“İpək yumruq”: Şuşada göstərilən “yumşaq güc” simvollarının açması – TƏHLİL

      “İpək yumruq”:    Şuşada göstərilən “yumşaq güc” simvollarının açması –    TƏHLİL
  16 May 2021    Oxunub:23233
Heç bir zəfər təkcə hərbi güclə qazanılmır; qazanılsa da, saxlanıla bilinməz. Ordu meydandan çəkiləndən sonra dövlət özünün intellektual, mədəni, mənəvi gücünü sərgiləməlidir. Savaşın 42-ci günündə Şuşanı ağlagəlməz hərbi məharətlə azad etmək Azərbaycanın sərt gücünün nümayişi idisə, cəmi 6 ay sonra orada təşkil edilən festival “yumşaq güc”ün sübutu idi. Özü də başdan-başa rəmzlər və eyhamlarla dolu formada.
Şuşa azad edilən gün dövlət başçımız xalqa müraciətində “Əziz Şuşa! Biz səni dirçəldəcəyik!” demişdi. Bu həftə biz həmin sözlərin necə maddiləşməsini gördük. Şuşa həm maddi, həm də mənəvi baxımlardan sürətlə dirçəlməkdədir və artıq onun simasında Qafqazın yeni incisinin cizgiləri sezilməyə başlayıb. Prezidentin səfər zamanı qatıldığı hər bir açılış və təməlqoyma Şuşanın gələcəyindən xəbər verən rəmzi xarakter daşıyırdı. Məsələn, elektrik yarımstansiyasının açılışı simvolik olaraq “Şuşa artıq işıqlanıb” demək idi. Vaxtilə suyu qurumuş (daha doğrusu, qurudulmuş) Xan Qızı bulağının yenidən çağlaması isə Şuşaya həyatın qayıtmasını simvolizə edirdi.


Yeni məscidə gəlincə, onun özü də, memarlıq üslubu da başdan-ayağa rəmziliklərdən ibarətdir. Bunu Prezident şəxsən açıqladı: Üslubu keçmişlə gələcəyi birləşdirən moden dizaynlı məscid 8 rəqəmi şəklindədir, qoşa minarəsi isə 11-i göstərir. Yəni 11-ci ayın 8-i – bu, Şuşanın azad olunduğu tarixdir. Şuşada vaxtilə 17 məscid olub, amma indi 3-ü qalıb. Yeni məscidin inşası rəmzi olaraq Azərbaycan mədəniyyəti və mənəviyyatının Şuşaya geri dönməsi deməkdir. Fəqət mədəniyyətlə mənəviyyat təkcə dindən ibarət deyil axı. Ona görə də, təməli qoyulan məktəb, rəsm qalereyası, yaradıcılıq məktəbi – bunların hərəsi mənəvi həyatın bir tərəfini təmsil etməklə, birlikdə Şuşanı Azərbaycanın mənəvi xəritəsinin hüdudlarına salırlar.

Fəqət əlbəttə ki, bu rəmziyyətin ən yüksək zirvəsi mədəniyyət paytaxtımızda keçirilən və onun bu statusunun ilk təsbiti olan “Xarıbülbül” festivalı idi.


Harada musiqimiz səslənirsə, orada Azərbaycan var. Azərbaycan Şuşaya fiziki olaraq əsgər çəkmələrində qayıtdısa, mənəvi dönüşü musiqi qanadlarında oldu. Bu festival sanki “Daha Şuşa üçün ağlamaq bitdi, indən sonra mahnı oxumaq dövrü başlayır” mesajı idi. Hərçənd, Cıdır düzündə olanların çoxlarının gözündən axan sevinc, qürur və xoşbəxtlik yaşlarını görməmək də mümkün deyildi.

“Xarıbülbül” təkcə incəsənət festivalı deyil, onun daşıdığı böyük bir siyasi-ictimai anlam var. Gələcəkdə şübhəsiz, bu festival beynəlxalq xarakterli olacaq və dünyanın hər yerindən Şuşaya sənətçilər gələcəklər. Amma ilk festival Azərbaycanda yaşayan xalqları bir araya gətirməklə birlik, qardaşlıq mesajı verirdi: “Biz bu torpaq uğrunda qanımızı da birlikdə tökmüşük, mahnımızı da birlikdə oxuyacağıq”. Bu da bir yumruq nümayişi idi – ipək yumruq! Şuşada gözü olanların başı bu dəfə “ipək yumruqla” əzildi. Əgər mədəniyyətimizin paytaxtı “dəmir yumruq”la azad edilmişdisə, indi onu həm də “ipək yumruq” qoruyacaq.

