Danışan “mina”lar: Onları kimin basdırdığı aydın oldu

      Danışan “mina”lar:    Onları kimin basdırdığı aydın oldu
  07 İyun 2021    Oxunub:12482
Ötən həftənin sonunda iki jurnalistimizin Kəlbəcərdə minaya düşməsindən dərhal sonra antiazərbaycan şəbəkəsində qəribə bir aktivlik başladı. (Sanki) Komanda verilibmiş kimi, hamısı eyni anda hadisəni ya tamam başqa cür yozmağa, ya da günahı Azərbaycan hakimiyyətinin üzərinə yıxmaq (?!) üçün müxtəlif ehtimallar uydurmağa başladılar.
İlk danışanlardan biri şəbəkənin Avropadakı fəallarından Tural Sadıqlı oldu. O, utanıb-qızarmadan belə bir “versiya”nın üzərində təkid etdi ki, guya əslində jurnalistlərimiz minaya düşməyiblər, onların olduğu maşına ruslar raket zərbəsi endirib (Bu və haqqında danışacağımız digər faktların heç birinin videosunu paylaşmayacağıq, istəyən özü tapıb, baxa bilər, amma ümid edirik ki, heç kim istəməyəcək. Məqsəd onların ləyaqətsiz çıxışlarının yayılması deyil).

Bunun ağ yalan olduğunu anlamaq üçün xüsusi bir ağıl tələb olunmurdu. Faciənin videolarına baxanda baş verənin məhz mina partlayışı olduğunu anlamaq üçün ekspert bilikləri tələb olunmur. Üstəlik, Tural Sadıqlı həmin “versiya”nı səsləndirəndə hadisədən cəmi bir neçə saat keçmişdi. Aydın idi ki, burada heç bir “həqiqət”dən, “insayd informasiyası”ndan söhbət gedə bilməzdi. Bu və bütün sonrakı anoloji çıxışlarda aşkar hiss olunan iki məqsəd vardı:

1) Ermənistanı təmizə çıxarmaq;
2) Ya Azərbaycan iqtidarını suçlamaqla birbaşa, ya da rusları günahkar elan etməklə, dolayı yolla nifrət dalğasını Qarabağda rus sülhməramlıların yerləşdirilməsinə imkan yaratmış hakimiyyətin üzərinə yönəltmək.



Görünən bu idi ki, antiazərbaycan şəbəkəsinin üzvləri əsas missiyaları olan bu iki xətti həyata keçirmək üçün hətta jurnalistlərimizin şəhadəti faktından da utanmadan istifadə edəcək qədər vicdansızdırlar. Az sonra şəbəkənin “söyüş maşını” Qabil Məmmədovun da eyni fikri səsləndirməsi bu tezisin sifarişli olduğuna daha heç bir şübhə yeri qoymadı.

Hərçənd, məqsədin nə olduğu çox da gizli tutulmadı və tezliklə antiazərbaycançılar açıq oynamağa başladılar. Şəbəkənin Fransadakı üzvlərindən olan “bloger” Məhəmməd Mirzəli Ermənistanın “civilnet” saytına müsahibəsində hadisəni “Prezident Əliyevin növbəti təxribatı” (?!) adlandıraraq, belə iddia irəli sürdü ki, guya Azərbaycan hakimiyyəti bununla Ermənistanla sülhün əldə olunmasına əngəl törətməyə çalışır.

Savadsızlıq və mövzudan bixəbərlik özünü hərifin hər hərfində göstərirdi: Sülh müqaviləsinin imzalanmasından hər bəhanə ilə qaçan tərəf Ermənistan olduğu halda, söhbət hansı sülhü əngəlləməkdən gedir? Bəlkə, Ermənistan sülh müqaviləsi imzalamağa razılıq verib, bizim xəbərimiz yoxdur?

Bu “versiya”nın məhz Ermənistan siyasətinin ideoloji arqumentlərlə təminatına xidmət edən “civilnet” saytına müsahibə zamanı deyilməsi baş verənlərin mahiyyətini anlamağa çox kömək edir.



İrəli getdikcə, siyasi-ideoloji xətt də dərinləşir: “Aktivist” Anar Məmmədli belə bir təklif səsləndirdi ki, atəşkəsə nəzarət mexanizmi üçün erməni icmasının yaşadığı bölgələrdə yeni keçid-buraxılış məntəqələrinin yaradılması və sərhədboyu ərazilərdə ATƏT-in Minsk qrupu monitorlarının qurulması zəruridir.

Bu təklif sizə nəyi xatırlatdı? Sərhəddə gərginlik artanda, Qaragöl təxribatından sonra ATƏT-in Minsk Qrupunun üzvlərinin (söhbət Fransa və ABŞ-dan gedir) sərhəd bölgəsində vəziyyətə nəzarət etməsi fikrini Nikol Paşinyan səsləndirmişdi. Hazırda Ermənistan hakimiyyəti bu mövzu üzərində öz oyununu qurmağa çalışır və görünən budur ki, bəzi azərbaycanlı “blogerlər” də prosesdə iştirak edirlər.

Amma dəhşətlisi odur ki, hətta ən mənəviyyatsız insanlar üçün də hansısa sədlər olmalıdır. Məsələn, iki jurnalistin faciəli şəhadətindən vasitə kimi istifadə etmək mənəviyyatsızlığın yolverilməz həddidir. Əslində müəyyən kütləyə çıxışı olan hər bir azərbaycanlı bu faktı əsas götürərək, dünyanı Ermənistana təzyiq göstərməyə səsləməlidir. Bunu etmirsə, sadəcə, kədərini bölüşmək, onu da eləmirsə, susmaq mümkündür. Amma belə bir ağır mövzudan da öz ölkəsinin hakimiyyətinə qarşı “arqument” düzəltməyə çalışmaq insanlığa sığmır.

Lap insanlığı da bir kənara qoyaq. Bunların hamısınnın dediklərindən belə çıxırdı ki, jurnalistlərin həlak olmasının günahı ya Rusiyada, ya da Azərbaycandadır. Bir dəqiqə… Bəs Ermənistan?
Bu qədər açıq oynadıqlarına görə bir anlıq antiazərbaycan şəbəkəsinə təşəkkür etmək istəyərdik, amma onlara təşəkkür düşmür.

Tariyel Həsənov
Azvision.az


Teqlər: Feyk   Antiazərbaycan-şəbəkəsi  





Xəbər lenti