəngəzur dəhlizinin açılmasını istəyir və bu prosesin sürətləndirilməsi üçün Yerevana təzyiq göstərir. Bunun səbəbinə gəlincə, güman ki, Rusiya Böyük İpək Yoluna qoşulması üçün sonuncu şansının əldən çıxmasını istəmir.

“Evergreen” tankerinin Süveyş kanalını bloklaması hadisəsindən sonra Çin alternativ nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində fəaliyyətini sürətləndirib. Moskva istəyir ki, “Böyük İpək Yolu”nun Cənubi Qafqazdan keçən hissəsini öz nəzarətində saxlamaq üçün marşrutun davamı Gürcüstandan deyil, Ermənistan ərazisindəki Zəngəzur dəhlizindən keçsin. Bu yolla ilk növbədə Ermənistanı iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmağı, eyni zamanda, Çin ilə Qərb arasındakı marşrutda açar dövlətə çevrilməyi planlaşdırır. Həmçinin, Qərblə ticarət üçün də əlavə dəhliz açılır.
Lavrov: "Çini cilovlamaq Tramp üçün prioritet olacaq"

Hazırda seçkilərə hazırlaşan Paşinyan 10 noyabr bəyanatının müddəlarının Yerevan tərəfindən icra edilməsinə zəmanət verə biləcək yeganə siyasi fiqur olduğundan, Moskva bu kövrək məqamda Ermənistandakı istənilən mümkün siyasi böhranın iqtisadi planları yubatma riski əmələ gətirəcəyindən ehtiyatlanır. Bu səbəbdən, güman ki, Kreml gələcək seçkilərdə Paşinyan hökumətin qələbə qazanmasına maneə yaratmayacaq.

Bunula belə, nəqliyyat dəhlizinin Rusiya üçün nə dərəcədə önəmli olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Moskva Paşinyan hökumətinin hansısa formada müqaviməti ilə üzləşərsə, Yerevanla bağlı ən radikal addımlar atmaqdan çəkinməyəcək. Təsadüfi deyil ki, Rusiya hakimiyyətinə yaxın olan bir sıra politoloqlar Ermənistanın 10 noyabr bəyanatının müddəalarını icra etməyəcəyi təqdirdə dövlətçiliyinin sual altına düşəcəyini bildirirlər.

Odur ki, Paşinyanın nəqliyyat dəhlizinin açılmasına zəmanət verməkdən başqa çıxış yolu qalmasa da, seçilməsi üçün siyasi reytinqinin yüksəldilməsinə də ehtiyacı var. O, məhz bu məqsədlə Rusiyadan Azərbaycanda həbsdə olan erməni təxribatçılarının azad edilməsini istəyir. Rəsmi Bakı isə, ərazilərin minalardan təmizlənməsi üçün müvafiq xəritələrin Ermənistandan alınmasına çalışır.

Güman etmək olar ki, Lavrov Ermənistanla danışıqlarda minaların yerləşmə xəritələrinin müqabilində erməni təxribatçılarının azad olunması məsələsini qaldırıb. Çünki ilk dəfə olaraq, Lavrov mətbuata açıqlama verərkən ilk dəfə ərazilərin minalardan təmizlənməsi məsələsinə toxunub: “Biz saxlanılan şəxslərin azad olunması və ərazilərin minalardan təmizlənməsi istiqamətində irəliləyişin əldə olunmasında səylərimizi əsirgəmirik”.

Lavrovun Ermənistandan sonra Azərbaycana səfər edəcəyini nəzərə alarsaq, “mina xəritələri müqabilində saxlanılanların azadlığı” mövzusunun prioritet olacağını ehtimal etmək olar.

Lavrovun ermənistanlı həmkarı Ara Ayvazyan da anlayır ki, Rusiya Paşinyandan tezliklə nəqliyyat dəhlizinin açılmasını istəyir və bunun müqabilində seçkilərə müdaxilə etmir. Odur ki, Ayvazyan da Paşinyanın maneəsiz seçilməsi və özünün də hazırki kürsüdə qalması üçün ictimai qınağdan maksimum yaxa qurtararaq, prosesin reallaşmasını təmin etmək zorundadır. Onun mətbuat konfransında “Rusiya ilə Ermənistanın strateji tərəfdaşlığ”ının perspektivlərini qabartması, koronovirusla birgə mübarizənin əhəmiyyəti, ticari əlaqələrdə geriləmənin aradan qaldırılmasının vacibliyindən danışması, erməni qulağına xoş səslənən “Artsax” kəlməsini tez-tez işlətməsi bir məqsəd daşıyır – seçki ərəfəsində Zəngəzur dəhlizinin açılmasına razılıq verdiklərinə görə ictimai tənqidlə üzləşməmək. Onun üçün nə qədər çətin olsa da, mətbuat konfransında nəqliyyat dəhlizinin açılmasını dəstəklədiklərini söyləməli oldu.

Tofiq Vahid
Azvision.az

“3+3” formatında Gürcüstanın yeri, yaxud, Qaribaşvili niyə gəlmişdi – TƏHLİL
İpək yolunda atəş: Qırğız-Tacik toqquşması kimə lazımdır? – TƏHLİL
“Soyqırım” geostrategiyası: ABŞ-ın məqsədi nədir? – TƏHLİL
Zəngəzura necə qayıdacağıq – TƏHLİL


Teqlər: Lavrov   Ermənistan  





Xəbər lenti