Şuşanın azad edilməsi Azərbaycanın hərbi gücünün nümayişi olduğu kimi, “Xarıbülbül” festivalı ölkənin intellektual gücünü, mədəni qüdrətini ortaya qoyurdu. Bu, Şuşaya iddia edənlərin mədəniyyət meydanında darmadağın olunması idi. Şuşanı əsirlikdə saxlayan düşmən orada özünün mədəniyyətini göstərən heç bir ən xırda nümunə də yarada bilməyib. Amma Azərbaycan qədim şəhərinə dönən kimi, cəmi altı ay sonra ortaya təntənəli bir “yumşaq güc” nümunəsi qoydu. Sanki Şuşada Azərbaycanın “yumşaq güc”ünün paradı keçirilirdi. Hələ mülki həyatın tam bərpa olunmadığı şəhərdə belə bir möhtəşəm (sözün həqiqi mənasında!) festival təşkil eləmək hər dövlətin işi deyil. Bunu ancaq Böyük Dövlət bacarardı.


Əgər festivalın birinci günü Azərbaycandakı birliyin nümayişi idisə, ikinci gün keçirilən qala-konsert bu xalqın nələrə qadir olduğunu, potensialının dərinliyini, necə insanlar yetişdirdiyini və yetişdirəcəyini göstərirdi. Bir səhnədə akademik milli musiqidən tutmuş, muğama qədər möhtəşəm nümunələrinin səslənməsi, sözün həqiqi mənasında fantastik ifalar xalqın mənəvi qüdrətini, istedadının hüdudsuzluğunu, potensialını dünyanın gözü önünə sərirdi. Göstərirdi ki, biz təkcə müasir Ordumuza, cəsur əsgərimizə görə güclü deyilik. Biz Şuşaya təkcə silahla qayıtmamışıq. Biz bura Mədəniyyətimizlə dönmüşük. Cıdır düzündə qurulmuş səhnədə nümayiş etdirilən Azərbaycanın mənəvi-mədəni qüdrəti idi.

Proqram o qədər həssaslıqla və ustalıqla tərtib olunmuşdu ki, sanki əsrlər ərzində Azərbaycan mədəniyyəti məhz günlərin birində Şuşada parlamaq üçün inkişaf edibmiş və bu gün həmin gündür. Elə bil, Şuşanı əhatələyən dağlar da, Topxana meşəsindəki ağaclar da Azərbaycan musiqisinin ladına köklənmiş, rezonansına qoşulmuşdular. “Bayatı-şiraz”a minlərlə dəfə qulaq asmışıq, amma heç vaxt bu qədər təsirli səslənməmişdi. “Qarabağ şikəstəsi” heç vaxt Cıdır düzündə ifa olunan oratoriyadakı qədər möhtəşəm ucalmamışdı. “Koroğlu” üvertürası heç vaxt bu qədər təntənəli, “Azərbaycan” kapriççosu bu qədər əzmli, “Yeddi gözəl” baletinin məşhur fraqmenti bu qədər zərif eşidilməmişdi. Sanki musiqimiz də insanlarımızla bərabər həmin günü gözləyir, özünü həmin günə hazırlayırmış…


Şuşaya birbaşa və ya dolayısı ilə aid olan hər şey Şuşaya qaytarılmışdı: Xan Şuşunski, Bülbül, Cabbar Qaryağdıoğlu… Simvolik olaraq ruh bədənə qovuşdu, Şuşa dirildi, dirçəldi…
Və yeri gəlmişkən, həmin gün Şuşanın dağlarının başı dumansız idi. Sanki təbiət də simvolizmlər siyahısına öz əlavəsini etmək istəmişdi…

Heydər Əliyevin vaxtilə söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik!..” sözləri səslənəndə isə insan gözyaşları içində dərk edirdi ki, o, təkcə Milli Lider, Ulu Öndər yox, həm də Azərbaycançılıq ideologiyasının gələcəyi görən peyğəmbəri olub.

Şuşada səhnədə çağlayan musiqi yox, Azərbaycan ruhu idi. Döyüş meydanında Azərbaycanının ruhunun hərbi tərəfini göstərən Ali Baş Komandanın tövsiyəsi ilə Heydər Əliyev Fondu mədəniyyət meydanında mənəvi tərəfini ortaya qoydu. Sərt güc və yumşaq güc. “Dəmir yumruq” və “ipək yumruq”. Bu iki amilin vəhdəti Şuşanın daim Azərbaycan şəhəri qalmasını təmin edəcək. Çünki belə ruhu sındırmaq mümkün deyil.


Vüsal Məmmədov
Azvision.az


Teqlər: Şuşa   Xarıbülbül  





Xəbər lenti