Gənc alimlərin problemləri dinləniləcək

Gənc alimlərin problemləri dinləniləcək
  06 Mart 2014    Oxunub:1719
Gənc alim və mütəxəssislər şurası monitorinqlərə start verdi
AMEA Gənc alim və mütəxəssislər şurası akademiyanın institut və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, onlara yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemlərini dinləmək məqsədilə monitorinqlərə start verib.

Bu məqsədlə AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun rəhbərliyi ilə şura üzvləri Botanika İnstitutunun gənc alimləri ilə görüşüb.
Görüş çərçivəsində institutun Gənc alim və mütəxəssislər şurasının sədri Aida Dadaşova elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən danışaraq, gənc kadrlara önəm verildiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

F.Salmanov gündəlikdə duran məsələləri və Şuranın üzərinə düşən vəzifələri gənclərin nəzərinə çardırıb. Bildirib ki, AMEA prezidenti, akademik Akif Əlizadənin Azərbaycan elminin inkişafı naminə həyata keçirdiyi islahatların başlıca məqsədlərindən biri də gənclərin elmi fəaliyyətinin stimullaşdırması, onların elmin inkişafındakı rolunun artırılması, sosial rifahının yaxşılaşdırılmasıdır.
Monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev Şuranın qəbul etdiyi təkliflərin gənclərin elmi, intellektual inkişafında aparıcı rol oynayacağına ümid etdiyini bildirib.
Botanika İnstitutunun əməkdaşı, b.ü.f.d. Nuri Mövsümova gənclərin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi, Məlahət Hüseynova gənclər üçün nəzərdə tutulmuş yay-qış məktəblərinin təşkili, b.ü.f.d Rəşad Səlimov institutlarda xarici dil kurslarının həyata keçirilməsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Məhsəti Qurbanova gənc alimlərin elmi fəaliyyətinin nəticələrinin sosial şəbəkələrdə geniş təbliğinin təşkili və s. təkliflərlə çıxış ediblər.

Gənclərin sualları cavablandırılıb, təklif və tövsiyələr irəli sürülüb.

Daha sonra Şura üzvləri institutun direktoru, b.e.d, professor Validə Əli-zadə ilə görüşüblər. V.Əli-zadə gənc alimlərə rəhbərlik etdiyi institutun tarixi, elmi fəaliyyəti və istiqamətləri, beynəlxalq miqyasda aparılan elmi layihələr haqqında məlumat verib. O, Azərbaycanın gənc alimlərinin dünya elm məkanına inteqrasiya olunmasının Botanika İnstitutunun da başlıca hədəflərindən olduğunu bildirib.
Sonda Şura üzvləri institutun müasir avadanlıqlarla təchiz edilmiş Herbari Fondunun yeni herbari otaqları və materialları ilə tanış olublar.


Teqlər:  





Xəbər lenti