AzVision.az-ın sorğusuna fərqli reaksiya

AzVision.az-ın sorğusuna fərqli reaksiya
  11 Mart 2014    Oxunub:1074
AzVision.az saytının keçirdiyi “Müstəqillik dövrünün ən yaxşı 3 şairi kimdir?” sorğusunun nəticəsinə bəzi iştirakçılar münasibət bildiriblər. Sorğunun nəticəsinə münasibət birmənalı olmayıb
Elxan zal Qaraxanlı: “Azvision.az saytı gənc yazar Emin Piri adından şair sorğusu keçirib. Məncə, bu sayt ədəbiyyat sahəsində təcrübəsiz bir saytdır və keçirdiyi sorğularla manipulyasiya edir. Emin Piri gəncdir, dostumun oğludur, amma belə gənclərin əxlaqını elə başlanğıcda pozmaq olmaz. Adicə mənim verdiyim cavablarda Emin özünü Səlim Babullaoğlu və İbrahim İlyaslı kimi tanınmış şairlərdən yuxarıda yazırsa, bu ən azından nadanlıqdır.”

Ramil Əhməd: “Bütün sorğular şərtidir. Sorğuda hər kəs öz fikrini bildirib. Düşünürəm ki, bunu aqressiya ilə qarşılamaq lazım deyil. Bu sorğunun nəticələri ölçü deyil. Mən Salam Sarvan və Qulu Ağsəsin ilk yerləri tutmasına normal yanaşıram. İstənilən halda belə bir sorğunu müsbət qarşılayır və yenə öz seçimimdə qalıram. “

İradə Aytel: “Ədəbiyyat nümayəndələri arasında keçirilən bu sorğuda əslində iştirak etməyəcəkdim. Bu gün ədəbiyyatda və ümumiyyətlə mediadakı qruplaşmalardan hamımız xəbərdarıq. Hansısa pullu iş adamının mətbuatı əlinə alması və dünən müxalifətdə “at oynadan” yazarların atının yox, özünün başının noxtalanaraq istənilən səmtə haylandığı hamımıza məlumdur. Və hamımız onu da bilirik ki, o noxtalıların əlinə imkan düşüb ki, özləri özlərini reklam edərək gündəmdə olsunlar, kütləyə yazıçı, şair, jurnalist və s. kimi sırınsınlar. Bax, elə buna görə mən də sorğuda iştirak etdim. Bilirdim ki, mənim adını çəkdiklərimi kimsə yada salmayacaq. Ona görə ki, mənim adını çəkdiklərimin “kreslosu”, kreslolularla dostluğu yoxdur. Lakin onu da bilirdim ki, mən vicdanım qarşısında da suçlu olmayacam. Mərkəzdəkilər kənarı görməsələr də, mən əla bilirəm ki, Elşən Əzim çoxlarına meydan oxuyacaq şairdi, Bəxtiyar Hidayət şairdi, Kənan Hacı şairdi. Sorğudakı cavablar çox gülməlidir. Özümü də ideal cavabçı sanmıram! Nəticə ilə razılaşıb-razılaşmadığımı demirəm, lakin Salam Sarvanın adını mən də çəkərdim, amma niyəsə mən onu müstəqillikdən əvvəlin yazarı bilirdim...”




Teqlər:





Xəbər lenti